Bu gün Sumqayıtdakı 17 saylı məktəbin 11-ci sinif şagirdi Azad İlyasovun halı məktəbin həyətində qəflətən pisləşib. Həkimlər onun həyatını xilas edə bilməyib. Şagirdlər iddia edirlər ki, Azadın ölümünə səhhətindəki problemlə yanaşı, digər məktəblilərlə birgə gecikdiyinə görə verilən cəza olaraq məktəbin həyətində qaçması olub. Bundan sonra o, ağacın altına yıxılıb və çox çəkməyib ki, vəfat edib. Ürəyində problem olan Azada isə həkimlər nəinki qaçmağa, ümumiyyətlə, hər hansı bir fiziki işlə məşğul olmağa həkimlər qadağa qoyublar. Gecikməyə görə məktəbin həyətində qaçmaq cəzası absurd səslənsə də, məktəblilər bunun reallıq olduğunu iddia edirlər. 

 

Məktəbin direktoru Nargilə Səfərova şagirdin ölümü ilə bağlı belə söyləyib: “Məktəbin həyətində halı pisləşib. Qaçırtmaq məsələsi qətiyyən olmayıb”. 

 

Vəfat edən məktəblinin valideynləri isə deyir ki, uşağın ürəyində problem olduğundan, o, hətta arayış əsasında bədən tərbiyəsi dərsindən də azad olunub. 

 

Sumqayıt şəhər Təhsil şöbəsində isə məsələnin araşdırılacağına söz verdilər. Qurumun müdir əvəzi Vaqif Ələkbərov bildirib ki, gecikməyə görə şagirdlərin qaçmağa məcbur edilməsi barədə ilk dəfə eşidir: “Əgər uşaqlara cəza verilməsi məsələsi aşkarlansa, həmin məktəb nümayəndələri cəzalandırılacaq”. 

 

Xatırladaq ki, bu Sumqayıtın 17 saylı məktəbində baş verən ilk neqativ hal deyil. Bir neçə ay öncə internetdə sözügedən məktəbin müəlliminin şagirdləri döydüyünü əks etdirən video da yayılmışdı.