Rusiya özü ilə heç bir quru sərhədi olmayan Krım yarımadasını dünyanın gözü qarşısında, nümayişkaranə şəkildə, rəsmən ilhaq elədi. SSRİ-nin çöküşündən sonra beynəlxalq hüquqa açıq-aşkar həqarət sayılan belə bir hal hələ qeydə alınmamışdı.
İndiyədək əksər neqativ, faciəvi presedentlərə müəlliflik eləmiş Kreml bunu da öz adına yazmağı bacardı – BMT üzvü olan keçmiş sovet respublikalarından birinin önəmli bir parçasını saxta referendum əsasında qəsb elədi. 18 martda Moskvada imzalanan sənədlə Krım Sevastopol şəhəri ilə birgə beləcə Rusiyanın ikinci böyük anklavına çevrildi – Kalininqrad kimi.
Bu, şəxsən Vladimir Putinin İkinci Cahan savaşından sonra dünyada pis-yaxşı oturuşmuş birgə yaşayış normalarına, Rusiyanın da üzvü olduğu BMT və ATƏT-in təməl prinsiplərinə açıq üsyanı idi. Üsyan müvəqqəti də olsa ona Krımı qazandırdı, ancaq eyni zamanda Rusiyanı beynəlxalq birliyin “tullantı-dövləti”nə (rusca – izqoy) çevirdi.
Baş verənlər şəksiz ki, Moskvanın həm də Sovetlər Birliyinin dağılması ilə xeyli “aşağılanmış” supergüc imicini bərpa eləmək yanğısından qaynaqlanırdı. O üzdən Putin iki gündür özünü I Pyotr kimi qalib ədasında aparır. Amma qalibdimi o? Beynəlxalq demokratik ictimaiyyət onun sağlam məntiq üzərində qələbə sevinci yaşamasını sakitcə seyr edəcəkmi, yoxsa Krım qələbəsini “Pirr qələbəsi”nə döndərəcək onunçün?..
Qərbin kontur-tədbirləri öz yerində, bir günün içində Rusiya təbəələrinə çevrilən Krım tatarları, o cümlədən onların lideri, böyük türkçü və dissident Mustafa Cəmil Krımoğlu çətin ki, yeni reallıqla asanca barışsınlar. Bu, bizim tanıdığımız Mustafa bəydirsə, o, Krım türklərinə yalnız bəlalar gətirmiş Rusiya vətəndaşlığını qəbul edə bilməz!
Cibində işğalçı dövlətin pasportunu gəzdirmək 16 mart referendumunu, yarımadanın Rusiyaya birləşdirilməsini, bütövlükdə rus ilhaqını tanımaq, hətta ötən əsrin 40-cə illərində Krım tatarlarının deportasiyasına dolaysıyla haqq qazandırmaq demək olardı. Hələ referendumdan öncə Krım tatarlarının lideri Kreml başçısına Rusiya işğalçı qüvvələrinin yarımadadan çıxarılması təklifini vermiş, Krımın Rusiyaya birləşdirilməsinə qarşı çıxış edərək, soydaşlarını saxta referendumu boykot etməyə səsləmişdi. Belə bir əqidənin yiyəsinin təzədən rus boyunduruğu götürməsi istisnadır.
Tatarlar hələ öz sözünü deməyib. Bu xüsusda Krımın Rusiyaya birləşdirilməsi ilə Krım problemi aradan qalxmayıb, daha qəliz mərhələyə keçib. Demokratik Qərb, Avropa Birliyi beynəlxalq hüququ ayaqaltı edən, BMT nizamnaməsini salfet kağızına çevirən “rus ayı”sına qarşı hələ təzə-təzə kontur-tədbirlər hazırlayır. Bu tədbirlər tədricən, lakin labüd olaraq genişlənəcək, sürət götürəcək.
Məsələ də ondadır ki, hansısa ölkənin suveren ərazisini işğal eləmək, hətta öz aləmində bunu rəsmiləşdirmək olar, amma bunun dalında uzun müddət duruş gətirmək… İşğalın nəticəsi bir gündə bilinirsə, sanksiyaların təsiri yavaş-yavaş, lakin davamlı və öldürücü, çökdürücü şəkildə işə düşür, illərlə özünü göstərir. İran nümunəsi var ortada.
Büdcəsi İran kimi əsasən neft-qazın, bir də silah satışının hesabına doldurulan Rusiya hələ ciddi sanksiya görməyib. Müxtəsəri, ilhaq sənədini böyük şəstlə imzalayan Putin görək, bu addımın ağır bədəlini də ödəyə biləcəkmi? Buna gücü, imkanı və prezident kimi vaxtı çatacaqmı?
Bir qənaəti də əminliklə bölüşmək olar: Putin Gömrük İttifaqı, Avrasiya Birliyi ilə bağlı layihələrini artıq KQB-nin arxivinə verə bilər. Kreml başçısının tarixi səhvi həm də onda oldu ki, o, Krımı ildırım sürət ilə Rusiyaya birləşdirməklə tikişlər üzrə sökülməyə ən layiqli namizəd olan rus imperiyası haqda “yırtıcı dövlət” imicini daha da möhkəmlətdi. Qərbi, Amerikanı, Avropa Birliyini həqiqi mənada ayıltdı. Daha bu izqoy-dövlətlə əvvəlki kimi davranılmayacaq.
Gürcüstanın, Moldovanın, Ukraynanın özünün Avropa İttifaqına, NATO-ya tamhüquqlu üzv olması artıq heç vaxt olmadığı qədər indi reallığa çevrilmək üzrədir. “Yırtıcı dövlət”in havalı prezidentinin Krıma görə ödəyəcəyi ilk böyük bədəl də yəqin ki, elə bu olacaq.