Mayın 25-də Ukraynada keçirilən prezident seçkilərinin nəticələrinə dair kifayət qədər ekspert rəyi və təxminlər səslənib. Ortaq qiymətləndirmə belədir ki, beynəlxalq ictimaiyyətin pozitiv qiymətini alan bu seçkilər həm ölkə üçün mühüm dönüş nöqtəsi olacaq, həm də postsovet məkanında Rusiyanın neo-imperiya siyasətinə qarşı duran demokratik qüvvələrin mübarizəsinə əhəmiyyətli stimul verəcək və avtoritar rejimlərin manevr imkanlarını daraldacaq.
Hər halda, təxminlər belədir. Çünki Rusiya da bekar durmayacaq və postsovet məkanında demokratik rejimlərin kökünü kəsmək yönündə səylərini davam etdirəcək. Putin “biz SSRİ-ni bərpa etməyə hazırlaşmırıq” desə də, kimdir onun sözünə inanan? Rusiya dəfələrlə sübut edib ki, ondan ötrü öz maraqları naminə nəinki beynəlxalq hüquq normalarına, yeri gələndə imzaladığı müqavilələrə tüpürmək problem deyil. Necə ki, o, qonşu Ukraynanın ərazi bütövlüyü və suverenliyinə zəmanət verən 1995-ci ilin Budapeşt anlaşmasını birtərəfli qaydada denonsasiya elədi və Krımı zorla özünə birləşdirdi.
Amma yaxşı ki, Rusiyanın inadlı çabalarına baxmayaraq keçmiş sovet məkanında demokratik dəyərlər çətinliklə də olsa oturuşmaqda, demokratik rejimlərin sayı yavaş-yavaş çoxalmaqdadır. Artıq Baltikyanı ölkələr, Gürcüstan və Moldova Moskvanın ənənəvi siyasi-hərbi bağlarından demək olar, tam qoparaq normal inkişaf yolu tutub. Sovetin ikinci ən böyük respublikası olmuş Ukrayna da bunu bacarsa, o zaman proses geridönməz xarakter alacaq və digər avtoritar postsovet ölkələrini də öz ardınca dartıb aparacaq.
Moskvanı ən çox narahat edən də MDB coğrafiyasında hakimiyyətlərin seçkilərlə, xalqların iradəsi ilə dəyişməsi, universal dəyərlərin oturuşmasıdır. Çünki demokratiya, azad və ədalətli seçkilərlə imperiya idarəçiliyi bir araya sığmaz. Tarixdə demokratik imperiyalar olmayıb – bunu Moskva strateqləri yaxşı bilirlər.
Odur ki, ətrafda, böyür-başda yalnız qohum siyasi idarəçiliklərin bərqərar olmasında maraqlıdırlar. Üstəlik, Rusiya belə rejimləri asanca öz təsiri və təzyiqi altında saxlaya, onlara diktə edə bilir. Ukraynadakı son seçkilərin önəminə ən əvvəl bu rakursdan – demokratik dəyərlərə münasibət prizmasından baxmaq lazım gəlir.
Azərbaycan üçün 25 may seçkiləri daha bir aspektdən qiymətlidir. Bu seçkilər, ondan əvvəl isə Gürcüstanda və Moldovada reallaşan seçimlər göstərdi ki, ərazisinin bir hissəsi işğal altında olan, hətta antiterror əməliyyatı aparılan ölkədə də azad və ədalətli seçki mühiti yaratmaq, sivil dünyanın rəğbətini və dəstəyini qazanmaq olar. Bu mənada Ukraynadakı seçkilər Azərbaycan iqtidarının illərdir yararlandığı spekulyativ bəhanəni (guya Qarabağ problemi ölkənin demokratik inkişaflına mane olur) darmadağın eləmiş oldu.
Söz düşmüşkən, bu gün ən şərəfli günlərdən birinin – istiqlalımızın elan olunmasının 96-cı ildönümünü yaşayırıq. Amma gəl ki, 96 il sonrakı, Azərbaycan Xalq Cümhuriyyətinin varisi sayılan hazırkı Azərbaycan Respublikası öz demokratikliyinə görə nəinki sələfini ötüb keçib, heç həmin səviyyəyə çatmayıb. Çünki mövcud hakimiyyətin söykəndiyi dəyərlər bambaşqadır, kontur-dəyərlərdir, cümhuriyyətinki deyil.
İstiqlalımızın banisi Məhəmməd Əmin Rəsulzadə və silahdaşlarının qoyub getdikləri dəyərlər hara, 21 ildir Azərbaycanda bərqərar edilən şəxsiyyətə pərəstiş və əvəzolunmazlıq mifi, əbədi hakimiyyət və birpartiyalı sistem, total korrupsiya və saxta seçki ənənəsi hara? Arası kəsilməyən siyasi həbslər, təqiblər, repressiyalar hara?
96 il öncə AXC qurucuları müsəlman Şərqində Türkiyəni önləyib ilk demokratik, şəffaf idarəçilik sisteminə malik bir dövlət yaratmış, ABŞ-ı qabaqlayaraq qadınlara seçib-seçilmək hüququ vermişdilər. Həqiqi mənada azad və ədalətli seçkilər keçirərək çoxpartiyalı parlament formalaşdırmışdılar. İndi – bir əsr sonra bunların 1/10-i belə müstəqil Azərbaycanda bərqərar deyil.
Amma olacaq. Və bunu təkcə biz demirik, regionda, dünyada gedən proseslərin məntiqi diktə edir.