Medianews.az
Belikovun respublikası
187 baxış

Belikovun respublikası

Belikovun respublikası

 Bu yaxında Quba rayonunda Daxili Qoşunların 5 əsgəri avtomobil qəzasında həlak oldu. Açığı, o qəzaya qədər mən Qubada DQ hərbi hissəsinin olduğunu bilmirdim. Zaqatala, Hacıqabul, Biləcəridəki hərbi hissələrdən xəbərdar idim, ancaq Quba mənim üçün yeni oldu. Guya hansından xəbərdarıq ki? Son illərdə hakim rejim az qala hər rayonda, hər idarədə, hər nazirliyin pəncəsi altında özünü qorumaq üçün qanuni, qanunsuz silahlı dəstələr, qoçu qruplaşmaları yaradır. Tam biabırçı vəziyyətdir. Təzəlikcə Birləşmiş Millətlər Təşkilatına aid bir hesabatda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin... Şimali Koreya Xalq Demokratik Respublikasından tapança alması haqda məlumat verilmişdi. Görəsən tapançalar FHN-in nəyinə lazım imiş? Bəlkə bunlar uşaqların oynatdığı suvuran tapançalardan imiş, yanğın zamanı istifadə edəcəklər? Zarafat bir yana, dünən öyrəndim ki, FHN-in xaricdən aldığı silahlar içində hətta UZİ avtomatları da var! Yoldaş Heydərov dişindən-dırnağına qədər silahlanaraq seçkilərə hazırlaşır yoxsa? Nə biləsən...

 

Bəzən bizdə əsgər ölümləri statistikası, yaxud, hərbçilərə, formalı şəxslərə aid neqativ hesabatlar göz deşir. Bunun səbəbi təkcə keyfiyyətlə bağlı deyil, burada ciddi olaraq kəmiyyət faktoru da var: ölkədə uniformalı şəxslərin sayı saysız-hesabsızdır. 

Əslində hər kəsə bir forma biçmək, insanları bu formalara doldurmaq totalitar rejimlərin köhnə xəstəliyidir. Biz bunun tipik örnəklərini yaşadığımız SSRİ-də görmüşük. İndiki Azərbaycanda da rejim məktəbli uşaqlardan tutmuş yol işçilərinə qədər hər kəsin vahid formada, geyimdə olmasına çalışır. Sürü effekti üçün. Fərdi azadlıqlara yer olmadığını göstərmək üçün. 

Ancaq mövzumuz təbii ki, məktəblilər və fəhlələr deyil. Onların vahid forması bir çox hallarda məqbuldur. Söhbət poqon daşıyan, bir növ, başqa vətəndaşlardan üstün hüquqlara malik, xüsusi statuslu formalı şəxslərdən gedir. Azərbaycanda məhz belə tipli insan sinfinin sayı artıb. Az qala baytarlıq idarəsindən tutmuş vergiyə, gömrükdən polisə qədər hər kəs forma, poqon daşıyır. Mən son vaxtlar belə formalı şəxslərin min cür çeşidini görürəm. Bəzən geyimin qolu üstündə yazını oxumayana qədər heç anlamaq olmur bu adam “hansı yuvanın quşudur”. 

Onlar o qədər çoxdurlar ki, istər-istəməz xəbər lentlərinə hər gün çıxırlar. Ya avtomobil qəzasında, ya kimisə döyərək, ya da öz aralarında toqquşaraq. Bu sonuncu hal xüsusən gülməlidir. Mən bir dəfə çox unikal hadisənin şahidi oldum. Qanunsuz tikili adı ilə neft idarəsinə aid ərazidə evi sökməyə cəhd edirdilər. Ev yiyəsi yanğından mühafizə idarəsinin formasında idi. Evi sökmək istəyənlər ARDNŞ-nin mühafizə xidmətinin geyimində idilər. Arada münaqişə yarandığı üçün polis çağırılmışdı, təbii ki, polis də öz formasında gəlmişdi. Yerli sakinlər jurnalistlərə zəng vurmuşdular, jurnalistlər də üstünə “Press” yazılan gödəkçələrdə müşahidə aparırdılar. 

Bizim ölkəmiz, cəmiyyətimiz məzmunsuz bir cəmiyyətdir. Burda daha çox forma var. Formadan formalizm doğulur. Nə hüquq var, nə qanun. Ancaq formalar var. Hərəni bir qabın içinə soxublar, adamlar da zaman keçdikcə o qabların şəklini alıb. Yaponların dördbucaq qarpızlar yetişdirməsi kimi. Niyə uzağa gedək, uşaq vaxtı yadımdadır, biz kənd yerində xiyarı da körpə vaxtından butulkanın içinə salırdıq, sonra butulkavari xiyar əmələ gəlirdi. 

Formalar, hasarlar, dekorasiyalar totalitar rejimlərin fərqlənmə nişanlarıdır. Çexov sağ olsaydı, bəlkə “Qılaflı adam” əsərini Azərbaycana həsr edərdi. Hekayənin qəhrəmanı da Belikov yox, məsəl üçün, Əliyev soyadlı bir adam olardı.

Bizə qoşulun