
Samir SARI
Təpik yeməmiş başçının açıqlaması
Uzun illərdir məmləkət əhlini ciddi-ciddi düşündürən bir sual var: “Görəsən, hökumət bu səyləri, ipləmləri, zırramaları, bisavad, nadan adamları haradan tapır, gətirib yekə-yekə vəzifələrə qoyur?”
Bir az artıq savadı olan şəxslər o sadalanan epitetlərin yerinə adətən “debillər” sözünü işlədirlər, amma insaf naminə demək gərəkdir ki, “nadan” termini daha yerinə düşür, həm də “zırrama”ya nisbətən çox təhqiramiz səslənmir.
Əslində elə adamlar özləri də nə tip olduqlarını bilirlər, hərdən ayama-ləqəbləri, xalqın onların barəsində nə düşünüb, nə danışdığı qulaqlarına çatır və onlar o qədər də incimirlər, başa düşürlər ki, xalqın gözü tərəzidir.
O gün Qarabağ icmasının lideri Bayram Səfərovun nə danışdığını bütün media yazdı, hamı oxudu, bildi. Heç demə, başqaları da var. İndi burada o cür qaba vəzifə adamlarından birinin ən yeni sitatını verək, oxucular desin, görək, bu kəlmələri hansı intellektual və mədəni insan dilinə gətirə bilər.
Sitat belədir: “İsa Qəmbər hansı əsasla Cəbrayıl sakinləri ilə görüşmək istəyir? Mən bunu anlamıram. Axı, onun Cəbrayıl rayonunda heç bir dayağı yoxdur. Gəlsə də döyüləcək. Biabır olub, qayıdacaq”.
Bunu Cəbrayıl rayonunun ən adi şeyləri anlamayan icra başçısı Mahmud Quliyev deyib. Müvafiq xəbər dünən saytlarda dərc olunmuşdu - özü də Quliyevin fotosuyla. Özünü tanımayan, ancaq şəklinə baxan adam onu sifəti kərpic istəyən bazar adamı saya bilər, amma o, o boyda Cəbrayıl rayonunun ağsaqqalıdır, Allah qoymasa.
İndi ölkəmizin gününə, durumuna, onu idarə edənlərin dövlətçilik təfəkkürünə baxın. Bilinmir ki, bu cür adamlar kriminal avtoritetdir, yoxsa icra başçısıdır, orta əsrlər darğasıdır, yoxsa dövlət məmurudur.
Hansı hüquqi dövlətdə icra hakimiyyətinin (yaxud qanunverici orqanın) təmsilçisi partiya sədrini, prezidentliyə namizədi (lap elə adi vətəndaşı) “gəlsə də, döyüləcək” deyə hədələyə bilər? Adamı hoydu-hoyduya götürər, vəzifəsindən pis şəkildə qovarlar, bir də ömrü boyu vəzifə üzü görməz. Hələ bir az qəzəbli rəqiblər olsa, hakimiyyətə gələndə onu tapdırar, deyər, indi cavab ver, məni döydürəcəyini bəyan edən sənmiydin?
Bax, onda elə adam olar, sabiq başçının yalvarışlarına, xahiş-minnətinə baxar, bağışlayar, eləsi də olar, deyər, bu dövləti cinayət edib, basın içəri, beş-altı ay yatsın, 31 dekabrda (Dünya Azərbaycanlılarının Həmrəylik Günü) əfv edərik.
Böyük bir partiyanın, Ana müxalifətin liderinin döyülmə məsələsinə gəlincə, fəallar and içirlər ki, elə bir təhlükə yaransa, onların da beyni qızar, ondan sonra heç kəs onların rəhbərinə səmt düşə bilməz və sabitlik pozular, biabırçılıq olar.
Bu xüsusda müəllifin xatirə boğçasında bir maraqlı epizod var.
14-15 il öncəydi, müxalifətçilər 28 may günü yığışıb Novxanıya, Rəsulzadənin abidəsi önündə mərasim keçirməyə getmişdilər. O vaxt Abşeronun icra başçısı ya öz təşəbbüsü ilə, ya da saraydan verilmiş əmrə əsasən qərara gəlmişdi ki, tədbirə mane olsun. Bu məqsədlə başçı özü də daxil olmaqla, büdcə təşkilatlarının fəallarından ibarət bir qafilə ilə abidəni dövrələyib durmuşdular, nə özləri tədbir keçirirdilər, nə də mərasimə gələnlərə imkan verirdilər. Ancaq başçı Novxanıya gələn müxalifətçi ziyarətçilərin sayını nəzərə almamışdı, qüvvələr çox qeyri-bərabər idi. Üstəlik, Rəsulzadənin ardıcılları daha əzmkar idilər.
Xülasə, abidəyə yaxınlaşmaq üstündə itələşmə başlandı. Müxalifətçilər hökumət adamlarını sıxışdırdılar. Başçı özü şəxsən irəli durdu, müqavimət göstərdi, ara bir az qarışdı. Qısa müddət çəkən süpürləşmədən sonra bir də gördüm, bay, başçı yanındakı adamların müşayiəti ilə mərəkədən çıxdı və bir kənara çəkildi. Tosqun adam pörtmüşdü. Ən maraqlısı o idi ki, o boyda vəzifənin yiyəsi sağ əli ilə dalını, büzdüm sümüyünün üstünü ovxalayırdı. Heç demə, hansısa cantaraq müxalifətçi girəvədən istifadə edərək təpiyi başçının adı çəkilən nahiyəsinə tutuzdurub və onu tam zərərsizləşdirib.
Görünür, Mahmud Quliyev hələ o cür vəziyyətlərə düşməyib, ona görə yekə-yekə danışır.
Xalq isə belə açıqlamaları oxuyanda ürəkdən təəccüblənir: “Pah atonnan, bunları hardan tapırlar?”
musavat.com