Prezidentin AŞ PA-dakı çıxışı ölkə daxilində və onun xaricində birmənalı qarşılanmadı. Səbəblər çeşidlidir və onların özünü göstərməsi gözlənilən idi. Ancaq qəribədir ki, hakimiyyət həmin səbəblərin özünü göstərməməsi üçün gərəkən heç nə etməmişdi. Əksinə, Strasburqdakı çıxış ərəfəsində yeni tənqidlərə əsaslar yaradılmışdı. Siyasi məhbusların azad edilməməsi o sırada ən güclü motiv idi təbii ki.
Əlbəttə ki, Azərbaycan prezidentinin Dağlıq Qarabağ, Ermənistanın işğalı məsələsində fikirləri tam yerində, korrekt, uğurlu idi və hədəfə dəymiş sayıla bilər. Əfsus ki, ölkə daxilindəki bəzi sərt reallıqlar çıxışın effektinə, uğuruna ciddi kölgə saldı.
Bu da ona görə oldu ki, Azərbaycan hələ də demokratik inkişaf yoluna çıxa bilməyib, hüquqi-demokratik dövlət deyil. O üzdən bizim haqq səsimizi, düz sözümüzü də sivil dünya lazımınca ciddiyə almır, dərdimizə şərik çıxmır.
Beləcə, bir daha məşhur qənaət öz təsdiqini tapmış oldu ki, xarici siyasət daxili siyasətin davamıdır. Yəni daxili dayaqlar zəifdirsə, ölkə içində hakim qüvvənin legitimlik problemi varsa, xarici siyasətdəki uğurlar da sanballı görünməyəcək. Ələlxüsus, XXI əsrdə – dünyanın antidemokratik rejimlərlə üzülüşməyə doğru getdiyi zamanda.
Məsələ də ondadır ki, Azərbaycan iqtidarının böyük güclər arasında apardığı balanslı xarici siyasəti doğrudur və hələ ki, səmərə verir. Ancaq deyildiyi kimi, xarici siyasət daxili siyasətin davamı sayıldığından, uğursuzluqlar və uğurlar daima qarşılıqlı olacaq.
Daxili siyasətdə isə problemlər kifayət qədərdir. Onları gizlətməyə, kamifulyaj eləməyə nə hacət? Bütün dünya bu problemlərdən Qarabağ problemi qədər xəbərdardırsa, illərdir internet əsrində yaşayırıqsa, dünya balacalaşıbsa, özümüzü niyə aldadırıq ki.
İndi necə olur, AŞ PA-nın Ermənistanın işğalı ilə bağlı 2004-cü ildə qəbul elədiyi qətnaməni alqışlayır, yüksək tribunadan quruma təşəkkür edirik, amma və lakin həmin təşkilatın ölkəmizdə insan haqlarının, təməl azadlıqlarının acınacaqlı durumuna dair iradlarını süngü ucunda qəbul edir, qərəzli sayır, hətta ermənilərin işi olduğunu bəyan edirik?
İllərdir nüfuzlu beynəlxalq təşkilatlar yanlışlıqlarımızı sadalayır, üstümüzdəki qüsurları göstərir. Bizsə tənqid deyən ünvanlara minnətdarlıq edib qüsurları aradan qaldırmaq əvəzinə, az qala basıb onların gözünü çıxaraq. Tənqid, irad dostlar üçün deyil ki? Unutmayaq, mövqe dişsiz olanda, düz söz də kəsərini itirir.
Sonra. Azərbaycan dövləti bütün azərbaycanlılar üçün əzizdir. Harada yaşamasından asılı olmayaraq əminəm ki, heç bir soydaşımız, o cümlədən siyasi müxalifət onun cılız, gücsüz görünməsini istəməz. Elə isə niyə vəziyyət o həddə çatdırılır ki, azərbaycanlı emiqrantlar prezident çıxış etdiyi dəqiqələrdə elə həmin zalda insan haqları pozuntularına etiraz olaraq aksiya keçirməli olurlar? Bu da ermənilərin “əl işi”dir? Gözümüzdəki tiri nə vaxt götürəcəyik?
Azərbaycan Avropa Şurası ölkələri arasında tək-tük, bəlkə də yeganə dövlətdir ki, burada müstəqil jurnalistin (Elmar Hüseynov) qatili və qətlin sifarişçiləri 9 ildir azadlıqda gəzirlər – cinayəti açmaq üçün ipucular, faktlar qədərindən artıq ola-ola. Demokratik ölkədə belə şey mümkünmü? Hüquqi-demokratik dövlətdə jurnalistləri linç edənlərin cəzasız qalması mümkünmü?
Bəs gənc həmkarımız Fərahim İlqaroğlunun döyülməsi necə olsun? İndi döydürən hansısa nazirin qohumudur deyə, hüquq zorlanmalıdır? Avropa, dünya da onu deyir də – zorlanmamalıdır! O zaman nəyə və niyə qıcıqlanırıq?
Yaxud sivil dünyanın haqlı olaraq anlamadığı belə bir hökm ki, “Azərbaycanda müxalifət zəifdir, bu ona görə deyil ki, hakimiyyət onlara basqı yapır, ona görə ki, xalq onları dəstəkləmir”.
Müxalifətə basqı göstərilməyən, onun konstitusion fəaliyyət imkanları əlindən alınmayan, seçkilər saxtalaşdırılmayan bir ölkə göstərin ki, orada müxalifət zəifdir. Varmı? Yox. Demokratik ölkələrin müxalifəti də güclü olur. Və ya müxalifət o ölkədə zəifdir ki, orada avtoritar idarəçilik, diktatura hökm sürür.
Güclü hakimiyyət zəif rəqiblə yox, güclü rəqiblə öyünər. Bu qədər bəsit həqiqət.