Medianews.az
Evləri var xana-xana..
164 baxış

Evləri var xana-xana..

Rey Kərimoğlu

Evləri var xana-xana..

Son günlər dövlət tərəfindən jurnalistlərə pulsuz veriləcək mənzillərin necə və kimə paylanacağı müzakirə mövzusudur. Hərənin ağzından bir avaz gəlir. Biri deyir ki, “bu jurnalistin satın alınmasıdır”, digəri isə düşünür ki, “söz azadlığına vurulan zərbədir”, “dövlət mətbuatın iqtisadi cəhətdən güclənməsinə dəstək verməlidir”, başqa birisi isə bunu “jurnalistlərin qabağına atılan sümük” hesab edir. Sonuncunu illərlə mediamıza kapitanlıq etmiş, bu yolda saç-saqqalını ağartmış, hörmət bəslədiyim birisi deyib.

 

Amma ta bu qədər də yox, qardaşlar! Hər şeyin bir həddi, əndazəsi var axı! Maraqlıdır ki, bunu deyənlərin heç birinin mənzil problemi yoxdur, heç əvvəllər də elə ciddi problemləri olmayıb. Daim birbaşa və ya dolayısı ilə dövlət dəstəyindən bəhrələniblər. Elə qəzet rəhbəri var dövlətdən iki dəfə ev, bağ alıb, amma bu gün pulsuz mənzillərin verilməsinə qarşı çıxır. Yaxşı bəs, “bəy dediyin nədir, bəyənmədiyin nə?” Allah hər kəsin varını özünə qismət eləsin! Amma Allah xatirinə, illərlə kirayələrdə, dost-qardaş evində yaşamağa məhkum edilmiş jurnalistləri də bir fikirləşin! İmkan verin, olmayanlar da ev-eşik olsun! Axı aldıqları qonorarla, əmək haqqı ilə onlar heç ailələrini doğru-düzgün dolandıra bilmirlər. Üstəgəl, kirayə haqqı! Axı onlara qonorarı, əmək haqqını elə Sizlər verirsiniz. Və nə verdiyinizi çox gözəl bilirsiniz... Bu və digər səbəbdən heç bir bank da bunlara kredit vermir.

 

...“Dövlət mətbuatın iqtisadi cəhətdən güclənməsinə dəstək verməlidir” - Pardon, cənablar! Bəs Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) xətti ilə hər il hər qəzetə layihə və birbaşa yardım kimi ayrılan 100-120 min manat nəmənədir? Sizlər o vəsaitdən hansı jurnalistin, mənzil demirəm ha, heç olmasa mənzilinin damını düzəltməyə kömək etmisinizmi? Lütfən, deməyin ki, ay o vəsaitin konkret təyinatı var, pulu redaksiyanın maddi-texniki vəziyyətini yaxşılaşdırmaq üçün ayrılıb və sairə. Ən azından jurnalistlər hər şeyi görür... Təəssüf ki, ortada nümunələr var.

 

Bəs veriləcək evləri “jurnalistlərin qabağına atılan sümük” hesab edənlərə nə deyək? Məncə, heç nə, çünki özləri müxtəlif ölkələrdən, beynəlxalq fondlardan aldıqları qarantların nə olduğunu çox qəşəng bilirlər.

 

Hə, tamam unutmuşdum-jurnalistlər villa, dəm-dəsgah istəmir ha, mənzil istəyir, mənzil. Sadə, rahat, işıqlı... Hamı kimi ailəsini yığmağa, yaşamağa mənzil.

 

Onu da unutmayın, mətbuat orqanlarının əziz rəhbərləri, jurnalistlər olmasa, nə qəzet çıxasıdır, nə də jurnal...

 

Jurnalistsiz baş redaktor, əsgərsiz komandir kimidir. Bunu hamı bilmir, məncə...

 

reykerim@gmail.com

 

 

Bizə qoşulun