Medianews.az
Unudulmuş həqiqətlər
193 baxış

Unudulmuş həqiqətlər

Zamin HACI

zaminhaci@gmail.com

 

Unudulmuş həqiqətlər

“Unutmaq - insanın əsas bacarığıdır” (Alber Kamyu)

 Hələ istisi soyumamış yazılarımdan birində Azərbaycanda hər şeyin dekorativ şəkil aldığını qeyd eləmişdim və respublikamızı Azərbaycan Dekorativ Respublikası adlandırmışdım. Söz oyunlarının bir janr olaraq o qədər də pərəstişkarı deyiləm, ancaq bu “demokratik-dekorativ” bənzətməsini davam etdirirəm. Bizdəki siyasi quruluşu diktatura və demokratiyanın dekorasiyası - dekoratura adlandırmaq olar. Dövlət rəhbərimizə klassik anlamda diktator deyə bilərikmi? Yox. Axı onun ideologiyası yoxdur, həmçinin minlərlə əleyhidarlarını divara dirəyib güllələtmir. Fikrimcə, dövlət başçımız da bəzək-düzək, xarici görkəm, reklam-poliqrafiya azarkeşliyinə görə dekorator adlandırılmalıdır.

Ancaq bizim qanunvericiliyə görə dövlət rəhbəri prezident adlanır, biz ona dekorator deyə bilmərik. Fikrimcə, çıxış yolu bu iki termini sintez eləyərək analoqu olmayan yeni dövlət vəzifəsi almaqdır: dekorator+prezident=dekadent. Həqiqət burada gizlənir. 

Bəs həqiqəti ortaya çıxartmaq üçün nə etməliyik? 

Bir gün bir kişi atın belində, çiynində tüfəng, əlində bel, tərkində odun şələsi yolda gedirmiş. Qarşısına tanışı çıxır, deyir hara gedirsən. Adam deyir tülkü vurmağa gedirəm. Tanışı deyir: “Tüfəngi başa düşdüm, qalanları nə üçündür?” Adam izah edir: “Tülkü qaçsa atla qovacağam, yuvaya girsə odun yandırıb yuvaya tüstü verəcəm, bu cür də çıxmasa bellə qazıb çıxardacağam”. Tanışı deyir: “Vay-vay. Ta denən tülkünün işi Allaha qalıb ki!”

İks partiyasından olanlar İqrek partiyasındakıları dəstəkləmir. Hətta sinfi düşmən dərəcəsində bir-birini bəyənmirlər. Bu yaxında bir tanınmış İks üzvü yazmışdı ki, biz İqrek başqanını 2003-də dəstəklədik, prezident ola bilmədi, indi niyə dəstəkləyək? Adamda yalançılığa heyran qaldım. Dedim axı, 2003-də siz Beta partiyasının dalıyca düşmüşdünüz, onun şefini prezident qayırmaq istəyirdiniz. Dedi nə olsun, hamımız ürəyimizdə İqreki dəstəkləyirdik, seçkiyə 5 gün qalanda isə partiyamızın Ali Məclisinin Rəyasət Heyətinin Nəzarət Təftiş Komissiyasının Hesablama Komitəsində qərar verilmişdi ki, İqrek partiyasına kömək etməliyik, əgər onun rəhbəri prezident ola bilsə, biz də vəzifə istəyirik. 

Bəs indi İks partiyası haqsızdırmı? Yox. Onlar axırıncı aksiyada hamıdan çox cərimə balı toplayıblar. Eyni zamanda başqa qüvvələr də var. Məsələn, Zeta Hərəkatı. Bu hərəkatın üzvləri facebookda Bubbles oyununda hamını ötüb keçiblər. Niyə onların namizədinə səs verməyək?

Hakimiyyətin özünün namizədi də olacaqdır. Bunlar 50 milyarda yaxın pul yığıblar, oranı-buranı soymaqla, korrupsiya mexanizmi düzəltməklə nə qədər əziyyət çəkirlər. Elə bu həftə Hacıqabulda Daxili Qoşunlar üçün yeni binalar tikilibdir. Bəs niyə bu pullardan əl çəksinlər? Səbəb göstərə bilərsinizmi? Yığdıqları pulları kimə verib getməlidirlər? Ofşor pullarını istəyən neçə nəfər var? O cümlədən neçə insanın Sumqayıta getmək üçün 20 qəpiyi çatmır? 

Açığı, bu boyda söz-söhbətdən sonra hansı mövzuda yazdığımı da yaddan çıxartdım. Ulu öndərimiz, uzaqgörən insan Molla Nəsrəddinin lətifələrindən birində dahi rəhbər iki nəfərin mübahisəsini çözmək üçün necə söyləmişdi? “Sən də haqlısan, sən də”. Tərəflər bunu anlaşılmaz qarşılayıb etiraz edəndə isə demişdi: “Mən də haqlıyam”. 

Bax, həmin mübahisənin nə üstündə düşdüyü indi kimin yadındadır? Böyük ehtimalla heç kimin. Əhvalat isə qalır. Bu baxımdan, mən də haqlıyam - yazının nəyə həsr edildiyini unutmaqla. 

Siz isə nə oxuduğunuzu unudun getsin. Həqiqət - unutmaqdır.

musavat.com

Bizə qoşulun