Medianews.az
Noyabra qədər müvəqqəti yasaq
127 baxış

Noyabra qədər müvəqqəti yasaq

Xalid KAZIMLI

samir_sari@mail.ru

Noyabra qədər müvəqqəti yasaq

 

İki ildən çoxdur, dünya mediasında belə söz-söhbətlər dolaşırdı ki, Tunisdə və Misirdəki diktatorların devrilməsi məhz internet üzərindən, sosial şəbəkələr vasitəsilə mümkün olub. Əvvəl-əvvəl bu, o qədər də ciddi qəbul olunmurdu, adamlar düşünürdülər ki, virtual aləmdəki fəallıq real dünyaya necə transfer oluna bilər ki, topu-topxanası, çevik polisləri, ağır artilleriyası olan hakimiyyət onun qarşısında tap gətirməsin.

 

Ona görə də ərəb ölkələrindəki inqilabi hərəkatlardan, onu tətikləyən səbəblərdən və digər amillərdən söz düşərkən hakimiyyət sözçüləri əmin-arxayın şəkildə bildirirdilər ki, bütün bunlar Azərbaycanda mümkün deyil, burda vəziyyət fərqlidir, iqtisadi inkişaf belədir, xalq öz rəhbərliyindən razıdır və s.

Ancaq açıq-aşkar hiss olunurdu ki, sözçülər Azərbaycanda inqilabi hərəkətlənmənin olmayacağını canfəşanlıqla bəyan etsələr də, öz daxillərində ciddi əndişə keçirirlər, eyni zamanda xalqın siyasi fəallığının, məlumatlılığının aşağı səviyyədə olmasına arxayındırlar, bundan məmnundurlar.

Bu məmnunluq da təsadüfi deyildi. Ali sarayda bilirlər ki, ölkədə fəaliyyət göstərən bütün radio-televiziya qurumları hələ 10-15 il öncədən total nəzarətə götürülüb, hakim rejimin siyasi ruporuna, ucuz şoularla baş qatmaq vasitəsinə çevrilib; yazılı mətbuat küncə sıxışdırılıb, satılıb-alınıb; bir neçə populyar qəzet isə istər-istəməz əvvəlki illərdə olduğu kimi qanını qaşığa qoyaraq fəaliyyət göstərə bilmir, başlarının üstündə hər an icraya yönəldiləcək məhkəmə sanksiyaları var. Bundan başqa, müxalif ovqatlı nəşrlərə təzyiq göstərmək üçün hakimiyyətin əlindəki rıçaqlar bir qədər də artıb.

Belə bir situasiyada hakimiyyətdəkilər internetin, sosial şəbəkələrin gücünü ciddiyə almırdılar.

Onsuz da əzəl başda internet ölkəmizdə əyləncə, baş qatmaq xarakterliydi, gənclər bundan tanışlıq üçün istifadə edirdilər. Hətta “filankəs internetdə çatlaşır” kimi bir töhmət-təhniz replikası da vardı. Son bir-iki ilə qədər minlərlə ciddi, yaşlı-başlı adamın sosial şəbəkədə öz hesabı yox idi.

Ancaq facebookun tərəqqi edərək ciddi sosial mediaya, informasiya mübadiləsi vasitəsinə çevrilməsi ilə bu stereotip dağıldı. Artıq minlərlə insan öz siyasi baxışlarını, mənəvi düşüncələrini, baş verənlərə dair subyektiv mülahizələrini facebook şəbəkəsindən istifadə edərək sərbəst şəkildə yaymaq imkanına malikdirlər. Get-gedə ölkənin siyasi fəalları əsas dərdləri seksual partnyor və könül həmdəmi aramaq olan yeniyetmə və gənclərdən, digər ballastlardan arınaraq öz virtual məkanlarını yaratdılar. Onlar burada uzun sürən yazılı polemikalar aparır, hansısa yeniliklərdən, tədbirlərdən bir-birini xəbərdar edir, virtual məkandan çıxıb real həyatda bir araya gəlmək üçün şərtləşirlər.

Bütün bunları hakimiyyət də müşahidə edirdi və gündən-günə belə bir qənaətə gəlirdi ki, sosial şəbəkədəki fəallığı nəzarət altına almaq getdikcə çətinləşir.

Azərbaycanda fəaliyyət göstərən, hakimiyyətin nəzarəti altında olması şübhə doğurmayan iki möbil operatorun bir günün içində, sözləşiblərmiş kimi, pulsuz facebook xidmətini dayandırmasının başqa bir tutarlı səbəbi yoxdur və ola bilməz.

Məqsəd seçki ilində insanların mühüm informasiyalar əldə etməsini, paylaşmasını əngəlləmək, sosial həyəcana, ajiotaja malik ola biləcək xəbərləri lokallaşdırmaq, yayılmasının qarşısını almaqdır. Bəllidir ki, on minlərlə fəal insan gün ərzində məhz mobil telefonlardan istifadə edərək internet şəbəkəsinə bağlı olur, müxtəlif vacib informasiyalardan ictimai nəqliyyatda, iaşə və ticarət obyektlərində, yaxud da küçədə olduqları vaxt xəbər tuta, onları öz dost-tanışları arasında paylaşa bilirdilər. İndi onlar bu imkanlardan məhrumdurlar. Ümid stasionar və portativ kompüterlərə qalır. Onlar isə, məlum olduğu kimi, mobil telefonlardan fərqli olaraq, hər adamda yoxdur. Beləliklə, fərdi kömpüteri olmayan yüz minlərlə şəxs seçki ilində mühüm hadisələrdən, hər gün məcrasını dəyişə biləcək proseslərdən xəbərsiz qalacaqlar.

Deyirlər, bu, müvəqqəti texniki problemdir. Əlbəttə, elədir. Noyabrda pulsuz facebook xidmətini bərpa etməkdə nə problem ola bilər?

 

Bizə qoşulun