Məlum olduğu kimi, Azərbaycan vətəndaşları xarici internet resurslarından onlayn xidmətlər alarkən bank kartlarından əlavə 18% ƏDV tutulması prosesi 1 yanvar 2017-ci il tarixindən etibarən tətbiq olunurdu. Həmin sistemdə qeyri-rezident şirkət ölkədə qeydiyyatda olmadığı üçün yerli banklar vergi agenti qismində çıxış edərək bu məbləği birbaşa vətəndaşın kartından çıxırdı. Lakin iqtisadiyyatın rəqəmsallaşması və elektron ticarətin şəffaflaşdırılması məqsədilə Vergi Məcəlləsinə edilən son mühüm dəyişikliklər (33.8-1-ci və 169.8-ci maddələr) bu mexanizmi kökündən dəyişir.
Nazirlər Kabinetinin 387 №-li qərarı ilə təsdiq edilmiş yeni qaydaya əsasən, artıq xarici platformaların özləri Azərbaycanda elektron qaydada ƏDV məqsədləri üçün uçota alınırlar.
İslahatın əsas məqamı vətəndaşlar üçün əlavə vergi olmamasıdır. 10.000 dollardan yuxarı dövriyyəsi olan qeyri-rezident şirkətlərin qeydiyyatı məcburidir. Bu zaman vergi öhdəliyi birbaşa xarici platformanın öz üzərinə keçdiyindən, vətəndaşlar üçün hər hansı əlavə vergi hesablanmır.
10.000 dollardan aşağı dövriyyə üçün könüllü uçot tətbiq edilir. Dövriyyəsi bu məbləğdən aşağı olan xarici şirkətlər üçün könüllü uçot mexanizmi müəyyən edilir. Qeydiyyatdan keçməyən kiçik platformalardan xidmət alarkən banklardan ƏDV tutulması davam edəcək, lakin onlar da istədikləri an könüllü şəkildə uçota alına bilərlər.
Məhdudlaşdırma yox, könüllü əməletmə siyasəti qurulur. Vergi orqanları sərt qadağalar və ya bloklamalar yerinə beynəlxalq təcrübəyə (OECD təlimatlarına) uyğun olaraq "könüllü əməletmə" yolunu seçiblər. Gələcəkdə digər alətlərdən istifadə ehtimalı kəsin olmasa da, hazırda əsas məqsəd rəqəmsal bazarı cəlbedici və şəffaf saxlamaqdır.
Vətəndaşa birbaşa faydası isə qeydiyyatdan keçən qlobal nəhənglərdən onlayn xidmət alarkən, yerli banklar tərəfindən kartlardan əlavə 18% ƏDV tutulmur. Çünki həmin şirkətlər vergi öhdəliyini özləri birbaşa dövlət büdcəsinə ödəyirlər.

Elvin Abbasov,
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının