Jurnalist Eynulla Fətullayevin açıqladığı, həmkarı Xədicə İsmayılın hazırlamış olduğunu iddia etdiyi, qısaca olaraq “hakimiyyətə işləyən müxaliflərin siyahısı” kimi təsbit edilən siyahı, gözlənildiyi kimi, siyasi arenada müəyyən titrəyişlərə səbəb oldu.
Bu, bəlkə də ona görə partlayış effekti doğurmadı ki, həmin gün (13 fevral) ölkədə səhər çağlarında və gün boyunca bir neçə əsl partlayış oldu, insanların diqqəti o partlayışlara yönəldi.
İrəli sürülən iddialar siyasi arenada ona görə zəlzələ effekti doğurmadı ki, bundan əvvəl də bu kimi iddialar çox səslənib. Ayrı-ayrı siyasi xadimlərin, hüquq müdafiəçilərinin, qəzetçilərin hakimiyyətə işlədikləri barədə iddialarla dolu materiallar illərdir ki, qəzet və sayt səhifələrindən düşmür.
Hətta hakimiyyətə işləməkdə günahlandırılan bir çox tanınmış adamlar bu ittihamlara cavab verməkdən o qədər bezar olublar ki, artıq belə iddialara hələm-hələm reaksiya vermirlər, yalnız əndazələr aşılanda, qırmızı xətt keçiləndə nəsə deyirlər.
Bu dəfəki “kompromat açıqlanması”na reaksiyalarda üç xətt gözə dəydi: 1. Adları bu kimi məsələlərdə dəfələrlə hallandırılmış şəxslər iddialara dözümlü yanaşdılar, söhbəti ciddiyə almadılar, reaksiya vermədilər, yaxud da vermək istəmədilər; 2. Adları ilk dəfə çəkilənlər təbii olaraq, iddialara həssaslıqla yanaşdılar, bunu özlərinə qarşı qara piar kampaniyasının tərkib hissəsi saydılar, geniş cavab verdilər; 3. Bir sıra şəxslər isə hakimiyyət adamları və strukturları ilə əlaqəli olduqlarını danmadılar, hətta bəziləri düzəliş verdi ki, üç yox, altı nazirliklə əməkdaşlıq edir.
Üçüncü qrupa əsasən hüquq müdafiəçiləri aid idilər. “Hakimiyyətə işləmək” kimi bir ittiham onların peşə fəaliyyətlərinə, reputasiyalarına o qədər də zərərli deyil, əksinə, onlar bunu faydalı sayır.
Bu məsələdə cığırvari bir istiqamət isə bu cür faktın (yəni “hakimiyyətə işləyənlərin siyahısı”nı tərtib edərək amerikalı kəşfiyyatçılara ötürmə) olduğunu açıqlayan jurnalistin üzərinə hücuma keçmək idi.
Bir daha qeyd edək ki, həmin faktı ortaya qoyan Eynulla Fətullayev idi və o, burada sadəcə güzgü rolunu oynayıb. Onun reputasiyasının, son illərdəki fəaliyyətinin və şəxsi xarakter cizgilərinin necə olmasına diqqət yetirmədən, bunlara fokuslaşmadan açıqladığı fakta münasibət bildirmək gərək idi.
Birincisi, aydınlaşdırmaq lazım idi ki, Xədicə İsmayıl həqiqətən elə bir siyahı hazırlayıb, ya yox. Bu, təsdiqini tapardısa, o da araşdırılmalıydı ki, X.İsmayıl ölkənin tanınmış ictimai-siyasi “hakimiyyətə işləmək”də suçlayarkən hansı dəlil-sübutlara əsaslanır. Bəlkə onun əlində elə tutarlı faktlar var ki, bunları qətiyyən gözardı etmək olmaz? Hətta o faktların tərkibi sırf həqiqətdən ibarət idisə, xalq adı satqınlıqda çəkilənlərdən haqq-hesab, izahat tələb edə və bu qalmaqalın nəticəsi olaraq ölkənin siyasi arenasında ciddi dizayn, vitrin dəyişikliyi ola bilərdi.
Əksinə olardısa, yəni ölkənin siyasi xadimlərinə böhtan atıldığı üzə çıxardısa, onların adını siyahıya salıb ABŞ-a çuğullayan Xədicə İsmayıldan, X.İsmayılın heç də belə bir siyahı hazırlamadığı aşkar olardısa, Eynulla Fətullayevdən izahat tələb olunmalıydı. Bu kələfi buradan başlayıb çözmək gərək idi.
Ancaq bir çoxları birbaşa Fətullayevin üzərinə keçdilər və açıqladığı faktları şübhə altına almağa çalışdılar. Bu, yanlış yanaşmadır. Əgər bir adam ictimai rəydə mənfi reputasiyaya malikdirsə, bu, o demək deyil ki, o, heç vaxt düz danışa bilməz və ya heç vaxt onun açıqladığı faktlar mötəbər hesab olunmamalıdır.
Ona qalsa, çoxlarına bəlli bir faktdır ki, öz təbiəti və düşüncəsi etibarilə X.İsmayıl belə bir siyahını hazırlamağa qadirdir və o, uzun illərdən bəri apardığı jurnalistlik xətti ilə kimlərə simpatiya, kimlərə antipatiya bəslədiyini, bu zaman nə dərəcədə qərəzkar və pərəstişkar olduğunu dəfələrlə təsdiq edib.
Suallara cavab istəyənləri debil adlandırmaq vəziyyətdən çıxış yolu deyil. Həm də ən qəribəsi odur ki, bunu deyənin özü qat-qat zəif və qərəzli suallarına başqalarından israrla, çevirə-çevirə cavab tələb edən biridir.