Medianews.az
NDI təmsilçisinin Bakıdakı görüşlərinə dair şok yenilik
183 baxış

NDI təmsilçisinin Bakıdakı görüşlərinə dair şok yenilik

Ramiz Mehdiyevlə də təmas olub; Mehman Əliyevdən “inqilab institutu” ilə bağlı razılaşma barədə haqda ilginc açıqlamalar...

 

Hakimiyyət ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycanda fəaliyyətini davam etdirməsinə ay yarımlıq gərginlikdən sonra razılıq verib. ABŞ-ın Milli Demokratiya İnstitutu (MDİ) Azərbaycan hakimiyyəti ilə qurumun Bakı ofisinin saxlanması ilə bağlı razılıq əldə edib. Bu barədə “Yeni Müsavat”ın dünənki sayında dərc olunan məlumatda deyilir ki, MDİ-nin rəhbərliyini təmsil edən şəxs Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla görüşərək Azərbaycandakı fəaliyyətin davam etdirilməsini razılaşdırıb.

 

MDİ rəhbərliyinin Bakıda olduğu, lakin bu səfərin mətbuata açıqlanmadığı ABŞ dövlət katibinin insan haqları və demokratiya məsələləri üzrə köməkçisinin müavini Tomas Melianın Azərbaycana səfəri zamanı üzə çıxmışdı. T.Melia Azərbaycan hakimiyyətinin MDİ-yə qarşı hücumları ilə bağlı demişdi ki, institutun rəhbərliyi onun səfəri ərəfəsində Bakıda olub və hökumətlə danışıqlar aparıb. MDİ rəhbərliyindən konkret kimin - institutun direktoru Kennet Vollakın, yoxsa başqa birisinin Bakıya səfər etdiyi məlum deyil.

MDİ və qurumun Bakı ofisinin rəhbəri A.Qriqoryevsə Bakıda yaşıl işıq yandırılması (ona Bakıya gəlməyə razılıq verilib, lakin hələ Azərbaycana gəlməyib) Vaşinqtonla Bakı arasında konkret anlaşmanın olması kimi də dəyərləndirilə bilər. İqtidarın MDİ ilə bağlı anlaşmaya gəlməsinin əsas səbəbi A.Qriqoryevslə bağlı aparılan məlum hay-küylü kampaniyaya Amerikanın xüsusi xidmət orqanlarının asimmetrik cavabıdır. İqtidarda kifayət qədər ciddi dairələr də inanırlar ki, qərargahı Vaşinqtonda yerləşən Beynəlxalq Araşdırmaçı Jurnalistlər Təşkilatının adından yayılan Vircin adalarındakı offşor sistemlər üzərindəki sirr pərdəsinin qaldırılması və Azərbaycan prezidentinin də adının keçdiyi məlumatların dünyanın nəhəng KİV-ində dəfələrlə yayınlanması “Qriqoryevsin ifşası” kampaniyasına birbaşa cavabdır. 2 milyon dollara qarşı milyardlarla dollarlıq “ifşalar”, olduqca məxfi sirlərin açılması, Azərbaycan iqtidarındakı şəxslərin adlarının günlərlə dünya mediasının gündəmindən düşürülməməsi hakimiyyətdəki əksər texnoloqlar tərəfindən birmənalı şəkildə cavab aksiyası kimi qəbul olunur. Əgər bu, doğrudan da belədirsə, iqtidar daxilində bu prosesi həyata keçirənlərin öz hakimiyyətlərinə “ayı xidməti” xüsusi qeyd olunmalıdır. 

Bu, o deməkdir ki, ABŞ əlindəki imkanların az bir hissəsini Azərbaycan hakimiyyətindəkilərə tətbiq edərək onun üçün prinsipial bir məsələni öz xeyrinə həll edə bilib və vəziyyət köklü şəkildə dəyişib.

Bu dəyişilmənin Azərbaycanda payızda keçiriləcək prezident seçkilərinə, demokratik proseslərə necə təsir edəcəyi barədə “Turan” Agentliyinin direktoru Mehman Əliyevlə söhbət etdik. Mehman Əliyev öncə “Yeni Müsavat”ın yuxarıdakı xəbərinin mötəbərliyini təsdiq edən maraqlı məlumat verdi: “Məndə olan məlumata görə, ABŞ Milli Demokratiya İnstitutunun təmsilçisi Bakıda təkcə Əli Həsənovla deyil, Ramiz Mehdiyevlə də görüşüb. Hakimiyyət məlum məsələni qaldırmaq və şantaj yolu ilə ABŞ-la alver yolunu seçmişdi. Lakin bu alınmadı. Yəni MDİ ilə bağlı problemin qaldırılması ABŞ təşəbbüsü olmayıb. Bu, sadəcə, Azərbaycan tərəfinin təşəbbüsü olub. Azərbaycan tərəfi görüşdə hətta deyib ki, bizim MDİ ilə bağlı qaldırılan məsələdən iqtidarın xəbəri olmayıb, bu məsələni hüquq müdafiəçisi Eynulla Fətullayev qaldırıb və ictimailəşdirib, hakimiyyət isə bu informasiyanın doğru olub-olmadığını sadəcə yoxlayırdı. Hakimiyyət Amerika təmsilçisinə bunu deyib. Sözsüz ki, əsl vəziyyət başqadır. Biz bilirik ki, proses necə gedib və hansı bəyanatlar səslənib. İndi hakimiyyət məsələni öz üzərindən atır. Beləliklə, Azərbaycan tərəfi istədiyinə nail ola bilmədi. Çox səhv addım atıb gülünc duruma salmışdılar özlərini”. 

Onu da qeyd edək ki, Vaşinqtonla rəsmi Bakı arasında bu razılaşmanın seçkilərin taleyinə necə təsir göstərəcəyi haqda narahatlıqlar var. Mehman Əliyev isə məsələni anlaşma kimi yox, Azərbaycan tərəfinin geriyə çəkilməsi kimi təqdim etməyin daha düzgün olduğunu deyir və bildirir ki, narahatlığa əsas yoxdur: “Prezident seçkilərində ölkədə prosesi nə qədər çoxlu sayda beynəlxalq təşkilat müşahidə etsə, seçki prosesinin normal keçməsi üçün bir o qədər yaxşıdır. Biz bilirik ki, MDİ kimi beynəlxalq təşkilatlar səylər göstərirlər. Azərbaycan tərəfi beynəlxalq birlik qarşısında demokratiya, insan haqları, demokratik seçkilərlə bağlı xeyli öhdəliklər götürüb və illərdir ki, bu öhdəliklər yerinə yetirilmir. Həmişə ciddi mübahisə bunun üstündə gedib. Beynəlxalq təşkilatlar da o öhdəliklərin necə yerinə yetirildiyini izləyirlər. Bu gün isə mövqeləri daha konkretdir, daha sərtdir. MDİ-nin timsalında bunu gördük. Artıq Azərbaycan xalqı ilə beynəlxalq qurumların istəyi üst-üstə düşür. Hakimiyyəti də narahat edən budur”.

musavat.com

Bizə qoşulun