“Adətən sel gəlməmişdən qabaq çör-çöp gətirər”. Məşhur kinofilmin məşhur personajı olan Kərbalayi İsmayılın sözü olmasın, Rusiya da indi Azərbaycana qarşı iri işğal planının anonsunu özünün əl altındakı xırda-mırda “politoloq”ların, balaca adamların dilindən səsləndirməyə başlayıb deyəsən.
Şübhəsiz, Krım olaylarından hərə bir cürə divident götürüb faydalanmağa çalışır – o cümlədən böyür-başımızda bulanıq suda balıq tutmağı xoşlayan kiçik məkrli qüvvələr. Ölkəmizin şimalında və şimal sərhədindən o tərəfdə, Rusiya ərazisi sayılan tarixi Azərbaycan torpağında – Dağıstandakı latent (gizli) separatçıların da fürsətkən, çiçəyi çırtlayıb.
Şər imperiyasına qarşı çıxıb azadlığa qovuşmağa can atmaq əvəzinə, köləcəsinə rusa öz çirkin xidmətlərini təklif edən bu bədbəxt ünsürlər Azərbaycana arxadan zərbə vurmağa çalışırlar. Ölkəmizin federallaşması zəruriliyindən, hətta işğalından dəm vururlar. Guya rus bu, etnik azlığın satqın nümayəndələrinin xidmətindən yararlanandan sonra onların etnosu dərhal ağ günə çıxacaq, xoşbəxtliyə, firavan həyata qovuşacaq.
Qovuşsaydı, Abxaziya, Cəbuni Osetiyaya bu, nəsib olardı. Hanı bəs? Əksinə, bu dəqiqə Gürcüstanda azadlıqların və iqtisadi dolanışığın səviyyəsi Kremlin ağuşuna atılmış həmin iki separatçı bölgədən xeyli yüksəkdir. Abxazlar və osetinlər təbii ki, azadlığa-zada da qovuşmayıblar. Rusiyanın tərkibində və ya onun yanında hansı milli azadlıqdan, öz müqəddəratını təyin eləməkdən söhbət gedə bilər ki? O cümlədən, Dağlıq Qarabağ erməniləri…
Krım əhalisi də çox çəkməyəcək ki, öz “müstəqilliyinə” peşman olacaq. Proseslər indi-indi vüsət alır, səbirli olun. Rusiya iqtisadi cəhətdən çökəndən sonra Moskvanın yadına nəinki Abxaziya, Güney Osetiya, Krım, heç Şimali Qafqaz da düşməyəcək. O zaman bu hər növ separatçıların halına baxacağıq.
Odur ki, qoy hələ donquldansınlar. Ancaq unutmasınlar ki, Azərbaycanı həzmi-rabedən keçirmək 1918-ci ilin aprelindəki kimi asan olmayacaq. Ümumiyyətlə, mümkün olmayacaq. Çünki ortada təxminən Rusiya ölçüdə böyük regional güc – Türkiyə var, Qərb faktoru var. Üstəgəl, rus imperializminin ermənin əli ilə Azərbaycan xalqının qəlbində açdığı köhnə-təzə şırımlar, mart qırğınları, 20 yanvar, Xocalı var…
Sözsüz ki, Azərbaycan daxilində də “şimal qasırğası”nı səbirsizliklə gözləyənlər, marığa yatan antimilli qüvvələr mövcuddur. Amma nə yaxşı ki, onlar ictimai iradəyə təsir edəcək potensialda deyillər. Bununla belə, Dağıstandan rusun sifarişi ilə ünvanımıza göndərilən son hədə bəyanatlarını ciddiyə almamaq da qeyri-ciddilik olar.
Qalib gəlmək üçün düşmənin güc-imkanını düzgün qiymətləndirmək vacibdir. Bu mənada Azərbaycan təhlükəsizliyinin əsas qarantı olan qüvvələrlə, ələlxüsus qardaş Türkiyə ilə bəzi strateji sahələr üzrə sənədləşmə işləri sürətləndirməlidir ki, fakt qarşısında qalmayaq, gecikməyək və şimal küləyinin həsrətini çəkənlərin, o sırada etnik separatçıların arzusunu gözündə qoyaq. Çünki ətrafımızdakı hadisələr sürətlə cərəyan edir.
İndi nurçu-nursuz söhbətlərinin zamanı deyil. Bu məsələ Türkiyə və Azərbaycan dövlətlərinin, iki qardaş xalqın problemi ola bilməz. Olsa-olsa hansısa siyasi qüvvələrin, hakimiyyətlər dartışma mövzusuna çevrilə bilər. Gündəmdə hazırda yalnız bir məsələ durmalıdır: şər imperiyasını bərpa etməyə girişən Putin Rusiyasının təhdidlərindən Azərbaycanı, onun suverenliyi və ərazi bütövlüyünü necə qorumaq, Dağlıq Qarabağın bizdən daha da uzaqlaşmasını, ölkə ərazisində yeni separatçı ocaqların yaradılmasını necə əngəlləmək?
Bəlkə Azərbaycanın yeni, daha mükəmməl milli təhlükəsizik konsepsiyasına, konstitusiyada hansısa dəyişikliyə ehtiyac var? Olsun. Ancaq bir şey dəqiqdir – ölkə daxilində milli, vətəndaş barışına nail olunmadan bu işlərin qara qəpiklik dəyəri qalmayacaq. Qəpiyimiz isə təzədən “kopeyka”ya, manatımız “rubl”a çevriləcək, “rus ayı”sını, şimal qasırğasını gözləyənlər muradına çatacaq.
Qasırğaya qarşı getməkdənsə, ona qarşı qoruyucu tədbirlər görmək gərəkdir. Özü də qabaqcadan…