Dünyanın ən azı üçdə ikisində hakimiyyətə, ali dövlət postuna münasibət 500, 1000, 1500 il əvvəlkindən çox da fərqli deyil. O dövrlərdə də hakimiyyət uğrunda yüzlərlə, minlərlə insanın qanı tökülürdü, indi də tökülməkdədir.
Terminlər dəyişib. İndi “taxt-tac” demirlər, “prezident postu” deyirlər. “Sultan”, “padşah”, “hünkar” ifadələrini də “prezident”, “baş nazir” ifadələri əvəz edir, “kral”a isə əl dəyməyib.
Günümüzdə hakimiyyət uğrunda əməlli-başlı müharibələrin, qanlı savaşların getdiyi ölkələrə baxaq: Tailand, Əfqanıstan, Pakistan, Liviya, Misir, Suriya, İraq, Ukrayna…
Bu ölkələrdən hər gün partlayış, vuruşma, ölüm, qan-qada xəbərləri gəlir.
Ukrayna qan-qadalı ölkələrin içində yeganə Avropa ölkəsidir. O mədəni dünyanı təmsil edir, amma qan içindədir.
Bunun başlıca səbəbi ölkəni Şərq təfəkkürlü insanların idarə etməsi və onların özünü Şərq müstəbidi kimi aparan Rusiya hökmdarı Putinin vassalı olmasıdır.
Ukraynada axıdılan qanın bir səbəbi də budur: insanların hakimiyyət ehtirası, ali dövlət vəzifəsini öz dədə-baba mirasıymış kimi qorumağa çalışması, bu uğura minlərlə insanın qanını tökməkdən çəkinməməsi.
Bu günlərdə az qala bütün regionda insanların düşüncəsində yer alan “Möhtəşəm yüzil” serialında əks etdirilən tarixi həqiqət göstərir ki, yalnız mütləqiyyət tərəfdarları, satraplar hakimiyyətə görə baş kəsməkdən, hətta öz doğmalarını belə boğdurmaqdan çəkinmirlər.
Ancaq indi orta əsrlər deyil. 21-ci əsrin insanları, ən yaxın tarixi götürsək, 400-500 il əvvəlin insanlarından fərqli olaraq kütləvi şəkildə şahsevən və itaətkar deyillər.
İndi istənilən ölkədə dövlət başçısına itaət edənlərlə yanaşı, ona etiraz edənlər də var və onlar bir şəxsin mütləq, hüdudsuz hakimiyyətinə qarşıdırlar.
Bu cür insanlar istər öz dövrlərində, istərsə də yaxın, uzaq tarixdə baş verən hadisələrə məhz bu günün meyarları ilə yanaşıb, qiymət verirlər.
Gördünüzmü, Osmanlı tarixinin ən ədalətli sayılan, müsbət reputasiyalı hökmdarı Qanuni Sultan Süleyman bir filmin tarixi həqiqəti az-çox obyektivliklə işıqlandırmasıyla nə günə düşdü?
Onun indiyədək tarixdəki yaxşı adı bir həftənin içində puç oldu. Milyonlarla insan hakimiyyət naminə o qədər insanı, hətta öz övladlarını öldürdən bir şəxsi “böyük dövlət xadimi” kimi yox, “maniakal ehtiraslı qatil” kimi qiymətləndirir.
Deyirlər, yox, şahzadə Mustafanın da edamını vacib edən günahları olub. Ola bilər. Bəs Mustafanın 3-4 yaşlı iki övladının, zövcələrinin, eləcə də İranda boğdurulan Bəyazidin biri 2 yaşında olmaqla beş övladının sultanın əmri qətlə yetirilməsinin adı nədir?
Başqa nə ad ola bilər, bunlar hakimiyyət naminə günahsız insanları qətlə yetirməkdir, müasir terminlərlə desək, antibəşəri cinayətdir.
Mədəni dünya hakimiyyətə görə qətllər törətmək ənənəsindən imtina edib. Ancaq bir sıra ölkələrdə bu ənənəyə hələ də sadiqdirlər.
Əgər Ukraynada etirazçıların toplandığı meydanda ilk insanın qətlinə qədər prezident Yanukoviçin hakimiyyətini asanlıqla verməmək, dirəşmək haqqı yüzdə əllidən çox idisə, bu qədər insanın həlak olmasından sonra o, həmin haqqını itirib və artıq dövlət başında qala bilməz.
Adamın yeri Haaqa tribunalıdır. O, hakimiyyətini daha böyük qurbanlar hesabına qoruyub saxlaya bilsə də, bundan sonra onun legitim, dünyanın, Avropanın qəbul etdiyi prezident kimi fəaliyyəti mümkün olmayacaq. Ona qulağı eşidə-eşidə “qatil”, “qəssab”, “qaniçən” deyəcəklər, gözü görə-görə barəsində hər şey yazacaqlar, adama nəinki prezident postunda uğurlu çalışmağı, hətta yaşamağı da haram edəcəklər.
Lap sonda isə o mühakimə olunacaq. Sultan Süleymandan fərqli olaraq onu 450-460 ildən sonra yox, ən uzağı, 3-4 ildən sonra (3-4 ay da ola bilər) mühakimə edəcəklər. O, təbii ki, özündə günah olmadığını deyəcək.
Amma onun günahı ortadadır. Bu yazının yazıldığı saatda Ukraynada prezidentə etiraz etdiyi üçün öldürülən insanların sayı 75-ə çatmışdı. Bu o deməkdir ki, milyonlarla insanın meydanlara çıxıb etiraz etdiyi halda, Yanukoviç prezident postunu qorumaq üçün 75 adam öldürüb.
Heç bir hakimiyyət taxtı, postu bir insanın həyatı qədər dəyərli deyil.