
Mayın 28-də Azərbaycan Demokratik Respublikasının yaranmasının 95 illik yubileyidir. Siyasi təşkilatlar möhtəşəm tarixi xüsusi tədbirlərə qeyd etməyə hazırlaşırlar. Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlının verdiyi məlumata görə, Müsavat ADR-in 95 illiyi ilə bağlı mayın 27-də Müsavat Partiyasının qərargahında beynəlxalq konfrans keçirəcək. Konfransa Türkiyədən və digər Avropa ölkələrindən bir sıra qonaqlar dəvət edilib. Partiya funksioneri qeyd etdi ki, mayın 28-də isə Müsavat Partiyası olaraq hər il olduğu kimi, Novxanı qəsəbəsində Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edəcəklər.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da bildirdi ki, ADR-in yubileyi ilə bağlı partiya mayın 28-də Novxanıda M.Ə.Rəsulzadənin abidəsini ziyarət edəcək.
Ümid Partiyasından bildirildi ki, ADR-in 95 illiyi ilə bağlı bəzi tədbirlər planları var. Bu barədə son qərarlar “Qarabağ” blokunun 22 may toplantısında qəbul ediləcək.
Demokratik Qüvvələrin Məşvərət Məclisi də cümhuriyyət gününü 28 mayda Novxanı kəndində M.Ə. Rəsulzadənin abidəsinin və yaxınlarının məzarının ziyarəti ilə qeyd edəcək.
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı isə aznews.az -a bildirib ki, partiyanın Respublika günü ilə bağlı müəyyən planları var. O, hazırda İranda səfərdə olduğunu, məsələnin təfərrüatları barədə səfərdən sonra danışa biləcəyini qeyd edib.