Azərbaycanda korrupsiya nə qədər dərinə kök atsa da, ordumuz hər halda, ilbəil güclənir, onun texniki təminatı yaxşılaşır. Sözsüz ki, hərbi qüdrətimiz indikindən qat-qat böyük ola bilərdi, əgər ordu sahəsində görülən işlərdə minimum şəffaflıq gözlənilsəydi, qardaş Türkiyənin təcrübəsindən lazımınca istifadə olunsaydı.
Bununla belə, Azərbaycan hazırkı silahlı qüvvələri və hərbi hazırlığı ilə də regionda ön mövqedə qərar tutmağı bacarıb. Bunu əcnəbi hərbi ekspertlər, o sırada rusiyalı analitiklər də təsdiqləyir. Onlar xüsusən də ölkəmizin son illər öz hərbi parkını müasir sistemlər və döyüş maşınları hesabına yaxşılaşdırmasına diqqət çəkərək, Ermənistanın Azərbaycanla müharibədə qələbə şansının olmadığını qeyd edirlər. Bu yaxınlarda moskvalı hərbi icmalçılardan biri erməni mətbuatına müsahibəsində elə beləcə də söyləmişdi ki, Rusiya faktoru olmasa, Azərbaycan Qarabağ məsələsini bir həftəyə çözər.
Bu sözlər difiramba xətrinə və ya rəsmi Bakını savaşa şirnikləndirmək üçün deyilməyib. Dünyadakı nüfuzlu hərbi analitik mərkəzlər də iki ölkənin göstəricilərini vaxtaşırı müqayisə edərək üstünlüyü Azərbaycana verirlər. Demək, hazırkı ordumuzla da işğal altındakı torpaqları azad edib ərazi bütövlüyümüzü qısa zamanda bərpa eləmək imkanına sahibik.
Ancaq eyni zamanda bu qəbildən rəy və dəyərləndirmələr bizi arxayınlaşdırmamalıdır. Ona görə ki, Azərbaycan işğala məruz qalan tərəf kimi məhz hücum ordusuna malik olmalıdır. Ekspertlərə görə, hərbi qüdrətimiz düşməndən heç olmasa 3 dəfə üstün olmalıdır ki, uğurlu və çevik əməliyyatlar apara bilək. Dağlıq Qarabağ və ətraf rayonların mürəkkəb relyefini nəzərə alanda göstəricinin azı 5 dəfə olması zərurəti yaranır.
Təbii ki, müharibədə insan faktoru da mühüm önəm kəsb edir. Ordudakı bir çox qüsurlara rəğmən ümid edək ki, hərbi qələbənin təminatı üçün bu şərt də pis-yaxşı təmin olunub. O ki qaldı silahlı qüvvələrimizin hərbi-texniki təchizatına, bu göstəricinin də yetərincə normal olduğu qənaətindəyik. Sözgəlişi, yaxınlarda israilli hərbi yazarlardan biri hərbi mənbələrə istinadən belə bir fikir söyləmişdi ki, İsrail Azərbaycana hətta Rusiyaya, Çinə imtina elədiyi müasir silahlar verir.
Sevindirici haldır ki, Azərbaycan silahlı qüvvələrinin anklav Naxçıvandakı əlahiddə birləşməsi də kifayət qədər yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Bu, o anlama gəlir ki, müharibə variantında Ermənistan Naxçıvan tərəfdən də sarsıdıcı zərbə ala bilər. Yəni çəkindirici amil məsələsi.
Təsadüfi deyil ki, “kiçik topraq”da prezident İlham Əliyevin də müşahidə apardığı hərbi təlimlərin keçirilməsi, Naxçıvanla Ermənistanın sərhədində isə erməni hərbçilərin öldürülməsi ilə müşayiət edilən son olaylar düşmən tərəfi bərk narahat etməkdədir. Erməni şərhçilər uzun illər sakitlik hökm sürən “Naxçıvan cəbhəsində” Azərbaycan tərəfinin ilk dəfə olaraq belə fəallaşdığını həyəcanla vurğulamaqdadırlar.
Diqqətçəkəndir ki, ordunun güclənməsi ölkə siyasi rəhbərliyinin ritorikasında da özünü göstərməkdədir. Əslində Azərbaycan ritorikadan çox, neçə vaxtdır işğalçıya konkret güc nümayiş etdirməkdədir. Ali Baş Komandan isə təcavüzkar ölkəni tez-tez hərbi təlimlərin keçirildiyi cəbhə bölgəsindən, Naxçıvandan hədələyir, nəinki Bakıdan. Bu, artıq yeni situasiyadır, ritorikadan o yana olan və düşmən kürkünə birə salan situasiya.
Düşmənin həqiqətən əndişə keçirdiyini isə az öncə Bakıda NATO PA-nın tədbirinə qatılan erməni politoloqu Riçard Kiraqosyanın dilindən də eşitdik. Kirakosyan demişdi: “Hazırda Qarabağ ciddi təhlükə mənbəyidir. Vaxt heç kimin lehinə işləmir. Bu münaqişədə nə qalib var, nə də məğlub”. Halbuki, erməni təbliğat maşını illərdir belə bir fikri tirajlayır ki, Ermənistan müharibənin qalibidir və problem də bu “reallığa” əsasən çözülməlidir.
Demək, erməninin də ritorikası dəyişib. Dəyişməliydi də. Qalır bircə 20 ildən çox torpaqlarımızı işğal altında saxlayan düşmənə layiqli cavab vermək üçün əlverişli fürsətin və şərtlərin yetişməsi, yaxud yetişdirilməsi. Bu isə diplomatiyamızın və daxili siyasətin davamı sayılan xarici siyasətimizin işidir.