Medianews.az
Nazirin təzə emblemi
187 baxış

Nazirin təzə emblemi

Zamin HACI

zaminhaci@gmail.com

Nazirin təzə emblemi

 

Mən şəxsən iki dövlət idarəsinin fəaliyyətinə azarkeşlik edirəm. Bunlardan biri “Asan-xidmət” (AX) idarəsidir. İdarə fəaliyyətini genişləndirərək Qarabağ münaqişəsinin həlli üzrə də işlər görməyə başlayıbdır. Həm də bunun qısa adını çox bəyənirəm. Adamın hisslərini oyadır. İkincisi isə əslində idarə özü yox, onun şefidir. Söhbət təzə təhsil nazirimiz Mikayıl Cabbarovdan gedir. Mikayıl müəllim nazirlikdə, təhsil sahəsində, kurrikulumda böyük uğurlara imza qoyur. Nəinki imza qoyur, həm də imza atır. Yeri gəlmişkən, mən hələ də bu lənətə gəlmiş “kurrikulum” sözünün mənasını bilmirəm, heç bilmək də istəmirəm - kurrikulum yox idi, səhər açılmırdı? Tək elə bu sözü dilimizə dürtüşdürdüyü üçün əski təhsil naziri Misir əkəni heç vaxt bağışlamayacağıq. Bir də 1-ci sinfin “Riyaziyyat” dərsliyinə saldığı “barqraf” sözünə görə.

Mikayıl müəllimin fəaliyyətinə qısa nəzər saldıqda görürük ki, bizi təhsil sahəsində çox müsbət yeniliklər gözləməkdədir. Məsələn, o nazirlikdə bir adam var idi, özü də yanılmıramsa Mərdanovun ya xalası oğlu idi, ya da əmisi oğlu (dövlətçilik ənənələrimizə tam uyğun olaraq), bu adam tikinti işlərinə baxırdı, babat pul yeyirdi. Bir sinif otağını 100 min manata tikirdi. Misir müəllim də xalaoğlunun yeyinti işlərinə qəşəng bəzək vururdu, deyirdi bu sinifin baha olması pəncərələrin zirehli şüşədən, döşəmənin palıddan, divarların qızıl və gümüş kərpiclərdən qayırılmasına görədir. Lakin Mikayıl müəllim “göz yaşlarına inanmadı”, bu adamı işdən qovdu. Böyük ehtimalla indən belə sinif otaqları 200 minə başa gələcək, çünki biz kosmos ölkəsiyik, ucuz sinifdə uşaq oxutdura bilmərik. 
Başqa bir tədbir odur ki, bütün incəsənət təmayüllü məktəblərdə Vudi Allenin “Mika, Kristina, Barselona” filminin tədrisi nəzərdə tutulmuşdur. Doğrusu, burda “Kristina” nə deməkdir, bunu heç mən də bilmirəm. Güman eləmək olar həmin “kurrikulum və barqraf” tipli bir şeylərdir. Dünyada bilmədiyimiz o qədər şey var ki... Sokrat demişkən, bilmədiklərimi ayağım altına yığsam, əlim Azərbaycanın peykinə çatar. 
Son günlər təhsil naziri vətəndaşların şikayət və təkliflərini dinləmək sayəsində də, deyilənə görə, müsbət işlər görübdür. Qəbula yazılıb, hətta naziri görmək də mümkün olacaqmış! Düzü, burada təhsil nazirinin “Asan-xidmət”in səlahiyyətlərini mənimsəmək cəhdini görürəm, çünki bizdə adam qəbulu, avtobusa minmək, tində qutab yemək kimi hökuməti populyarizasiya tədbirləri məhz “AX”-ın əlindədir. Məndən yazmaqdır, sonra AX və TN dalaşsa deməyin ki, xəbər verməmişdik. 
Ancaq bütün bunlar nazirin ən son hərəkətinin yanında xırda-mırda işlərdir. Mikayıl müəllim çox fantastik bir tədbir görübdür. Ürəyi xəstə olanlar, mədəsində “yazva” olanlar, göz təzyiqindən, qulaq ağrısından, onikibarmaq bağırsağın xorasından, epilepsiyadan və toy gecəsi uğursuzluğundan əziyyət çəkən zəhmətkeşlərimizdən xahiş edirəm aralı dursunlar, yazının ardını oxumasınlar, çünki şok xəbərdir. Buyurun: Mikayıl müəllim Təhsil Nazirliyinin emblemini dəyişdiribdir! 
Sən demə, qabaqkı emblemdə səkkizguşəli ulduz, onun içində dairə, dairənin içində göyərçin, göyərçinin qarnında div... Yox, bu ayrı nağıl idi. Demək, ulduzun içində kitab, kitabda Azərbaycan xəritəsi təsvir olunubmuş. İndiki emblemdə isə çoxlu kitabdan çiçəyə bənzər bir şey düzəldilib, bunun da içində Azərbaycanın gerbi qoyulub. Özü də kitabların bəziləri başı aşağı, vərəqləri isə aralı çəkilib! Bir növ, demək istəyir ki, kitabın arasında rüşvət qoyub müəllimə vermirik. Olsaydı yerə tökülərdi. Ya da kim bilir, bəlkə də emblem pulun düşdüyü andan sonrakı vəziyyəti göstərir. 
Afərin! Dəstəkləyirik. Hər bir müəllim o emblemin altında yaşamaq istəyərdi.

musavat.com

 

 

Bizə qoşulun