
Bakı şəhərində “nağılların gerçəkləşməsi” kimi qələmə verilən nəqliyyatı intellektual idarəetmə sistemi artıq xeyli müddətdir fəaliyətdədir. Milli.Az-ın məlumatına görə, saat kimi işləməsindən söz açılan sistem istifadəyə verilsə də, əqrəblərdə geriləmə və ya irəli qaçma var.
Müşahidələr göstərir ki, avtobusların sürücüləri bir-biri ilə, həmçinin dispetçerlə mobil telefon vasitəsilə əlaqələndirilir. Avtobusların müəyyən qismində intellektual sistemin monitorları işləmir və lazımsız əşya kimi ön şüşənin qarşısında qalıb. Belə xarab monitorlara 160, 100, 171, 113, 214 və sair marşrut avtobuslarında rast gəlinir.
Maraqlıdır, intellektual sistem dedikdə mobil telefonla idarəetmə nəzərdə tutulurmuş? Görəsən, saat kimi işləyən sistemin əqrəbi niyə düz işləmir? Sualları Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin rəsmisi cavablandırıb.
Mərkəzin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zülfiyyə Əlizadə bildirib ki, avtobuslarda intellektual sistemin monitorlarının işləməməsi həm texniki səbəbdən, həm də sürücünün müdaxiləsi ilə bağlı ola bilər. Onun sözlərinə görə, belə hallara rast gəlinərsə, avtobusların nömrəsini və dövlət qeydiyyat nişanını da qeyd edib mərkəzi məlumatlandırmaq lazımdır: “Bu nöqsan sürücünün günahıdırsa, cəzasını alacaq. Tərəfimizdən belə reydlər keçirilir. İstənilən halda araşdırma aparılacaq. Araşdırıldıqdan sonra məlumat veriləcək”.

