Azərbaycan üçün ən böyük problem bu gün şübhəsiz, milli təhlükəsizliyimizlə bağlıdır. Şimal təhlükəsinin gündən-günə ciddiləşdiyi, Rusiyanın davranışlarının getdikcə daha qeyri-müəyyən və məkrli xarakter aldığı zamanda isə bizim milli çekistlər ünvanı deyəsən, səhv salıblar. Son vaxtlar ölkə daxilində vüsət alan “əcinnə ovu”na ayrı ad tapmaq olmur.
Əlbəttə, bir çoxu kimi bizim də inanmağımız gəlmir ki, Rauf Mirqədirovun həbsi, Arif və Leyla Yunuslara qarşı aparılan məlum əməliyyatlar, onlara qədər isə vətəndaş cəmiyyətinin digər tanınmışlarının, NİDA-çı gənclərin başına gətirilənlər məhz milli təhlükəsizliyimizi gücləndirmək naminədir.
Burdan-bura əməkdaşımız, gənc və istedadlı reportyor Fərahim İlqaroğlunu döyən yaramazı ortada o boyda dəlil-sübut, video ola-ola neçə gündür tapıb ədalət məhkəməsinə təhvil verə bilməyən dövlətin təhlükəsizlik orqanlarının peşəkarlığına inanmaq çətindir, vallah çətindir.
Bu nədirsə, yenə dövlətin deyil, hakimiyyətin maraqları ilə ilgili olaylardır, həbslər və təqiblərdir. Görə-görə gəlmirikmi? Tərs kimi Ukrayna ətrafında cərəyan edən proseslər bizdəki avtoritar rejimin əl-qolunu bir az da açıb. Çünki bu dəqiqə demokratik dünyadan, BMT, ATƏT, Avropa Şurasından ötrü əsas məsələ zəncirini qırmış Rusiyanı ram eləməkdir.
Qərbin gözündə insan haqlarının müvəqqəti olaraq arxa plana keçməsinin, paralel surətdə Azərbaycanın Avropa üçün energetik dəyərinin artmasının ölkəmizdə yeni ağır fəsadlar törədəcəyini təxmin eləmişdik. Bəd proqnozlar maləsəf, reallaşmağa başlayıb. Bu, həm də o anlama gəlir ki, “Vətənə xəyanət”, “casusluq”, “dövlət çevrilişi” ittihamı ilə ölkədə yadfikirliliyə qarşı repressiya dalğası son tutuqlamalarla məhdudlaşmayacaq.
Azərbaycanın olan-qalan nüfuzuna bir-birinin ardınca bu yolla endirilən sarsıdıcı zərbələrin isə öncəliklə işğalçı Ermənistanın maraqlarına işlədiyini izah etməyə yəqin ki, dəymir. Hər halda, zindana salınan, təqib edilən simalar sivil dünyada müsbət imiclə tanınan, rəylərinə sayğı bəslənən insanlardır, tanınmış analitiklər, hüquq müdafiəçiləri, seçki mütəxəssisləridir.
Ölkənin imicinə vurulan zərbələr indi olmasa da Ukrayna ətrafındakı proseslərin “tozanağı” yatandan sonra özünü mütləq və çılpaqlığı ilə göstərəcək. Başlarının Rusiyaya qarışmasına rəğmən, ABŞ-ın, İngiltərənin, Fransanın, beynəlxalq insan haqları təşkilatlarının Azərbaycandakı son repressiyalardan açıq narahatlıq ifadə eləməsi bunun xəbərçisi sayıla bilər.
Odur ki, qoy hakimiyyətdəkilər arxayın olmasın ki, “biz sizə qaz veririk, siz də Azərbaycanda istədiyimizi etməyə dözməlisiniz” prinsipi əbədiyyən karlarına gələcək. Belə olmayacaq. Günün birində hesabat üçün onların da qapısı “döyüləcək”. Özü də döyən təkcə Qərb olmayacaq. Əlahəzrət xalq amili də var…
O üzdən yaxşı olar, təhlükəsizlik orqanları Azərbaycana həqiqi mənada təhlükə yaradan ünvanlara da nəzər salalar. Məsələn, dəyərli hərbi ekspertimiz, polkovnik və hərbi jurnalist Üzeyir Cəfərov qəzetimizə açıqlamasında tam məsuliyyətlə bildirib ki, bəzi yüksək rütbəli şəxslər ölkəmizin Hərbi Dəniz Qüvvələri, ümumiyyətlə, ordusu barədə real vəziyyəti müntəzəm şəkildə Rusiyaya ötürür. Sitat: “Azərbaycanın suverenliyinə ən böyük təhlükə əslində dəniz istiqamətindəndir. Belə bir strateji nöqtə barədə informasiyalar Rusiyaya çatdırılır. Müdafiə Nazirliyi bunu da təkzib etsə, mən konkret adları ictimaiyyətə açıqlayacağam”.
Üzeyir bəyin kimləri nəzərdə tutduğunu zatən, media cameyəsi, elə bütövlükdə cəmiyyətin özü yaxşı bilir. Bəlkə çekistlərimiz bir az da hərbi ekspertin yaydığı “hərbi sirr”lə məşğul olsunlar, çoxunun bildiyi, ölkənin müstəqilliyinə real təhdid yaradan ordumuzdakı poqonlu obyektlərlə, ünvanlarla, vətənə gerçək xəyanət yolu tutanlarla məşğul olsunlar? Bax, bu olar iş, gurultulu həbs, hadisə, “Vətənə xəyanət”in, “casusluğun” faş edilməsi…