2013-cü il seçkilərinin hakimiyyət üçün müstəsna önəm daşıdığı bəllidir. Söhbət təkcə hazırkı ölkə başçısının üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürməsinin beynəlxalq birlikdə yaradacağı qıcıqdan yayınmağın çətinliyindən getmir, - hansı məsələ ki, hətta qonşu və avtoritar Rusiyada, İranda, Ermənistanda birinci şəxslərdən ötrü dilemma doğurmayıb, - söhbət ən əvvəl mövcud siyasi rejimin davamına Azərbaycanda strateji maraqları olan qlobal güc mərkəzlərinin xeyir-duasını almaqdan gedir.
Yəqin ki, seçki mövzusu ətrafında situasiyanın olduqca həssas və mürəkkəb olması səbəbindəndir ki, hakimiyyət hələ də öz namizədini rəsmən elan etməyib. İqtidar dəhlizlərindən sızan məlumatlara görə, ali rəhbərlik bunun üçün minimum əlverişli beynəlxalq şəraitin yetişəcəyini gözləyir və öncəliklə ölkə dışındakı güc mərkəzlərini vaxtından əvvəl qıcıqlandırmaq istəmir. Halbuki əvvəlki (2008) prezident seçkiləri ilində İlham Əliyevin namizədliyi seçkilərə xeyli qalmış rəsmən məlum idi.
Maraqlıdır ki, bu arada bəzi bölgələrdəki müxalif dairələrə hakimiyyətdəki əsas iddiaçının üçüncü dəfə öz namizədliyini irəli sürməyəcəyi barədə xəbərlər sızdırılıb. Siyasi opponentlərə hətta gözaydınlığı çatdırıldığı iddia olunur. Ola bilsin, bu, daxili və beynəlxalq ictimai rəyi həm sakitləşdirməyə, həm də çaşdırmağa yönəlik təbliğati bir fənd, dezinformasiyadır. Hədəfin ictimai nəbz yoxlanışı və ya demokratik qüvvələrin düşərgəsində əlavə problem yaratmaq ola biləcəyi də istisna olunmur.
Lakin iqtidar namizədinin kimliyindən asılı olmayaraq hakimiyyətin növbəti seçki tamaşasına hazırlaşdığı şəkk-şübhəsizdir. Bu qənaətə gəlmək üçün güclü siyasi müşahidə qabiliyyətinə ehtiyac da yox. Gerçək bu ki, səsvermə gününə 5 aydan da az qaldığı halda ölkədə demokratik rəqabət mühitinin heç qoxusu belə gəlmir. Əksinə, iqtidar bu mühiti qanunverici baza və inzibati üsullar hesabına aybaay ağırlaşdırır, söz-ifadə azadlığına məhdudiyyətlərin yeni-yeni formalarını icad edir, fəal gəncliyə qarşı repressiyaları şiddətləndirir.
Hakimiyyətin əsas müxalif qüvvələri 16 oktyabra kimi maksimum zəiflətmək, yaxud küncə sıxışdırmaq kursu götürdüyü məlumdur. Növbəti seçki şousu hazırlıqlarına dəlalət edən daha bir informasiya elə bu qəbildəndir. Məlumatlara görə, artıq yerli icra hakimiyyəti başçılarına bu məsələdə ən sərt şəkildə tədbirlər görmək tapşırılıb. İcra başçıları da öz növbəsində ərazi icra nümayəndələrini bu haqda təlimatlandırıblar. İcra nümayəndələrə ən sərt formada xəbərdarlıq edilib ki, əgər ərazidə müxalifətin bircə toplantısı, hansısa formada fəal tədbir keçirməsi baş verərsə, o zaman onlar dərhal işdən çıxma ərizələrini yaza bilərlər. Bölgələrdə opponentlərin istənilən fəallığının qarşısını qətiyyətlə almaq yerli icra strukturu qarşısında 1 nömrəli vəzifə kimi qoyulub.
2 nömrəli vəzifə də var. Bizi bilgiləndirən mənbəyə görə, bu da odur ki, icra başçıları nəyin bahasına-olur olsun, 16 oktyabrda seçki məntəqələrinə hakimiyyət namizədinin xeyrinə səs verəcək yetərli sayda seçici gəlməsini təmin eləməlidirlər. Elə sayda ki, nə seçkilərin ikinci turuna, nə də biabırçı seçki karusellərinə ehtiyac qalsın. Yəni sanki seçici özü, könül xoşluğa ilə məntəqəyə gəlir və səsini YAP namizədinə verir.
Bundan ötrü elektorata ünvanlı hər cür şirnikləndirici, hətta təhdidedici, təzyiq üsulları və mexanizmlərinin məqbul sayıldığı da gələn informasiyalar arasındadır. Məmur aparatına bu yöndə həmçinin xəsislik etməmək və pul kisəsinin ağzını daha səxavətlə açmaq məxsusən tapşırılıb.
Bütün bunlar əlbəttə ki, dünyanın xüsusi diqqətində olacaq seçkiləri az-çox seçkiyə oxşatmağa, seçki saxtakarlığını “urvatlı” miqyasa salmağa, ən əsası, prezident İlham Əliyev namizədliyini versə belə, ona yenə də xalqın əksərinin səs verdiyini göstərməklə beynəlxalq birliyi, nüfuzlu təşkilatları fakt qarşında qoymağa hesablanıb.
Paralel surətdə beynəlxalq müşahidəçilərin az saylı olması üçün planlar cızılır, səylər intensiv davam etdirilir. ATƏT-in Bakı ofisinin statusunun kiçildilməsi məqsədilə neçə aydır Azərbaycan XİN-in göstərdiyi təşəbbüslər həm də buna görədir. Bəzi ehtimallara görə, iqtidar bu dəfə hətta ATƏT-dən müşahidəçilər qrupu dəvət etməyəcək...
***
Ancaq bütün bunlar təbii ki, hakimiyyətin ilkin seçki hazırlıqları, necə deyərlər, hakimiyyətin saydıqlarıdır. Əlahəzrət xalqın payızda necə sayacağı isə hələ ki naməlum olaraq qalır. /Yeni Müsavat/