Medianews.az
Bakıda hərbi parad keçirildi; heç kim yaxına buraxılmadı
223 baxış

Bakıda hərbi parad keçirildi; heç kim yaxına buraxılmadı

 

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 95 illiyi ilə əlaqədar Bakıda, Azadlıq meydanında hərbi parad keçirilib. 
Paradda Ali Baş Komandan, ölkə başçısı İlham Əliyev və müdafiə naziri səfər Əbiyevlə yanaşı Silahlı Qüvvələrin yüksək rütbəli nümayəndələri, xarici diplomatlar, millət vəkilləri, dövlət və hökumət rəsmiləri iştirak edib.
Azadlıq meydanına aparan yollar bağlanıb və sakinlərin paradı canlı izləməsinə imkan verilməyib. Parada baxmaq üçün getmək istəyənləri polislər meydana yaxın buraxmayıblar. Bunun ağlabatan bir izahı isə verilməyib.
Paradda ölkə başçısı İlham Əliyev çıxış edib. O, Azərbaycan ordusunun regionda və hətta dünyada ən güclü ordulardan olduğunu bildirib: «Ötən il Azərbaycanın hərbi büdcəsi 3,6 milyard idi, bu ilki büdcə 3,7 milyard dollara çatıb. Son illərdə 100-ə yaxın helikopter, onlarla döyüş təyyarəsi, ən müasir tank və artilleriya qurğuları alınıb və bu davam edir. Növbəti illərdə hərbi büdcəmizi artırmaqda davam edəcəyik. Güclü Azərbaycan gücsüz Ermənistanla istənilən dildə danışa bilər».
Ölkə başçısı Qarabağ probleminə də toxunub və Azərbaycan bayrağının Xankəndində, Şuşada dalğalanacağına inamını ifadə edib.
Müdafiə Nazirliyi bir gün qabaq məlumat yaymışdı ki, parada 5 mindən çox şəxsi heyət, 100-dən çox təyyarə və vertolyot, 300-ə yaxın texnika və silah sistemləri, 40-a yaxın gəmi və kater cəlb olunacaq.

Bizə qoşulun