Medianews.az
Şantaj videolarının meyvəsi
175 baxış

Şantaj videolarının meyvəsi

 

Şantaj videolarının meyvəsi

Mətbuatda belə bir xəbər var ki, Gürcüstanın Sameqrelo rayonunda bir saxlancda çoxlu kasetlər aşkarlanıb. Məlum olub ki, bu kasetlər sabiq daxili işlər naziri Vano Merabişvilinin dövründə lentə alınıb və içində insanları şantaj etmək üçün lazımi videogörüntülər olub.

Hazırda Merabişvili həbsdədir. Onu bu və digər belə-belə işlərin üstündə tutublar. Bu haqq-hesab adamın yadına öz ölkəmizdəki müvafiq olayları salır.

Öncə onu deyək ki, ümumiyyətlə, müasir dünyanın dolanışıqlı işlərindən biri də şantajdır. Ancaq bu, dolanışıqlı olduğu qədər də təhlükəli işdir. Olur ki, şantajı özünə peşə seçənlər uzun illər sağı-solu, onu-bunu şantaj edə-edə gəzirlər, amma axırda onları Merabişvili kimi tutub qoyurlar içəri. 

Deyilənə görə, məşhur qanqster Hacı Məmmədov yaxalanandan sonra onun istirahət mərkəzi olan “Qarabulaq”da da xeyli lent yazıları çıxıb. Heç demə, H.Məmmədov onun yaylağına gələn vəzifəli-imkanlı (əslində bu sözlər sinonimdir, vəzifəli adamlar mütləq imkanlı olur) adamları qeyri-münasib vəziyyətlərdə, məsələn, hansısa tanınmış cüvənəzənlə lentə çəkib saxlayırmış. O vaxt “Qarabulaq”da dincəlmiş, təbiətin bu dilbər guşəsində atüstü qonaq olmuş bütün məmurlar qorxurdular ki, biabırçı kasetləri, şəkilləri yayılacaq. Hətta orada sadəcə kişi dostları ilə yeyib-içməyə getmiş kişilər də qorxurdular ki, H.Məmmədovla yanaşı olduqlarını əks etdirən fotolar ola bilər. 

Bir çox adamlar da həyəcanlı şəkildə gözləyirdilər ki, o videolentlər, fotolar yayılsın və bunlar ordakı tanış üzləri görüb, söhbəti çürüdənə qədər müzakirə aparsınlar. Bəs necə? Bu kimi olaylar ən mühüm siyasi hadisədən daha mühümdür. Sən belə adamlara hansısa nazirin xalqın 1 milyardını mənimsəməsindən danışma, hansısa vəzifəli adamın bir tanınmış qadını məşuqə kimi saxlamasından bəhs elə, günlərlə müzakirə açsın.

Təəssüf ki, hüquq-mühafizə orqanları o videokasetlərin dalına keçdilər, hər şeyi bilməli olan xalq məmurların yeyib-içmək, eyş-işrət məclislərindən bəhs edən videogörüntülərindən xəbərsiz qaldı. 

Bu işdən hali olan adamlar and içirdilər ki, kasetlərdə çox ilginc, sensasion, şokedici görüntülər varmış. Onlar açıqlansaymış, türkün sözü, kəllələr getməsə də, bəzi ailələr dağıla bilərmiş. 

Görünür, hüquq-mühafizə orqanları məhz bu humanist mülahizələrdən çıxış edərək o şantaj videolarını yaymayıblar. Hərçənd bəziləri də and içirlər ki, o şantaj videoları öz təyinatı üzrə istifadə olunub, sadəcə, bəhəri əsərin müəlliflərinə çatmayıb. 

Bu baxımdan inqilabçılıq barədə məşhur ifadəni bu şəkildə yeniləmək, improvizə etmək olar: “Şantaj videolarının ideyasını hiyləgər adamlar düşünür, kadrları başıxarablar çəkir, meyvəsi isə əclaflara çatır”. 

Hərçənd bu ölkədə sırf maddi qazanc əldə etmək məqsədi daşımayan lentlər də istehsal olunub. Məsələn, bəzi jurnalistlərin iştirakı ilə çəkilmiş videolentlərdə məqsəd pul qazanmaq deyildi, “sus” əmrinə “yes” cavabı almaq idi. Ancaq Xədicə İsmayıl bu oyuna məğlətə qatdı, göstərdi ki, bu, o qədər də keçərli mübarizə üsulu deyil. 

Elşad Abdullayevin yaydığı videoların məram və məqsədi isə tamam başqadır. Burada hər şey var, ən əsası da özünün və qardaşlarının başına gələnlərə görə qisas almaq ehtirası. Yoxsa kim özünün rüşvət alış-verişindəki videolarını yayardı?

Bu, yalnız o vaxtlarda olur ki, uçurum qarşısında olan adam özünü fəda etmək hesabına düşmənlərini də girdaba yuvarlatmaq istəyir. 

Məsələn, keçmiş bölmə rəisi Müşfiq Mədətovun müsahibələrini oxuyanda açıq-aşkar görünür ki, o da korlanmış həyatına görə baiskar saydığı adamlardan qisas alır. Adam onun müsahibəsində gedən təfərrüatları oxuyur və 10 il əvvəlki vəziyyətə görə üşənir. Heç demə, paytaxtda 300 nəfərlik qanuni və qanunsuz cəza dəstələri fəaliyyət göstərirmiş və onlar insanları döyməkdən, girov götürüb xərac tələb etməyə qədər hər işə baxırmışlar. 

Keşkə, o əməliyyatların da çəkilmiş videoları olaydı, yayılaydı, oturub baxardıq. Hərçənd deyilənə görə, elə videolar var, sadəcə, ya müəlliflər təvazökarlıq edir, yaymaq istəmirlər, ya da dövran dəyişdiyindən o kadrlar daha işə yaramır.

Bizə qoşulun