Zamin HACI
[email protected]
Sirli “M” hərfi
Məktəb, müəllim, maarif, Məleykə, Misir, Mikayıl...
Balaca olanda mən elə bilirdim buludların üstündə nəsə evlər, kəndlər, şəhərlər var, orda da yaşayanlar var. İndinin özündə kimsə gəlib desə ki, filankəsi kələmin içindən tapıblar, inanaram.
O cümlədən, qabağına qara pişik çıxanda çiyin üzərindən geri tüpürməyin xəta-bəlanı uzaq edəcəyinə, avropalıların çimməyi qumda yaşayan ərəblərdən öyrənməyinə, İranın Həmədan şəhərində bir şamla qızan qədim saunanın varlığına, Hacıbala Abutalıbovun ağıllı adam olmağına, cənab prezidentin Panamada, Virciniyada, Trinidad və Tobaqoda pul hesablarının yoxluğuna, ölümdən sonrakı həyata, yaşadığımız həyatın ölüm olmadığına və sairə və ilaxıra inanıram. Mən, yeri gəlmişkən, hətta kərtənkələyə qanad qoysan onun uça biləcəyinə də inanıram. Bu dərəcədə sadəlövhəm? Xeyr. Bəşəriyyətin potensialına inamım güclüdür. Yalnız bir şeyə hələ də inana bilmirəm: srağagün Misir Mərdanovun təhsil naziri vəzifəsindən çıxarılmağına.
Qəti mümkün deyildir. Bu hadisə olmamışdır! Kimsə məni inandırsın! Əgər Misir müəllim nazir görəvindən uzaqlaşıbsa, bəs nə üçün İslandiyadakı Eyyafyadlayekyudl vulkanı püskürməyibdir? Bu cəhənnəmə, heç olmazsa qonşuluqdakı Hofsyekyudl vulkanı azı içini çəkməliydi axı!?
Mən, etiraf edim, heç nə anlamıram. Misir müəllim hökumətin bütün əmr və tapşırıqlarını can-başla, səmimiyyətlə yerinə yetirirdi. Bütün kitabları, dərslikləri Heydər Əliyevin yazdığı elmi şəkildə isbat olunmuşdumu? Olunmuşdu. Xaricdə 5 manata tikilən sinif, bizdə 25 manata tikilirdimi? Tikilirdi. Müəllimlər və şagirdlər yaltaqlıq, yalançılıq, rüşvətxorluq üzrə test imtahanlarından həmişə uğurla çıxırdımı? Çıxırdı. Bəs bu adamı niyə işdən çıxarıblar? 15 il nazir üçün çoxdursa, ondan çox nazir işləyən Əbiyev, Usubov niyə qalır?
Üstəlik, Misir müəllimi ölkədə heç kim sevmirdi, bu parametr üzrə də hakimiyyətin idarəçilik tələblərinə cavab verirdi. Ramiz Mehdiyevdən tutmuş Paşayevlər klanına qədər düşmən cəbhələr belə onu bəyənmirdi. Məktəb direktorları yığdıqları pulu ürəklərində söyə-söyə yuxarı göndərirdi. Valideynlər, uşaqlar, amerikalılar, bosniyalılar, həmədanlılar, yaponlar, 10-cu sinfin biologiya kabinetindəki spirtə qoyulmuş qurbağa, Binəqədidəki 267 saylı məktəbin zirzəmisindəki siçanlar... Misir müəllimə nifrət bəsləyənlərin siyahısı riyazi sonsuzluq kimi bir şey idi. Uzun sözün qısası, planetdə Misir müəllimi sevən bir canlı da tapmaq mümkün deyildi. Belə adamı da qıyıb işdən atarlarmı, ay insafsızlar? Gözünüz tutulacaq! Payızda seçkidə qalib gələ bilməyəcəksiniz!
Özü də naziri qəsdən cümə günü işdən atdılar ki, səhərisi şənbə-bazara düşsün, istirahət günləri olsun və qəzəblənmiş müəllimlər, şagirdlər, məktəb direktorları etiraz aksiyaları keçirdə bilməsinlər.
Ümumiyyətlə, Misir müəllimdən necə qorxduqları (qorxmağı düz eləyirdilər, çünki bu insan yer üzündə həqiqət şüalarından biridir) göz önündədir. Kim deyir ki, onu srağagün işdən çıxarıblar? Yox! Misir müəllimi, bir məşhur lətifədəki kimi, “yavaş-yavaş aradan çıxarırdılar”, hissə-hissə işdən atırdılar. Birdən atmaq qorxulu olduğu üçün. Əvvəlcə məktəb tikməyi, təmir eləməyi onun əlindən aldılar. Sonra uşaq bağçalarını, sonra dərslik çapını, sonra orta məktəbdə imtahanı və sairə... Keçən həftə işdən çıxarılanda Misir müəllimin yalnız bir səlahiyyəti qalmışdı: başını qaşımaq. O da yalnız həftənin tək günlərində. Cüt günləri hökumətin ayırdığı xüsusi şəxs gedib nazirin başını qaşıyırmış.
Qaldı Misir müəllimin yerinə qoyulan Mikayıl Cabbarova,
onun Fərhad Əliyevin baqaja qoyulmasında xidmətləri, İçərişəhərin qədim görkəminə gətirdiyi yeniliklər, divarları qaşıması, təyyarə macəraları, istirahəti Barselonada keçirtməsi müsbət hadisələrdir. Məktəb direktorları, müəllimlər və valideynlər hazırlaşsın - kəndə təzə dəllək gəlib, özü də kəkili yandan qoyur...
