
Fələstinə müstəqil yardım
Banqladeşin xarici işlər naziri Dipu Moni ölkəmizə rəsmi səfərə gəlmişdir. Doğrusu, mən bilmirəm Banqladeşin xarici işlər naziri ölkəmizdə nə axtarır, hər halda xoş gəlib, səfa gətirib, gələn ayaqlarına quzu kəsək.
Dipu Moni yoldaşı həm Elmar Məmmədyarov, həm də İlham Əliyev qəbul edibdir. Daha sonra Moni bulvardakı Bayraq Muzeyinə aparılıb, ona məlumat verilib ki, burdakı bayraq 2010-cu ildə dünyada ən uzun dirək idi, Ginnesin kitabına da düşüb. İnandırıcı olsun deyə kitabın həmin səhifəsini açıb informasiyanı Moniyə göstəriblər. Bütün bunlar haqda "AzərTAc" məlumat yaymışdır. Məlumatda həmçinin Dövlət Bayraq Muzeyində bürüncdən hazırlanıb qızıl suyuna çəkilən himnimizin, gerbimizin olduğu da yazılıb, həmçinin, bu gerb və himni Moni də görübdür.
Nə yaxşı... Nə gözəl... Yalnız mən təəssüf elədim ki, özüm gedib o muzeyə baxa bilmirəm, çünki ölkədəki bir çox yerlər kimi buranı da yapokratlar inhisara alıblar. Banqladeşin xarici işlər naziri Azərbaycan vətəndaşlarının görmədiyi yerləri görür. Vəziyyət belədir. Əgər sən rəsmi icazəsiz, nə bilim, vizasız-zadsız o muzeyin binasına yaxınlaşsan pulemyot atəşi ilə susdurularsan. Yalan olmasın. Təxminən Lənkəran kimi yerdir.
Ancaq hər halda, şükürlər olsun ki, müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir. Daha kimsə bu dövranı dəyişdirə bilməz. O səbəbdən iyunun 10-da Albaniya prezidenti Buyar Nişani yoldaşın Respublika günü münasibəti ilə cənab prezident, möhtərəm zati-aliləri, bütün Qafqazın lideri və analoqu olmayan inkişafımızın atası İlham Əliyevə (ümidvaram bu sözlərdən sonra məni tutmazlar, çünki belə müraciət eləməyənlərin azı 50 nəfəri bu saat Kürdəxanı zindanında işgəncə çəkir, dırnaqları qopardılır, kürəkləri damğalanır, qolları qırılır və sairə) yazdığı təbrik məktubu qeyri-adi deyil. Bizdə Respublika günü 28 maydır, Buyar Nişani isə düz iki həftə sonra təbrik yollayıb. Teleqramın uzaqdan gəldiyini, gecikdiyini düşünə bilərikmi? Yox. Sadəcə, bizim müstəqilliyimiz yuxarıda qeyd elədiyim kimi, əbədidir, daimidir, dönməzdir. Haçan istəsən, ilin hansı günündə, günün hansı saatında təbrik eləsən keçərlidir. Atalar demişkən, müstəqilə hər gün bayramdır. Biz isə nəinki müstəqilik, hətta deyərdim lap müstəqilik. Amerikalılar, almanlar, ingilislər, ruslar, canım sənə desin, finlər, estonlar, buşmenlər və qottentotlar, babuinlər və hamadrillər, uzun sözün qısası, hər kəs gəlib bizdən müstəqillik dərsləri öyrənir.
Müstəqillik dərsləri Bakı Dövlət Universitetində və Gəncə Kənd Təsərrüfatı Akademiyasında ayrıca kafedralarda tədris edilməkdədir.
Bayaq Banqladeşin xarici işlər nazirinin Bakıda nə axtardığını bilmədiyimi yazmışdım, indi öyrəndim, yazım siz də bilin. Sən demə, Bakıda Fələstinə dəstək üzrə İslam dövlətlərinin donor tədbiri keçirilir, pul yığıb verəcəklər. Guya müsəlman dövlətləri qardaşlıq nümayiş etdirirmiş, Azərbaycan da bu işdə ağsaqqal, ev yiyəsiymiş. Gözəl. Əgər Fələstinə yardım işinə biz qarışdıqsa mən fələstinlilərin xoşbəxt olacağına şübhə eləmirəm. Azərbaycan Kommunist Partiyasının Vyetnama yardımları olurdu, onun layiqli davamçısı YAP da qoy Fələstini qurtarsın.
Əslində bu işi təkcə Rövnəq əkəyə tapşırsalar bəs idi. Buldozerləri və qoçu dəstələrini yeridib İsrailin hasarlarını sökərdi, ərəb xalqı müstəqilliyə qovuşardı. Konfrans hələ işinə başlamayıb, indi də gec deyil. Yoxsa yığılması gözlənilən 500 milyon batıb gedəcəkdir.