Türkiyədə ilk dəfə keçiriləcək birbaşa prezident seçkiləri ilə bağlı geri sayım başlayıb. Təxminən bir ay sonra 80 milyonluq toplum qarşıdakı 5 ildə ölkə sükanı arxasında duracaq şəxsi mandatla görəvləndirəcək.
Bu seçkinin ikinci böyük özəlliyi regionda mürəkkəb proseslərin getdiyi dövrə təsadüf eləməsidir. Qardaş ölkəyə belə vəziyyətdə kim liderlik edəcək? Artıq əsas rəqiblər məlumdur. Müxalifətin vahid namizədi professor Ekmeleddin İhsanoğlu hakimiyyətin ən güclü iddiaçısı, baş nazir Rəcəb Tayyib Ərdoğana qarşı durmalı olacaq.
Hələlik ilkin rəy sorğuları Ərdoğanın irəlidə olduğunu göstərir. Uzun illər hakimiyyətdə olması və dövlətin inzibati rıçaqlarına yaxınlığı, seçki dövründə belə baş nazir postundan uzaqlaşmaq istəməməsi təbii ki, ona startda müəyyən avantajlar qazandırır. Amma bu seçkidir, özü də azad və ədalətli seçki. Belə seçkilərdə düzgün, effektli təbliğat həlledici ola bilir.
Məsələ ondadır ki, çox işləyənin nöqsanı, yanlışı da çox olur. Müxalifətin əks-təbliğatda əsas işi də mənfiliklərdən yapışmaq deyilmi? “Təmiz aday” İhsanoğluna bunu yapmaq çətin olmayacaq – üstəlik, ana müxalifət yanında ola-ola.
Ərdoğanın üzləşəcəyi başqa ciddi əngəl “bağlı boxça” namizəd İhsanoğölunu “sındırmaq” olacaq. Bacaracaqmı? Söyləmək çətindir. Çünki ictimai rəyi dəyişmək asan deyil. İctimai fikir isə baş nazirin namizədliyini heç də birmənalı qarşılamayıb. Sosial şəbəkələrdə gedən şərhlərdən təqribən belə qənaət formalaşır ki, ziyalı və intellektual kəsim onun seçilməsinin Türkiyəni “zülmətə soxacağı”ndan narahatdır. Halbuki, AKP iqtidarı Türkiyə üçün az iş görməyib.
İş də ondadır ki, siyasətdən, idmandan, sənətdən vaxtında getmək lazımdır ki, xalqın yaddaşında zirvədə olduğun vaxt haqq elədiyin imiclə qala və anılasan, nəinki yaxşılıqlarını da yandırıb neqativ adla gedəsən. Ərdoğan isə deyəsən, hakimiyyətdə qədərindən çox ləngiyir. Lakin izafi hakimiyyət hərisliyi heç bir liderin elektoratını böyütməyib, əksinə – kiçildib.
Baş nazirin uğurunun önündə duran digər real maneə professorun onunla az qala ortaq elektoratı bölüşdürməsi, üstəlik, dini cameənin Ərdoğandan küsən mühüm kəsiminin səsinə iddia eləməsidir. Bu elektorat Ərdoğan üçün itirilib (AKP namizədi tutaq ki, Abdulla Gül olsaydı itirilməyəcəkdi). Üstəgəl, müxalifətin vahid namizədi kimi İhsanoğluna qeyri-dini elektoratın, cümhuriyyətçilərin dəstəyi.
Əlbəttə ki, Ərdoğan tez sınan “qoz”lardan” deyil. Güclü xarizması, natiqliyi, cəmiyyətin nəbzini tutma bacarığı və siyasi təcrübəsi, o sırada uğurlu idarəetmə və təşkilatçılıq qabiliyyəti 1-ci turda olmasa da, ikinci turda onun qələbəsini təmin edə bilər. Amma nə olsun? Türkiyə cəmiyyəti ölkə lideri qismində az təcrübəli də olsa, artıq təzə sima arzulamağa köklənib. Bu, dialektikanın qanunlarındandır: toplum bəzən kumirindən də bezir, müəyyən zaman kəsiyi üçün onu hətta görmək istəmir.
Təəssüf ki, cəmiyyətin mənəvi nəbzini tutmaqda Ərdoğan zəifdir. Avtoritar təfəkkürlə demokratik düşüncə tərzinin əsas fərqi də ondadır ki, ikinci halda siyasətçi öz dəyərini, şansını istismar eləmir, bir dəfəyə yandırmır, sonrakı dönəmlərə də saxlayır. Yəni yenə zamanında siyasətdən getmək, yaxud “ağ qoşa” qoymaq məsələsi.
Söz gəlişi, şəxsən mən uzun müddət Ərdoğana simpatiya bəsləmişəm. Təkcə ona görə yox ki, o həm də modern islamın parlaq nümayəndələrindəndir. Həm də o səbəbə ki, güclü, praqmatik siyasətçidir, hər cür qüsurlara rəğmən, Türkiyəmizi qabağa aparmağı bacarmış şəxsdir. Ancaq sadalananların heç biri hakimiyyətdən dördəlli yapışmağa əsas vermir.
Ərdoğanın müvəqqəti kənara çəkilməsi və ya müxalifətə keçməsi isə bişəkk, partiyasının da imicinə əvəzsiz xallar gətirərdi. Ən əsası, siyasətçi, lider kimi onun bitməsini önləyərdi.