Rusiya diplomatiyasının ən ağır toplarından hesab olunan xarici işlər naziri Sergey Lavrovun Bakı səfərinə sayılı günlər qaldı. Siyasi təhlilçilər onun Azərbaycana nə üçün gələcəyi, çantasında nələrin olacağı və nə ilə geri qayıda biləcəyini artıq təxmin ediblər.
Bakıdan az sonra İrəvana yollanacaq Lavrov Azərbaycan hakimiyyətinə Putinin SSRİ-nin yeni formatına çevriləcək Avrasiya İttifaqına qoşulmağa çağıran dəvətini rəsmən çatdıracaq və bu dəvətin qəbulunun çətin olduğunu ciddiyə alıb bəzi şirnikləndirici təkliflər verəcək. Alınmazsa, Bakıya qarşı ənənəvi hədə tonu işə düşəcək.
Söhbət öncəliklə Qarabağ nizamlanmasına dair rəsmi Moskvanın hansısa formal, mümkün ki, həm də ikibaşlı, qeyri-müəyyən təklifindən gedir. Kreml böyük ehtimalla bunu Azərbaycana mühüm güzəşt qismində “upakovka” edib sırımağa çalışacaq. Bəs biz?
İndi nə edək, Kremlin “qamçı” ucunda bizə uzatdığı Qarabağ “kökəsi”ni götürəkmi? Moskvanın növbəti Qarabağ vədlərini ciddiyə alaqmı? Budapeşt sazişi ilə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi yazılı zəmanətə bir günün içində tüpürən Kremlə bel bağlamaq mümkünmü?
Ümumiyyətlə, Rusiyaya inanaqmı? İnanmağa əsaslarımız necə, varmı? Saxta “erməni soyqırımı”nı parlament səviyyəsində tanıyan ölkələrdən biri olan Rusiya Ermənistanı atıb bizi tutarmı?
Sıralanan bu tip sualların cavabı yaxın 200 ilin acı tarixində var və hamısı da neqativdir. Uzağa getməyə nə lüzum. Rusiyanın könlü olsaydı, Ermənistanla Azərbaycanın eyni qurumda təmsil olunduğu MDB formatı çərçivəsində bu problemi çoxdan yoluna qoyardı.
Amma 23 ildə çırt da olmayıb. Əksinə, bu müddətdə bir neçə dəfə problemin həllində irəliləyiş şansı yaranan kimi Moskva dərhal təxribata əl atıb, Ermənistanda hakimiyyət çevrilişini həyata keçirib (1997), işğalçı ölkənin parlamentini gülləbaran etdirib (1999).
Azərbaycandakı bəzi rusofillər də Rusiyanın bizə dünya qiymətinə silah-sursat satmasından təsirlənərək bunu iki tərəf arasında strateji müttəfiqlik, hətta Dağlıq Qarabağ məsələsində Kremlin xeyrimizə yumşalması kimi qələmə verməyə cəhd edirlər. Gerçəkdə isə belə şey yoxdur, ola da bilməz. Sadə səbəblərdən.
Əvvəla, Qərbin sanksiyaları ilə üzləşən Kreml bu yolla bir yandan öz kasad büdcəsini varlı Azərbaycanın hesabına zənginləşdirirsə, ikinci yandan Ermənistanın daha güclü qorxu altında saxlayır ki, sonuncu heç vaxt Qərbə sarı boylanmasın. Moskva eyni zamanda forpostu Ermənistanı Azərbaycanın ayağına da vermir. Ona da silah verir – lakin daxili bazar qiymətləri ilə. Bəzən isə bağışlayır.
Azərbaycana gəlincə, rəsmi Bakı iri həcmli silah ticarəti ilə “şimal ayı”sının qəzəbindən qismən sığortalanmış olur… Amma ən önəmlisi ayrı şeydir. Odur ki, Rusiya Azərbaycana müasir zirehli texnika, T-90 tankları satırsa, Ermənistana da eyni hərbi maşınlar və T-90-ları məhv eləmək üçün (!!) “Xrizantema C”, “Hermes” tank əleyhinə komplekslər ötürür. Belə bir ölkənin Qarabağ məsələsində səmimiliyinə inanmaq mümkünmü?
Maraqlıdır ki, Rusiya üstəlik, münaqişə tərəflərini, ələlxüsus Bakını müharibədən çəkindirən mesajlar göndərir. Ona görə ki, yeni Qarabağ savaşı bir sıra obyektiv səbəbdən hələlik ona sərf eləmir. Yaxşı, bahalı hərbi texnikanı ərazilərimizin azad edilməsi üçün işlətməyəcəyiksə, o zaman niyə alırıq? Nə üçün Rusiya büdcəsinə milyardlarla dollarlıq ödəmələr etməliyik?
Bu sualın da cavabı var: Kreml Azərbaycana və Ermənistana qarşı “qamçı və kökə” siyasəti aparır. Ancaq bu siyasəti daha cilalanmış formada, məkrli şəkidə davam etdirir. Rusiya rəsmilərindən birinin az öncə “Azərbaycan bizim strateji müttəfiqimizdir” deməsi də rəsmi Bakıya reveransdan, xoş məramdan daha çox, eyni siyasətin tərkib hissəsidir.
Tələyə pendiri, lap olsun kökəni elə-belə qoymurlar…