Bu gün belə bir fikir mövcuddur ki, Asiyada valideynlər uşaqlarla ağır rəftar edir. Ancaq bir neçə yüz il əvvəl avropalılar uşaqları ilə xüsusilə ağır rəftar edərmiş. Onlar uşaqlarını evdən kənarlaşdırar, başqalarının evində işləməyə məcbur edərlərmiş. Və təəccüblü deyil ki, uşaqlar bu rəftardan heç xoşlanmazmış.
1500-cü illərdə Venesiyanın İngiltərədəki səfirinin köməkçisi burada gördüyü qəribə valideyn münasibətlərindən sarsılmışdı.
O, Venesiyadakı ağalarına yazmışdı ki, ingilislər uşağı “uzaqbaşı yeddi və ya doqquz yaşınadək” evdə saxlayırlar, sonra isə onları -“həm qızları, həm də oğlanları bayıra atırlar, başqalarının evində ağır işlərə göndərirlər…” Bəxtsiz uşaqlar mənsub olduqları sinifdən asılı olmayaraq evdən göndərilirdi, “varlı və ya kasıb olsun, hamısı uşaqlarını başqalarının evinə göndərir, əvəzində isə başqasının uşaqlarını öz evinə qəbul edir”.
Bu uşaqlar üçün yaxşıdır, səfirin köməkçisinə belə demişdilər. Amma onun özü belə qənaətə gəlmişdi ki, ingilislər evdə başqasının uşaqlarını saxlamağı ona görə üstün tuturlar ki, onları çox işlədib, az yedirə bilirlər.
Venesiyalının bu qeydləri orta əsrlərdə və müasir dövrün əvvəllərində şimali Avropa boyunca geniş yayılmış uşaq tərbiyəsi sisteminə işıq salır. Bir çox valideylər uşaqlarını başqalarının evində qulluqçu və ya şagird kimi işləməyə göndərərdilər, çox az sayda uşaq kilsəyə və ya universitetə göndərilərdi. Ancaq onlar venesiyalı müəllifin hesab etdiyi qədər azyaşlı deyildilər. Ohio Dövlət Universitetindən Barbara Hanawalt deyir ki, zadəganlar uşaqlarını çox az hallarda 7 yaşında ikən evdən göndərərdi, ancaq bir çox valideynlər uşaqlara 14 yaşında əlvida deyərmiş.
Orta əsrlərin dərs kitablarındakı gündəliklər və ya məktublar göstərir ki, evdən göndərilmək uşaqlarda travmatik təsirlər buraxırdı. “Mən uşaq olanda – üç yaşımdan 10 yaşıma qədər atamın və anamın yanında qalanda hər şey çox gözəl idi, indi hər şey əzab və ağrıya çevirilib”, – Latın dilinə tərcümə olunmaq üçün şagirdlərə verilmiş bir məktubda kiçik oğlan belə şikayətlənir. Savadsız qulluqçuların valideynlərilə əlaqə saxlamaq üçün vasitələri yox idi və yol getməyin çətinlikləri cəmi 32 kilometr uzaqlığa göndərilmiş uşaqların tamamilə təcrid olunmasına səbəb olurdu.
Bəs bu qəddar sistem niyə mövcud idi? Kasıblar üçün bunun aydın bir maliyyə səbəbi vardı – onlar ailədə yeyən ağızların birindən yaxa qurtarmış olurdurlar. Ancaq valideynlər inanırdı ki, uşaqlarını evdən göndərməklə onlara yardım etmiş olurlar və pullarını şagirdlik dərsləri üçün yığa bilərlər.
“Belə bir düşüncə vardı ki, valideynlər sənə bəzi şeyləri öyrədə bilərlər, ancaq sənə başqası dərs keçsə, onda başqa şeyləri, fərqli və daha çox şeyləri öyrənə bilərsən”, York Universitetindən Jeremy Goldberg deyir.
_____________________________________________________________________
Richard Whittington Londona parça ustasına şagird kimi gəlmişdi və sənət öyrənməyi 1370-ci illərdə başa vurmuşdu.
O, varlı ailədən idi və ona aid nağıllarda təsvir olunmasına baxmayaraq, pişikləri sevməsinə dair heç bir dəlil yoxdur.
O, çox varlandı və dörd dəfə Londonun meri seçildi.
_____________________________________________________________________
Əlbəttə, bu həm də valideynlər üçün itaətsiz yeniyetmələrdən yaxa qurtarmağın yolu idi. Sosial tarixçi Shulamith Shahar deyir ki, uşaqları yadların böyütməsi daha asan hesab olunurdu. Bu hətta İtaliyanın bəzi hissələrində də belə qəbul olunmuşdu. 14-cü əsrdə Florensiya taciri Paolo da Certaldo demişdi: “Əgər əlindən yaxşı bir iş gəlməyən oğlun varsa, onu tacirə ver, tacir onu başqa ölkəyə göndərəcək. Ya da ki onu özün bir dostunun yanına göndər… Başqa heç nə etmək mümkün deyil. Nə qədər ki, yanında qalacaq, dəyişməyəcək”.
Bir çox yeniyetmələr özlərini yaxşı aparacaqlarına dair müqavilə imzalayardılar. 1396-cı ildə İngiltərədə Thomas adlı gənc şagird və John Hyndlee adlı Northampton misgəri arasında imzalanmış müqaviləyə şəhər meri şahidlik etmişdi. Hyndlee formal olaraq himayəçi rolunu öz üzərinə götürmüş və Thoması yedirəcəyini, ona sənət öyrədəcəyini və səhvlərinə görə çox ağır cəza verməyəcəyini vəd etmişdi. Öz növbəsində Thomas da ustasını icazəsiz tərk etməyəcəyinə, oğurluq etməyəcəyinə, qumar oynamayacağına, fahişələrin yanına getməyəcəyinə və evlənməyəcəyinə söz vermişdi. Əgər müqaviləni pozarsa, onun şagirdlik müddəti iki dəfə artırılaraq 14 il olacaqdı.
10 il subay qalmaq gənc kişilər üçün uzun bir zaman idi və usta şagirdlərinin barlarda dolaşıb çapqınlıqla məşğul olanlar kimi bir reputasiyası vardı. Geoffrey Chaucer-in (Cefri Çoser) Aşpazın Əfsanəsi əsərinin qəhrəmanı Perkyn şagirddir və ustasından pul oğurlayndan sonra dostu və bir fahişə ilə yaşamağa başlayır. 1517-ci ildə Tacirlər gildiyası şikayətlənmişdi ki, şagirdlərin çoxu özlərini pis aparır və ustalarından oğurladıqları pulu “fahişələrə, qumara, kartlara və digər müflisləşdirici oyunlara xərcləyir”.
Almaniya, İsveçrə və Skandinaviyanın bəzi hissələrində yeniyetmə və erkən 20 yaşlarında kişilər və qadınlar arasında seksual əlaqələrin səviyyəsi sanksiyalaşdırılırdı. Bu ənənə yalnız 19-cu əsrdə təsvir olunsa da, tarixçilər inanır ki, onların tarixi Orta Əsrlərə qədər gedib çıxır. “Gənc qız evdə otururdu və həmyaşıd kişi gəlib onunla görüşürdü”, – Nottingham Universitetindən Colin Heywood deyir.
“Kişiyə icazə verilirdi ki, gecəni qadınla keçirsin. Hətta onunla yatağa belə girə bilərdi. Ancaq onların heç biri paltarını çıxara bilməzdi, sadəcə bir-birini sığallayıb oxşaya bilərdilər… Bunun mütləq evliliklə nəticələnməsi tələb olunmurdu”.
Londonda müxtəlif gildiyalar tayfalara bölünmüşdü və zorakı mübahisələrə qoşulmuşdu. 1339-cu ildə balıqçılar və zərgərlər arasında küçə savaşları baş vermişdi. 15-16-cı əsrlərdə Londonda sənət şagirdlərinin üsyanları geniş yayılmışdı. 1517-ci ilin may gecəsi Tüdor İngiltərəsini şoka salan talançı və zorakı üsyan baş verdi.
Orta Əsrlərin gənc kişi və qadınları bu günün yenitetmələrindən necə fərqlənirdi? O dövrlərə aid məlumatlardan bunu dəqiq demək çətindir, Goldberg deyir.
Bəzən ustalar şagirdlərini döyürdü
_____________________________
Ancaq 21-ci əsr valideynlərinin çoxu Müqəddəs Bedenin 8-ci əsrə aid qeydlərində təsvir etdiyi gənclər arasındakı “arıq, zirək, cəsur, tündməcaz və fəal” oxşarlıqları tanıyıb başını yelləyər.
16-cı əsrdən qalmış, Nuremberqdə Behaim ailəsi tərəfindən yazılmış məkutbları oxuyanlar isə göz yaşlarına qərq ola bilər: Michael Behaim 12 yaşında Milanda bir tacirə şagird göndərilir. 1520-ci illərdə o, anasına məktub yazaraq şikayət etmişdi ki, ona ticarət və ya bazarlar barədə heç nə öyrətmirlər, əvəzində döşəmə sildirirlər.
Əlbəttə ki, valideynləri üçün ən narahatedici məsələ, onun vəbaya tutulmaq qorxusu idi.
Behaimların digər bir oğlu isə 16-cı əsrin sonlarına doğru valideynlərinə məktəbdən məktub yazmışdı. 14 yaşlı Friedrich ona verilən yeməkdən şikayətlənirdi, ona paltar göndərilməsini istəyirdi və paltarlarını kimin yuyacağını soruşurdu.
Anası ona kisədə üç köynək göndərmişdi və yazırdı ki, “onlar bir az nəm qalıbsa, bir müddət pəncərədən as ki, qurusunlar”. Bu günün anaları kimi, o məktubda başqa faydalı məsləhətlər də yazmışdı: “Kisədən çirklənmiş paltarlarını saxlamaq üçün istifadə elə.”