
“Peyğəmbərimiz kimi yaşasaq düzgün yaşayarıq”
“Həyatda ən əhəmiyyətli insan olmaqdır ki, bunun da yolu Qurani Kərimi bilməkdən keçir”. Bunu Türkiyə şou-biznesinin ən tanınmış nümayəndələrindən biri, məşhur müğənni Kayahan “Milat” qəzetinə verdiyi müsahibədə deyib. Müğənni insanların sahib olduğu vəzifə və mövqenin həyatda heç bir əhəmiyyət kəsb etmədiyini deyib.
“İnsan olmaq. Mənim üçün həyatda ən əhəmiyyətli şey insan olmaqdır. Hər kəs insanlığı ölçüsündə mənim üçün dəyərlidir. Şəxslərin harda olduqları və mövqeləri mənim üçün o qədər də önəmli deyil. Bu, özümə də aiddir. Mən harda oluramsa olum, insan olmadıqdan sonra heç bir dəyərim yoxdur”.
İnsanlığın dini kitablardan öyrənildiyini deyən Kayahan doğru insan olmanın özü üçün əsas həyat prinsipi olduğunu qeyd edib. “Mənə görə insanlığı ən yaxşı dini kitablardan öyrənmək olar. Mənim kitabım isə Qurani Kərimdir. Doğru bir insan və doğru bir qul olmaq isə mənim üçün əsas həyat prinsipidir”.
Dinin həyatda tətbiq edilməsinin ölçüsünün İslam peyğəmbəri olduğunu deyən müğənni bildirib ki, hər şeyin ifratı ziyanlıdır. “Dini həyatda tarazlıq peyğəmbərimizin yaşadığı kimi yaşamaqdır. Məncə hüdud da, sərhəd də odur. Səhərdən axşama qədər ibadət etmək ifratçılıdqır. Amma peyğəmbərimiz kimi yaşasaq düzgün yaşayarıq. Hər şeydə ifratçılığa getmək ziyandır. Könül almaq, insanları sevindirmək və evdə sənə lazım olan xalçanı məscidə verə bilmək çox əhəmiyyətlidir. Tox olanda ac qalanı fikirləşirsənsə, isti otaqda soyuqda üşüyəni fikirləşirsənsə insan olmağa başlayırsan”.