Artıq neçə ildir ki, istər qəzetimizin, istərsə də rəğbət bəslədiyimiz siyasi qüvvənin, siyasi xadimlərin ünvanına sonu bitib-tükənməyən tənqid seli ilə üz-üzəyik.
Əlbəttə, tənqid olan şeydir, ona bir söz deyən yoxdur. Zatən, 25 ildən bəri tənqid eşitməyə alışmış insanlar ona xeyli dərəcədə dözümlüdürlər.
Ancaq bir hədd var. O hədd həm tənqidin dozasına, həm də təhqirlə sərhədinə aiddir.
Nə yazıq ki, bizdə hələ də bir şəxsin və ya bir siyasi qüvvənin, eləcə də bir qəzetin nə qədər, hansı zamana kimi tənqid olunmasını bəlirləyən ölçü-biçi yoxdur. Ona görə də adamları “cümlə xəyanətlərə bais” elan edir, hər addımını, hər sözünü tənqid etməyə rəva görürlər. Sanki bu tənqid onun hədəflərinin fiziki mövcudluğuna son qoyulana qədər davam edəcək.
Bəlkə də Napoleon Vaterloo döyüşünü uduzandan sonra ölənədək bu qədər tənqid olunmayıb, nəinki İsa Qəmbər və Rauf Arifoğlu hansısa bir addımlarına görə.
Tənqidlə təhqirin qarışdırılması isə xüsusilə müdhişdir. Adamın ünvanına nə gəldi, yazırlar. Artıq bu ölkədə ən dəbdə olan və ən yüngül siyasi söyüş “şərəfsiz”dir. Siyasət adamlarının ünvanına bundan qat-qat ağır, beş batman balla yeyilməsi mümkün olmayan ifadələr işlədirlər.
O cür söyüşlərdən daha yüngül ifadələrə görə hələ 100-200 il əvvəl yüzlərlə insan duelə çağrılıb. Türmələr o sözləri dilinə alanlarla haqq-hesab çəkən şəxslərlə doludur. Heç kəs öz ünvanına elə ifadələrin səsləndirilməsini istəmir.
Ancaq işə baxın ki, bu sözləri başqasının ünvanına sosial mediada yazırlar. Ha peşəkar media, ha sosial media – bu ölkədə onların hər ikisini minlərlə adam oxuyur. Demək, sən birinin ünvanına öz səhifəndə söyüş yazırsansa, bunu minlərlə adamın oxuması üçün yazırsan və insanı ictimaiyyət qarşısında təhqir edirsən.
İndi bu cür təhqirə məruz qalan adamın reaksiyasını təxmin etmək lazımdır. Təbii ki, heç kəs ağır söyüşləri, xalq dilində desək, peysərə vermək istəməyəcək. Çünki insan jurnalist və siyasətçi olmazdan öncə qohum-əqrəbasının, tanışlarının, tərəfdarlarının yanında təhqir olunmağı istəməyən azərbaycanlı kişisidir (qadınıdır).
Belədə təhqir olunan adam buna çox sərt reaksiya verə bilər: hər şeyə tüpürüb təhqir edən adamla müasir standartlara uyğun şəkildə duelə çıxar. Qanun bunu qadağan edir, üstəlik, aqibət hər iki halda “xana” ilə qurtaracaq: ya xəstəxana, ya həbsxana.
Daha bir yol isə mədəni dünyada qəbul edilən yoldur. Təhqir edənlə məşğul olmağı aidiyyəti üzrə dövlətə həvalə edirsən. Çünki dövlət hər birimizin təhlükəsizliyini, şəxsi həyatını qorumağa mükəlləfdir.
Təcrübə göstərir ki, ən yaxşısı ikinci yoldur. Birinci yol çox vaxt qanla, qan davasıyla, nəsil düşmənçiliyi ilə bitir. İkinci yolda isə dövlət strukturları pambıqla işləyirlər və aqressoru pambıq kimi yumşaldırlar.
Hazırda Rauf Arifoğlunun düşdüyü durum o cürdür. Onun ünvanına elə sözlər yazırlar ki, o sözləri nəinki azərbaycanlı oğul, heç təmkinləri ilə daş çatladan finlandiyalılar, yaponlar da götürməzlər.
Nə baş verib? Hələ iyul ayında beşdə dördü iqtidarın inhisarında olan ölkə mediasının təmsilçiləri anketlərlə səs verərək dövlət başçısı İlham Əliyevi “jurnalistlərin dostu” seçiblər. Sonra bir toplantı olub və orada az qala 100 nəfər adam iştirak edib. İndi onların hamısı, İlham Əlievi “dost” seçənlər də, onun yanında tərpənməyə cəsarət etmədən oturanlar və yaltaqlananlar da qalıb qıraqda, yalnız Rauf Arifoğlu söyülür – həm də təkcə siyasi mənada yox, sırf məişət səviyyəsində.
İndi bu nə dərəcədə ədalətlidir ki, bir görüşdə iştirak edib tələblər səsləndirdiyinə və ümumilikdə medianın əsas cari problemini həll etdiyinə görə artıq 15 gündür, adamın ünvanına hər cür hərzə-hədyan, nifrin-latayır, burda yazılması mümkün olmayan sözlər yazılır?
Təbii ki, bu cür getməz. Hər bir kəs özünümüdafiə hüququna malikdir və lazım bildiyi qanuni addımları atmaqda sərbəstdir. Qəzetlə öz münasibətlərini gərginləşməsini istəməyən siyasi icma ya öz ipə-sapa yatmaz üzvünə yiyə durmalı, onu ram etməlidir, ya da öz sıralarından qovmalıdır.
Məsələnin məğzindən görünür ki, o adam Rauf Arifoğlu ilə, “Yeni Müsavat”la, hətta bütövlükdə Müsavat camiəsi ilə öz şəxsi davasını aparmır, bunu siyasi mübarizə hesab edir, partiyasının ümdə maraqlarını müdafiə və təmsil etdiyini düşünür. O, öz partiyasına güvənərək belə bir addım atırsa, demək, partiyası da ona cavabdeh olmalıdır.
Ümumiyyətlə, sosial şəbəkədə özünü partiya fədaisi, firqə partizanı kimi aparan təxminən 50 fəal adam var. Onlar vaxtaşırı vahid mərkəzdən komanda almış kimi kiminsə üstünə tökülürlər, hərəsi bir aşağılayıcı, təhqiredici mesaj yazır və bunu partiya işi sayırlar. Tərs kimi, mövzuları da tükənmir, hər gün nəsə bir bəhanə tapırlar. Sanki əsas işləri, məşğuliyyətləri sosial mediada psixoloji terror rüzgarı əsdirməkdir.
Bu, son illərdə çox dəbə minib. Amma bunun bir sonu olmalıdır və olacaq. Tənqid edənlər nə qədər adildirlər, sözlərinin çəkisi olacaq, əndazəni aşdıqda isə qərəzli sayılacaqlar və sözlərinə diqqət yetirən olmayacaq.
Təhqir edənlər isə mütləq adekvat cavablarını alacaq və peşman olacaqlar.