Medianews.az
ABŞ Azərbaycan hökumətini tənqid etdi
133 baxış

ABŞ Azərbaycan hökumətini tənqid etdi

ABŞ Dövlət Departamenti 2012-ci il üzrə dünyada insan haqlarının vəziyyətinə dair hesabatını yayıb.  Musavat.com Azadlıq.info-ya istinadən hesabatın Azərbaycana aid hissəsindən əsas məqamları təqdim edir:

Hesabatın xülasəsində deyilir:

Azərbaycan, Konstitusiyasına görə, prezident tipli respublikadır. Qanunverici hakimiyyət Milli Məclisə (parlament) məxsusdur. Praktikada prezident icraedici, qanunverici və məhkəmə hakimiyyətləri üzərində hökmranlıq edir. 

2010-ci ilin parlament seçkiləri ATƏT-in demokratik seçkilərlə bağlı bir sıra mühüm standartlarına cavab verməyib. Ölkədə 50-dən artıq siyasi partiya olsa da, hakim Yeni Azərbaycan Partiyası siyasi sistemdə hökmran mövqeyə sahibdir.

Separatçılar Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağın böyük hissəsini və Azərbaycanın 7 başqa rayonunu nəzarətdə saxlamaqda davam edirlər. Dağlıq Qarabağın yekun statusu ATƏT-in Minsk Qrupunun vasitəçilik səylərinin predmeti olaraq qalır.

İl ərzində insan haqları ilə bağlı əsas problemlər bunlar olub:

1.İfadə azadlığının məhdudlaşdırılması, o cümlədən, jurnalistlərə, hüquq müdafiəçilərinə və demokratiya fəallarına qarşı hədə-qorxu, həbs və gücdən istifadə,.

2.Səbəst toplaşmaq azadlığının məhdudlaşdırılması. Hakimiyyət 2011-ci ilin yazındakı etiraz aksiyalarında həbs olunanları azad edəndən və 3 dinc nümayişə razılıq verəndən sonra Bakının mərkəzinə yaxın yerlərdə aksiyaların keçirilməsini məhdudlaşdırıb, başqa dinc siyasi etiraz vasitələrini mtəmadi inkar edib, sanksiyalaşdırılmamış nümayişlər zamanı aşırı gücdən istifadə edib və bir qayda olaraq mümayişçiləri həbs edib.

3.Ədalətsiz mühakimə, o cümlədən, əsassız həbs və saxlanmalar, siyasi motivli həbslər, lazımi hüquqi prosedurların olmaması, məhkəmə sisteminə icraedici hakimiyyətin təsiri, məhkəməyə qədər uzunmüddətli saxlamalar.

Hakimiyyət mülkiyyət hüququna münasibətdə lazımi prosedurları gözləməyib, nəticədə məcburi köçürmələrə, binaların şübhəli əsaslarla sökülməsinə yol verilib, sakinlərə əmlakları müqabilində adekvat kompensasiya verilməyib.

İnsan haqları sahəsində digər problem həbsxana və polis məntəqələrində işgəncə və qəddar rəftarla bağlıdır. Bunun nəticəsində ötən il ən azı 4 nəfər ölüb.

Bunlardan başqa, şəxsi həyata özbaşına müdaxilələr, bir neçə qeydiyyatsız müsəlman və xristian qruplarının dini azadlıqlarının pozulması, siyasi fəaliyyətin məhdudlaşdırılması, dövlət idarəçiliyinin bütün səviyyələrdə korrupsiyalaşması, insan haqları sahəsində QHT-lərin qeydiyyatına maneələrin yaradılması, qadınlara qarşı zorakılıq və insan alveri əsas problemlərdir.

Hakimiyyət insan haqlarını pozan məmurlara qarşı heç bir tədbir görməyib, cəzasızlıq problem olaraq qalır.

***

Sənədin “Şəxsiyyət toxunulmazlığına hörmət” bölməsində qanunsuz həbslər, polis məntəqələri və həbsxanalarda şübhəli ölümlər, orduda zorakılıqların geniş yayılmaı və bir çox hallarda ölümlərə səbəb olması, ötən il orduda baş verən itkilər haqa məlumat verilir, bu sahədə pozuntulara görə cəzasızlığın davam etdiyi qeyd olunur.

Daha sonra Dağlıq Qarabağ və ətraf rayonlara erməni separatçılarının Ermənistanın dəstəyi ilə nəzarət etdiyi xatırladılır, münaqişə nəticəsində 4000 nəfərdən çox Azərbaycan vətəndaşının itkin kimi qeydə alındığı bildirilir.

Bu bölmədə işgəncə və zorakılıq, qeyri-insani və alçaldıcı rəftarla bağlı qeydlər də yer alır. Hesabatın bu bəndində “Kür” Vətəndaş Cəmiyyətinin Sabirabaddan olan fəalı İlham Əmiraslanovun həbsi və bundan sonra başına gələnlər; hərbi hissələrdə zorakılıqların geniş yayılması (ötən ilin iyulunda ölən 19 yaşlı əsgər İsmayıl İbayev nümunə göstərilməklə) barədə məlumatlar yer alır.

Növbəti bənd həbsxana və təcridxanalarda şərait barədədir.

Əsassız həbs və saxlamalar

Hesabatın bu bəndində ötən il Bakıda “Eurovision” ərəfəsi, eləcə də oktyabr-dekabr aylarında korrupsiya əleyhiə keçirilən etiraz aksiyalarında polisin aşırı gücdən istifadə etməsi əksini tapır.

Burada həmçinin, hüquq-mühafizə orqanlarının saxlanılanlara qarşı qanunları pozması göstərilir. Nümunə kimi qeyd olunur ki, “Tolişi-Sədo” qəzetinin baş redaktoru əvvəl narkotik alveri ittihamı ilə 3 ay müddətinə həbs olunub, amma sonradan ona qarşı ittihamı dövlətə xəyanət maddəsinə dəyişiblər.

Ədalətli məhkəmə araşdırmasından imtina

 

Hesabatın bu bəndində deyilir:

-İcraedici hakimiyyət məhkəmə sisteminə güclü təsir göstərməkdə davam edir. Ədliyyə Nazirliyi hakimliyə namizədlər arasında imtahan keçirən Məhkəmə-Hüquq Şurasına nəzarət edir.

Etibarlı hesabatlar göstərir ki, hakimlər və prokurorlar Prezident Administrasiyasından və Ədliyyə Nazirliyindən təlimatlar alıblar. Hakimlərin bir qayda olaraq rüşvət aldıqları da həmin hesabatlarda əksini tapıb.

Qanun dövlət, kommersiya və professional sirlərin, şəxsi və ya ailə məsələlərinin olmadığı bütün proseslərin açıq keçirilməsinə təminat verir. Lakin bu, praktikada hər zaman tətbiq olunmur.

Hakimlər adətən, hökmü açıq şəkildə oxumayıblar, qərarlarını əsaslandırmayıblar və müttəhimlərə izah etməyiblər.

Konstitusiya dövlət ittihamçıları və vəkillər üçün eyni status nəzərdə tutsa da, praktikada prokurorların üstünlüyü təmin olunur. Hakimlər mülki və cinayət işlərində vəkilləri prosedən kənarlaşdırmaq hüququnu saxlayırlar.

Qanun Vəkillər Kollegiyasının üzvü olmayan vəkillərin cinayət işləri üzrə məhkəmə proseslərində iştirakını qadağan edir. Kollegiyanın Rəyasət Heyəti nizam-intizamla əlaqədar vəkilləri vəkillikdən məhrum etmək və ya onların fəaliyyətlərini dayandırmaq hüququna malikdir. Rəyasət Heyəti 2004-cü ildə 5 il müddətinə seçilib və səlahiyyət müddəti 2009-cu ildə başa çatıb. Buna baxmayara hələ də yeni seçkilər keçirilməyib. İl ərzində Rəyasət Heyəti 2 vəkili Kollegiyadan çıxarıb.

Siyasi məhbuslar

Ötən il hökumət demokratiya fəalı Bəxtiyar Hacıyevi və Amnesty International-ın “vicdan məhbusu” elan etdiyi başqa 14 fəalı həbsdən azad edib. 

Apreldə keçirilən 3 sanksiyalaşdırılmış etiraz aksiyası zamanı yerli polis ən azı 12 fəalı aksiyalara bir neçə gün qalmış saxlayıb və onlara 6-15 gün arası inzibati həbs cəzası verilib. 

Mayın 25-də “Eurovision”un final axşamı keçiriən səssiz etiraz zamanı polis 40-60 fəalı saxlayıb. ATƏT-in verdiyi məlumata görə, fəallardan 3-ü 5-6 sutka inzibati həbs cəzası alıb.

Payızda korrupsiya əleyhinə keçirilən 4 etiraz aksiyasında çoxlu sayda saxlamalar və inzibati həbs cəzaları olub. Məsələn, KİV-in məlumatına görə, 19 noyabr aksiyasında 50-70 nümayişçi saxlanılıb.

Söz və mətbuat azadlığı

Qanun söz və mətbuat azadlığına təminat verir, senzuranı birmənalı şəkildə qadağan edir. Lakin hakimiyyət tez-tez bu tələbləri pozur. Hakimiyyət söz azadlığını və KİV-in müstəqilliyini məhdudlaşdırmaqda davam edib. Jurnalistlər hədələnib, döyülüb və həbs olunub. Hərçənd, hakimiyyət, ümumi rəyə əsasən, söz və mətbuat azadlığından istifadəyə görə həbs edilmiş 15 nəfəri azadlığa buraxıb, beynəlxalq müşahidəçilər azı 6 nəfər bu qəbildən olan dustağın həbsdə qaldığını bildirir.

Hakimiyyət ifadə azadlığını siyasi cəhətdən həssas yanaşdığı subyektlərə münasibətdə məhdudlaşdırır. Məsələn, hökumət mart-aprel aylarında müxalifətin 3 mitinqinə razılıq verəndə, yalnız Bakının mərkəzindən uzaq, gediş-gəliş baxımından münasib olmayan ərazini ayırmışdı. Hökumət mitinqlərin keçirilməsi üçün başqa müraciətləri daim rədd edib.

İl ərzində bir neçə müxalif və müstəqil KİV fəaliyyətini davam etdirib. Mötəbər məlumatlar göstərir ki, müxalif qəzetlər Bakıdan kənarlarda mədud sayda yayılıb, çünki bir sıra distribütorlar onları paylamaqdan imtina edib. Müxalif “Azadlıq” qəzeti cərimələrlə əlaqədar maliyyə çtinliyi üzündən bağlanmaq təhlükəsilə üzləşib.

***

Hesabatın bu bölümündə daha sonra jurnalistlərə qarşı həbs və cinayyət işlərindən, zorakılıqlardan, şantaj və qarayaxma kampaniyalarından bəhs olunur, şantaja məruz qalan araşdırmaçı Xədicə İsmayılın, Sulutəpədə ARDNŞ əməkdaşlarının döydüyü jurnalist İdrak Abbasovun və başqalarının adları çəkilir.

Burada həmçinin, hakimiyyətin müxalif mətbuata raklam verməkdən çəkindirmək üçün müəssisələrə və biznes strukturlara təzyiq etdiyi, nəticədə müxalifət mətbuatında pullu reklamların yox dərəcəsində olduğu bildirilir.

Bizə qoşulun