Müxalifət baş naziri onun öz “silahı” ilə vura biləcəkmi…
Türkiyə tarixində ilk dəfə keçiriləcək birbaşa prezident seçkilərinə iki aydan da az vaxt qaldı. Qardaş ölkədə qızmar yayın istisi üzərinə seçki marafonunun gətirəcəyi güclü siyasi hərarəti də əlavə eləsək, qarşıdakı iki ayın gedişatını təsəvvür eləmək çətin deyil.
Seçkilərdə əsas rəqiblər, demək olar, bəllidir. İqtidarın namizədi rəsmən elan olunmasa da, bu, böyük ehtimalla, baş nazir Rəcəb Tayyib Ərdoğan olacaq. Bu arada birləşmiş müxalifət də ortaq namizədini müəyyən edib: hakimiyyətin güclü namizədinə qarşı İslam Konfransı Təşkilatının (İKT) ötən ilədək rəhbəri olmuş, ilahiyyatçı Ekmeleddin İhsanöğlu mübarizə aparacaq. İhsanoğlu artıq təklifi qəbul edib.
Siyasi müxalifətin məhz 70 yaşlı bir din adamına, ictimai xadimə stavka eləməsini bir neçə aspektdən uğurlu seçim saymaq olar. Ən birinci faktor Ekmeleddin bəyin nüfuzlu ilahiyyatçı olaraq AKP-ni ənənəvi elektoratını parçalaya bilməsidir. Bunu bir başqası deyil, məhz dini cameənin tanınmış namizədinin edə biləcəyini izahlamağa yəqin ki, lüzum qalmır.
Bu xüsusda müxalifətin Ərdoğanı öz “silahı” ilə vurub məğlub eləmək istəyi tamamilə anlaşılandır. Unutmayaq ki, Türkiyə toplumu mənəvi məsələlərə həmişə ciddi həssasiyyatı ilə seçilib.
Maraqlıdır ki, İhsanoğlunun özünün İKT baş katibliyinə namizədliyi vaxtilə AKP verib. Odur ki, bəzi skeptiklər onun müxalifətin uğurlu vahid namizədi olacağına şübhə edirlər. Lakin bu, zahirdə belə görünə bilər. Çünki “su qaba düşdü, oldu içməli”. Ayrı sözlə, İhsanoğlu kiminlə qarşı-qarşıya gələcəyini, kimə əsas rəqib olacağını yəqin ki, ölçüb-biçəndən sonra qərarını verib. Demək, sərt rəqabətin bütün şərtlərinə özünü hazır hiss edib.
Bu mənada bioqrafiyasındakı məlum detal çətin ki, onun ziyanına işləsin. İhsanoğlunun son illər ictimai dayaqları hiss ediləcək dərəcədə zəifləmiş hakim qüvvəyə reveransı bu mənada ağlabatan deyil. Bura əlavə edək Ərdoğnanın dərin ixtilafda olduğu Gülən camaatından birləşmiş müxalifətin namizədinə məmnuniyyətlə veriləcək real dəstəyi.
Sadalanan avantajları, – müxalifət üçün tənqid həmişə asan olub, – hesaba alanda yaxın keçmişi və bioqrafiyası kirlənməmiş, uzun müddət parlaq ictimai fəaliyyəti ilə seçilmiş, islam dünyasında pozitiv imic qazanmış (onun tanınmadığını söyləmək yanlış olar), korrupsiya və böyük qalmaqallarda adı heç vaxt hallanmamış İhsanoğlunun yetərincə uğurlu təbliğat kampaniyası apara biləcəyini söyləmək olar.
Qaldı iki aylıq müddətin az olması kimi iddialara, siyasətdə kəmiyyət həmişə ikinci dərəcəli rol oynayıb. Ölkə gündəmini bir gündə, qəfildən dəyişən o qədər liderlər olub ki. Qəfil parlayıb ortaya çıxanlar da elə. Ötə yandan, vahid namizədə Türkiyənin ana müxalifət partiyası CHP və MHP kimi böyük potensiallara malik partiyalar hərtərəfli siyasi, təbliğati, təşkilati və maliyyə dəstəyi göstərəcək.
İndi əgər Azərbaycan kimi avtoritar, azad və ədalətli seçkilərin keçirilmədiyi ölkədə heç bir partiyanın üzvü olmayan professor Cəmil Həsənli ay yarımın içində müxalifətin vahid namizədi qismində meydana çıxıb gündəmi dəyişə, uğurlu kampaniya aparıb narazı xalqın əsas namizədinə çevrildisə, Türkiyədə niyə olmasın? Pessimist proqnozlara rəğmən, iki aylıq müddət Türkiyə kimi demokratik seçki ənənəsi olan ölkədə qətiyyən kiçik müddət sayılmaz…
İki ayda ölkədə, regionda, dünyada o qədər hadisə baş verə bilər ki. Yerdə qalanlar namizədin öz şəxsi keyfiyyətlərindən, siyasi bacarığı və fəhmindən, xarizmasından, elektoratı ələ almaq və natiqlik qabiliyyətindən asılı olacaq.
Sayın İhsanoğlu bunu yapacaq gücdədirmi? Bir çoxlarının ümid elədiyi kimi, Türkiyənin taleyini o, dəyişə, Ərdoğan erasının sonunu gətirə biləcəkmi, yoxsa “Ərdoğanla yola davam” deyiləcək?
İki ay gözləyək.