Bu gün Krımda referendumdur. Nəticələri xeyli əvvəldən bəlli olan bu qanunsuz referendumdan siyasi və güc mərkəzlərinin, konfliktə cəlb olunan digər maraqlı tərəflərin müxtəlif gözləntiləri var. Nəticə Azərbaycanın, ümumən Güney Qafqazın taleyinə, o sırada Qarabağ məsələsinə də bu və ya digər dərəcədə təsirsiz ötüşməyəcək təbii ki.
Artıq beynəlxalq ictimaiyyət, ələlxüsus da Qərbin aparıcı dövlətləri, Avropa Birliyi və NATO referendumu haqlı olaraq qeyri-legitim elan ediblər. Belə səsverməni absurd və mənasız edən, siyasi şouya çevirən ən birinci səbəb isə Krımın 16 martadək Rusiya tərəfindən bütünlüklə, de-fakto işğal edilməsidir.
Yarımadada hazırda Ukrayna atributları gəzdirən heç bir hərbi hissə, ictimai-siyasi, hətta dini obyekt qalmayıb. Burada nəinki ölkənin konstitusiyanın, telekanallarının yayımı da dayandırılıb, mərkəzi hakimiyyətə aid dövlət strukturlarının işi iflic edilib, yerli bank sistemi sürətlə qrivindən rubla keçməkdədir və s.
Ancaq məsələnin bu tərəfi hələlik analitikləri çox az maraqlandırır. İndi gündəmin baş mövzusu nəticəsi öncədən məlum 16 mart səsverməsindən sonra Rusiya ilə dünya nəhəngi ABŞ-ın münasibətlərinin hansı məcrada inkişaf tapacağı, hansı geosiyasi silkələnmələrin yaşana biləcəyi ilə bağlıdır.
Krımdakı plebissit bu mənada əsas qlobal güc mərkəzi sayılan Qərblə özünü fövqəlgüc hesab edən Rusiya arasında tarixi bir ayrılma nöqtəsi ola bilər. Avropanın açar ölkəsi olan Ukrayna məsələsində mövqeləri və yanaşmaları diametral şəkildə fərqlənən Qərblə Rusiya arasında əsəb savaşına məhz bu gündən etibarən nöqtə qoyulacaq. Yəni ya ziddiyyətlər səngiməyə üz tutacaq, – hansı ki, az ehtimal edilir, – ya da növbəti və daha qorxulu mərhələyə adlayacaq.
Əlbəttə ki, çox şey Moskvanın qərarından asılı olacaq. Çünki Krım ixtilafını heç nədən alovlandıran, regionu və dünyanı səksəkədə saxlayan Rusiyadır, geri addımı da o atmaq zorundadır. Buna Moskva üçün “qırmızı xətt” də demək mümkündür. Kreml bu xətti keçəcəkmi? Başqa sözlə, o, qeyri-azad atmosferdə, faktiki, rus avtomatlarının lüləsi altında təşkil edilən referendumun nəticəsini legitim elan edib Krımı özünə birləşdirmək cəsarəti göstərəcəkmi, yoxsa Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetioya, Dnestraynı bölgənin ardınca postsovet məkanına növbəti separatçı ocaq bəxş ediləcək? Axı bölgənin yarısı rusdusa, yerdə qalanı köklü-köməcli Krım tatarları və ukraynalılardır…
Bir şey qalmayıb. Amma məntiq deyir ki, Rusiya dünyanın etirazlarına rəğmən, Krımın referendum əsasında özünə ilhaqına imza atsa, bu, elə özünə ölüm hökmünü imzalamaq anlamına gələcək. Ona görə ki, bu qərardan sonra demokratik dünya ilə Moskva arasında danışılası mövzu qalmayacaq, konfliktin həllinə aparacaq siyasi-diplomatik qapıların hamısı bağlanacaq.
Bunun ardınca Rusiyaya qarşı iqtisadi-maliyyə xarakterli ağır beynəlxalq sanksiyaların gəlməsi, Kremli təcrid siyasətinin işə düşməsi qaçılmaz olacaq. Moskva ilə bir çox Qərb dövlətlərinin diplomatik münasibətlərinin pozulması da istisna deyil.
Rusiya Krımı özünə birləşdirməyib sadəcə, onu müstəqil dövlət qismində tanısa belə, labüd özünütəcriddən və sanksiyalardan qurtula bilməyəcək. Çünki tanınma o anlama gələcək ki, kimsə Krımı Ukraynanın tərkibinə qaytarmaq istəsə, qabağında Rusiyanı, bu ölkənin yarımadada yerləşdiriləcək yeni hərbi armadasını görəcək. Abxaziya və Cənubi Osetiyadakı kimi.
Krımı isə Rusiya və ona dost olan 1-2 cırtdan ölkədən, Venesueladan savayı çətin ki, kimsə tanıya. Heç satellit Ermənistan da bu addıma getməyəcək – əlbəttə ki, Rusiyadan qat-qat güclü olan Qərbin, Amerikanın qəzəbinə tuş olmamaq üçün. Halbuki, məntiqlə istənilən separatçı bölgənin tanınması onun marağındadır.
Azərbaycanı da önümüzdəki həftədə çətin seçim gözləyir: biz kiminlə, hansı qlobal güclə gələcəyimizi qurmaq istəyirik – işğalçı Rusiya ilə, yoxsa…