Vladimir Putin imperiya manyakı olaraq, “yeni SSRİ”nin təməlqoyma mərasimindən, deyəsən, xeyli məmnun qalıb. Ancaq o, böyük ölçüdə tələsir. Nədən ki, Rusiya nə xarici siyasətdə, nə də yaxın qonşulara münasibətdə və birlik-ittifaq məsələlərində heç vaxt səmimi olmayıb, hazırda da səmimi deyil.
Moskva heç cür həzm edə bilmir ki, istənilən uzunömürlü ittifaqın əsas şərti qarşılıqlı etimad və bərabərhüquqluluq prinsipidir. Bunlar yoxsa, o zaman birliklərin, ittifaqların yalnızca adı qalacaq tarixdə. MDB kimi. Həmin bu MDB yarandığı gündən öz daxilində nəinki etimad böhranı yaşayır, hətta burada bir üzv dövlət (Ermənistan, Rusiya) digər üzv dövlətin (Azərbaycan, Ukrayna) ərazisini işğal altında saxlayır!..
Avropa Birliyi (AB), NATO ölkələri arasında belə şey mümkünmü? Əsla. Bu iqtisadi, siyasi-hərbi ittifaqlar elə ona görə möhkəm, nüfuzlu və dünyada söz sahibidirlər ki, böyük-kiçikliyindən asılı olmayaraq, məhz üzv-ölkələrin bərabərhüquqluluğu və bir-birinə dərin qarşılıqlı hörməti üzərində təşəkkül tapıb; burada bir dövlət başqa üzv dövlətə diktə edə bilməz, uzaqbaşı xahiş-minnətdə bulunar. AB-də, NATO-da böyük-kiçik qardaş söhbəti, Rusiya timsallı hansısa iri dövlətin “maniya veliçiya” kompleksi də yoxdur.
O üzdən sabah belə birliklərin ləğvi, ölkələrin oradan ayrılma, qopma prosesi birləşmə kimi dinc, ağrısız reallaşacaq. Amma guya SSRİ də bərabərhüquqlu respublikaların könüllü birliyi idi. Sovet Konstitusiyası müttəfiq respublikaya ittifaq dövləti tərkibindən sərbəst çıxmaq hüququ da tanımışdı.
Gəl ki, Sovet İttifaqının “tikişlər üzrə” söküşü, çöküşü olduqca ağrılı, faciəli, qanlı-qadalı oldu. Şöküşün yaraları hələ də qan verir. Niyə?
Ona görə ki, SSRİ gerçəkdə müstəqil dövlətlərin könüllü ittifaqı deyildi, kağız üzərində mövcud olan, Moskvanın diktəsi ilə və zorən qurulan, Rusiyanın hegemon olduğu süni siyasi konqlomerat, Rusiya imperiyasının növbəti və daha mədəni forması idi. Çünki SSRİ tərkibində Rusiya yerdə qalan “qardaş” respublikalara ikinci sort ölkələr kimi baxırdı.
Hələ də elə baxır. Krımın dünyanın gözü qarşısında həyasızcasına Rusiyaya birləşdirilməsi buna parlaq sübutdur. İndi bütün bunlardan sonra da Putinin durub Avrasiya İttifaqını suveren dövlətlərin könüllü ittifaqı kimi qələmə verməsi, yumşaq yazsaq, siyasi riyakarlığın zirvəsi sayıla bilər…
“Yeni SSRİ”də də Rusiyanın dominant olacağını isə təkcə bir faktor əyani şəkildə təsdiqləyir: diqqət edin, Moskva Avrasiya Birliyinə öz suveren qonşusundan – Ukraynadan qopardığı ərazi ilə (Krımla) birgə daxil oldu və digər iki təsisçi – Qazaxıstanla Belarus buna etiraz bildirmədi, hətta qorxularından Krımın ilhaqını təqdir elədilər, Ukraynanı haqsız çıxardılar. Absurd?
Absurd. Halbuki məntiqlə işğal işğaldırsa, o zaman Ermənistanın zəbt elədiyi Dağlıq Qarabağla birgə Avrasiya İttifaqına qoşulmasına da Astana və Minsk mane olmamalı idilər. Amma oldular. Ona görə yox ki, Azərbaycan buna qarşı idi. O səbəbə ki, Rusiya hegemon, Ermənistan isə vassal dövlətdir.
Elə Qazaxıstanla Belarusun özləri də Kremlin gözündə 2-ci sort ölkələrdir. Deməli, yeni birlik bəri başdan “ölü doğulmuş” sayıla bilər. O halda Azərbaycanın bu “ölü qurum”da, ikinci MDB-də nə iti aza bilər, üstəlik, orada işğalçı Ermənistan da təmsil olunacaqsa? Vaxt itirməyə dəyərmi?
* * *
Bir məşhur aforizmdə deyilir ki, “nə səndən qorxan adamı, nə də sənin qorxduğun adamı sevə bilərsən”. Ölkələrarası münasibət də elə. Bişəkk, qorxu olan yerdə uzunömürlü və möhkəm izdivacdan, dostluq qurmaqdan, birlik yaratmaqdan danışmağa dəymir. Rusiya isə neçə əsrdir məhz onu sübut eləməyə çalışır ki, o, qorxulu və qorxudan ölkədir və o səbəbə onu sevmək, onunla səmimi şəkildə birgə olmaq istisnadır. Ən yaxşısı, “ayı”dan məsafə saxlamaqdır.
Rusiya heç özü də özündən savayı heç kimi sevmir. Demək, kimsəyə hörmət də bəsləmir. Postsovet məkanında sonu görünməyən bəlaların kökündə müstəsna olaraq bu sadə həqiqət durur. Putin Rusiyası onu görməzlikdən gəlsə də…