Medianews.az
 Mursi ona görə devrildi ki...
110 baxış

Mursi ona görə devrildi ki...

 

Misirdə qeyri-adi heç nə baş vermir. 30 ildən artıq bir müddətdə sərt diktatura rejimində, hərbi xuntanın rəhbərliyi altında yaşayan ölkədə inqilabdan sonra hansı proseslər gedə bilərsə, elə həmin proses də gedir.

Misirə bənzər durumlar yaşayan ölkələr çox olub və belə görünür ki, bundan sonra da olacaqlar. Sanki bu, bir qanunauyğunluqdur, 20, 30 illik susqunluqdan sonra bir dəfə çalxalanıb təlatümə gələn cəmiyyətlər ən azı üç-dörd il ləpələnir, yalnız ondan sonra birtəhər sakitləşir. 
Müasir dünyanın ən yeni tarixində belə hadisələrdən bir neçəsini misal göstərmək olar. Miloşeviçdən sonra Serbiyada elə oldu, Voislav Koştunitsa yalnız bir müddət ölkəyə rəhbərlik edə bildi. Ukraynada Viktor Yuşşenko da güc-bəla bir müddət duruş gətirdi.  
20 il öncə öz ölkəmizdə də bənzər situasiya yaranmışdı. 1988-ci ildən, daşların yerindən oynamağa başlamasından keçən 5 il ərzində respublikamızda 4 başçı dəyişdi, axırda dəmir yumruq tərəfdarı olan və inzibati-amirlik metodlu idarəetməni üstün sayan Heydər Əliyev hakimiyyətə gələndən sonra ölkəmizdə uzunömürlü avtoritar rejim bərqərar olundu. 
Uzun illər diktatura əsarəti və məhdudiyyəti görmüş xalqların demokratik rejimlərə bir neçə ildən artıq təhəmmül etməməsi, təbii ki, dərin siyasi-psixoloji, eləcə də iqtisadi, inzibati amillərlə bağlıdır. Hüquqlarının məhdudlaşdırılmasına öyrəşmiş insan kütlələri birdən-birə çoxlu hüquqlar, azadlıqlar əldə edəndə bunu həzm edə bilmir və öz korporativ maraqlarını təmin etməyə çalışan ayrı-ayrı destruktiv qruplar əmələ gəlir. 
Misirdə isə bu durum həm də ona görə qəlizləşdi ki, hüquq və azadlıqları uğrunda mübarizəyə qalxaraq minlərlə qurban vermiş, 30 illik diktatoru böyük əziyyətlər və möhtəşəm əzmkarlıq hesabına devirmiş Misir xalqı göz dolusu azadlıq görməmiş yeni prezident diktatorluq davranışları sərgiləməyə başlamışdı.
Mursinin seçilməsindən sonra Misirdən gələn xəbərlərin çoxu əsasən “yasaqlandı”, “qadağan olundu”, “məhdudlaşdırıldı”, “ləğv edildi”, “mürtəceləşdirildi” felləri ilə bitirdi. Hətta arada elə görünürdü ki, artıq Misirdə bir diktatoru digəri əvəz edib və məsələ bitib.
Misir xalqı isə göstərdi ki, onun azadlıq tələbi, haqq-ədalət davası qüvvəsində qalır və davam edir. 
Dünən bir çox media quruluşları Misir xəbərlərini “Ordu prezidenti devirdi” başlıqları ilə verirdilər və bu, faktoloji olaraq doğruydu. Fəqət Mursini devirmək təşəbbüsü ordudan, generalitetdən gəlməmişdi. Xalq bir aydan da artıq idi ki, yenə meydanlardaydı və qurbanlar verirdi. Sadəcə, ordu əliyalın xalqın bu dəfə də Mursi tərəfdarları tərəfindən qırğına verilməsinə tablaşmayaraq, necə deyərlər, duruma əl qoydu, hər şeyi nəzarət altına aldı.
Bu, əlbəttə ki, hərbi çevriliş səciyyəsi daşıyır. Ancaq Misir ordusunun rəhbərliyinin adından yayılan bəyanatın son dərəcə diqqətlə və ölçülü-biçili şəkildə hazırlanmış mətnindən belə görünür ki, generalitetin siyasi ambisiyaları yoxdur və indilikdə heç bir general hakimiyyəti götürmək, hərbi xunta yaratmaq fikrində deyil. Müdafiə naziri yaxın aylarda prezident və parlament seçkiləri keçiriləcəyini, hakimiyyətin mülki siyasilərə ötürüləcəyini vəd edib. 
Əgər belə olacaqsa, onda bu, o anlama gələcək ki, Misir ordusu doğrudan da ölkədə əmin-amanlığın, təhlükəsizliyin və demokratiyanın təminatçısıdır. Yox, generallardan biri hakimiyyəti öz əlində saxlasa və mülki dövlət vəzifələrinə əsasən hərbçiləri daraşdırsa, onda Misirdə hərbi diktaturanın qurulduğu təsdiqlənəcək. 
Bir vaxtlar Türkiyə ordusu da öz üzərində belə bir missiya daşıyırdı. Bəzi məkrli və ambisiyalı siyasi liderlərin sonu görünməyən didişmələri xalqı parçalayanda, ciddi vətəndaş qarşıdurması yaradanda ordu situasiyaya müdaxilə edir, hərbi rejim yaradır, vəziyyəti zordan istifadə etməklə, repressiyalarla sabitləşdirirdi. 
Bu yaxınlarda bir daha ortaya çıxdı ki, ordunun siyasətə qarışması nə qədər xoşagəlməz durum yaratsa da, bəzi hallarda qarışmaması da o cür effekt doğurur. İndi də “xalqın 50 faizi məni dəstəkləyir” deyə ortaya çıxan siyasi lider yerdə qalan 50 faizin üstünə kükrəyir. 
Qəribədir, dövlətin idarə edilməsi kimi parlaq nümunələr (Avropa örnəyi) ortadaykən şərqlilər niyə dağa-daşa düşür?

 

Bizə qoşulun