Medianews.az
Bir daş altdan, bir daş üstdən...
116 baxış

Bir daş altdan, bir daş üstdən...

Zamin HACI

zaminhaci@gmail.com

Bir daş altdan, bir daş üstdən...

 

Bəzən oxuculardan kimsə hansısa dövlət idarəsindən şikayət edəndə onlara ilk məsləhətim bu olur: “Bəlkə qəzetə çıxartmadan həll eləməyə çalışasınız? Çünki hakimiyyət tərs, quldur mahiyyətlidir, kimsə onu tənqid edəndə daha aqressivləşir. Qəzetdə yazmamış 5 manata həll eləmək mümkün olan işi qəzetdə yazılandan sonra 10 manata da yoluna qoymurlar. Üstəlik, nə qədər başımız ağrıyar. Həm sizin, həm qəzetin. Qəzeti məhkəməyə verib qotur bir hakimin cərimə qərarını almaq məmurlar üçün çox asan işdir”.

Ancaq bu günlərdə görürəm ki, bu prosedur, qayda bizdə əməllicə işlək hal alıbmış. Hətta bir jurnalist təşkilatı (rəhbəri dostum olduğu üçün adını yazmıram - yazsam birdən ziyanına olar) təzəlikcə hökumətdən bu istiqamətdə kiçik qrant, pul yardımı alıbdır. Həyata keçiriləcək layihənin adı belədir: “Qaçqın, məcburi köçkün, müharibə əlili və şəhid ailələrinin problemlərini mətbuata çıxarmadan (fərqləndirmə mənimdir - Z.H.) rəsmi qurumlara təqdim etmək”. İnanmazsınız, buna o qədər gülmüşəm, axırda gözlərimdən yaş gəlib, başlamışam ağlamağa. Azərbaycan jurnalistlərinin real vasitəçiliklə məşğul olmağa başlamasına olduqca sevinmişəm. Jurnalist gərək problemləri mətbuata çıxardıb məmurların xətrinə dəyməsin. Yoxsa həmin rəsmi qurumlar adamları jurnalistlər qarışıq parçalayıb yeyərlər. Meşədə yaşayırıq axı.
Bənzər layihələri başqa peşə yiyələri də yazsınlar, prezident də pul versin, həyata keçirdək. Məsələn, hansısa cinayətkara məhkəmə qurmaq nəyə lazım? Onsuz da axırda prokuror nə sifariş versə, hakim onu yazır. Əvvəldən gülləni qoy məhkumun qulağının dibinə, çıxsın getsin. Stalinin “troyka”sı bizim məhkəmədən səmimi idi. Yaxud, niyə prezidentin pulları, ofşor şirkətləri haqda xaricdə yazılar çıxır? Bəyəm o qəzetçilər gəlib prezidentlə problemi mətbuata çıxartmadan həll etmək yollarını düşünə bilməzdimi? AzTV, PazTV, QazTV və sairə telekanalizasiyalarımız, iqtidar qəzetcikləri neçə illərdir bu yolla gedir. 
Yol demişkən, yapokratiyadan da xahiş edirik büdcə pullarını sərbəst udsunlar, daha “Qış parkı”, “Alov qülləsi”, nə bilim, “Bayraq meydanı”-zad kimi düşük layihələr qayırmasınlar. Üst-başımız toz-torpaq olur. Ölkə simasızlaşır. Neft pullarını rahat yeyin, xaricə daşıyın, Dubayda ev alın, Virciniyada şirkət qayırın - uzun sözün qısası, nə istəyirsiniz eləyin. Təki Azərbaycanda iş görməyin. Gördüyünüz işlər axmaq işlərdir. Narahat olmayın ki, xalq birdən qalxıb “pulumuz hanı” deyəcək. Deməyəcək. İmkan verin hər şey olduğu kimi qalsın. 
Qayıdaq problemlərin mətbuata çıxarılmadan həlli məsələsinə, çünki bu, mənə xüsusi ləzzət eləyibdir. Hətta bəlkə bu yazını da cırıb atdım. Mətbuata çıxartmadan qonorar almaq imkanı varsa, yazmağın nə mənası? Eynilə, Müdafiə Nazirliyi güllə atmadan torpaqları azad eləməyi, Fövqəladə Hallar su püskürtmədən yanğın söndürməyi, Gömrük Komitəsi rüşvət almadan maşın buraxmağı, Təhsil Nazirliyi məktəblər olmadan dərs keçməyi (oxucu fikirləşir ki, guya elə deyilmi, onsuz uşaq repetitorun evinə gedir), polis təpik atmadan aksiya dağıtmağı... öyrənməlidir. 
Ümumən, bu “kontaktsız əlaqə” Şərq xalqları arasında geniş yayılmışdır. Bəziləri əl-ayaq vurmadan məsafədən kimisə döyür. Eləsi var toxunmadan sevişir. O boyda elm, tibb kitabı oxuyanlar axırda pirə gedib nəzir verir. Bizdə bu pirə getməyin elmi verilişi də açılıbdır. Danışmadan söz deyənlər, eşitmədən dinləyənlər, baxmadan görənlər, yemədən qusanlar, iyləmədən iy bilənlər, qəbiz olub qarın ağrısına düşənlər - hər cür tiplərimiz vardır. 
Bu yazını da yazdığım yerdə mənim əlim qırılaydı, oxuyanların da gözü...

 

 

Bizə qoşulun