
Xalid KAZIMLI
Axı İbrahim İbrahimlidən nə istəyirsiniz?
Ötən əsrin 60-80-ci illərində Latın Amerikası ölkələrinin həyatından bəhs edən sənədli və bədii əsərləri oxuyanda bir sıra epizodlar adama çox tanış gəlir: siyasi rəqiblərin təqib edilməsi, jurnalistlərin ovlanması, fəalların gecəylə həbs edilib aparılması, liderlərin şərlənib həbs olunması, müxaliflərin oğurlanıb aparılması, döyülməsi, addımbaşı izlənmə, hərtərəfli təzyiq və sair və ilaxır.
Azərbaycanın bu günündə yaşayırsan və ötən əsrin 60-80, hətta 90-cı illərində Braziliyada, Çilidə, Argentinada, Peruda, Nikaraquada, Boliviyada, Kolumbiyada və sair onlara qonşu ölkələrdə insanların, xüsusilə də müxalifətçilərin nə məşəqqətlər, iztirablar çəkdiyini əyani şəkildə təsəvvür edirsən.
Paytaxtdan və ölkənin müxtəlif yerlərindən gələn xəbərlər hansı tipdən olan ölkədə yaşadığımızı bir gün belə unutmağa qoymur.
Ərşə dirənmiş haqsızlıq, tüğyan edən ədalətsizliklə yanaşı, bu ölkədə göz deşən ayrı-seçkilik və hərki-hərkilik də var.
Bir yanda cinayəti olmayan insanların nahaqdan cəzalandırılması, o biri tərəfdə qatı cinayətlər törədənlərin, hətta adam öldürənlərin əl-qollarını sallaya-sallaya asudə gəzmələri... Dəftərə-kitaba sığacaq söhbət deyil.
Budur, Naxçıvandan gələn xəbər adamın gözünün qabağında yenə Pinoçet dövrünün Çili mənzərəsini gətirir.
Xəbər belədir: ata yurdu Naxçıvana, əzizinin hüzr məclisinə getmiş ictimai-siyasi xadim İbrahim İbrahimli muxtar diktatura yuvasında döyülüb, təhqir edilib.
Bu adam Azərbaycanın müstəqillik qazanması uğrunda can qoyan, həyatını verən, müstəqillik aktına imza atan insanlardan biridir. Kreml duruş gətirsəydi və SSRİ-ni ifrata varmış zor yoluyla qoruyub saxlamaq mümkün olsaydı, kəlləsi gedəcək şəxslərdən biri də İbrahim İbrahimli olacaqdı.
Amma onun bəxti gətirdi, SSRİ dağıldı və o da, silahdaşları da qırmızı imperiyanın repressiyasından qurtuldular. Əvəzində artıq neçənci dəfədir ki, İbrahim İbrahimli, dostları ilə birlikdə qurduğu dövlətin gülünü dərən insanların sifarişi ilə fiziki təzyiqə, təhqirə məruz qalır.
Onun siyasi karyerası enişli-yoxuşludur, iztirablar və mərhumiyyətlərlə doludur. Məşhur bir şərqidə deyildiyi kimi, ona bir gün olsun gülmədi həyat.
İyirmi il öncə ona parlamentin tribunasında deyilən “Axı sən nə istəyirsən, İbrahim İbrahimli” sualı hələ də aktualdır və onu Naxçıvanda döyməzdən əvvəl də səslənib. On il öncə həbsə alınanda və təcridxanada işgəncəyə məruz qalanda da həmin sual dörd divarın arasında əks-səda verirdi.
İbrahim İbrahimlini müxalifətçi olduğu üçün döyürlər. Bu cür insanların doğulub-böyüdükləri, uzun illər yaşadıqları doğma yurdlarına getmək, orada qalmaq haqqı tanınmır. Sanki onlar Bakıda arzuolunmaz siyasi mühacirlərdir, geri dönmələri yasaqdır və cəzasız buraxıla bilməzlər.
Naxçıvan avtoritarizm yuvası olan Azərbaycanın bağrında əsl diktatura zağasıdır. Orada nəinki müxalifətçiləri, hətta hüquq müdafiəçilərini, jurnalistləri, xarici ölkələrin diplomatlarını muxtar respublikaya qədəm qoyduqları andan total müşahidə altına alır, izləyir, ilk fürsətdə hava limanına gətirib mahaldan qovurlar. 20 ilə yaxındır ki, belədir. İbrahim İbrahimlinin başına gələn hadisələrə bənzər xəbərlər artıq hamını bezdirib. Ancaq sonu yoxdur. Talıbov rejimi ölkəni və dünyanı şaşırtmaqda, sarsıtmaqda davam edir.
İbrahim İbrahimli kimi tanınmış bir şəxsin fiziki təzyiqə məruz qoyulması, söz yox, aşağı adamların özfəaliyyətləri deyil. Onlara bir fitva verən olub və bu da Naxçıvanı idarə edən böyük vəzifəli şəxslərdən özgəsi deyil. Görünür, onlar İ.İbrahimli ilə təkcə 10-20 il öncə baş verənlərin intriqasını aparmırlar, həm də onun son aylarda Naxçıvanda baş verən hadisələr barədə ölkə mətbuatında danışdıqlarını “nəzərə alıblar”.
Ən pisi odur ki, bütün bu silsiləvi və cəzasız zorakılıqlar “hüquqi dövlət” adlandırılan ölkədə baş verir. Bir hüquqi dövlətdə nəinki sabiq deputatı, müstəqillik aktının müəlliflərindən birini, heç adi avtobus sürücüsünü də döyərək, cəzasız qalmaq mümkün deyil.
Latın Amerikası ölkələri uzun illər boyu hökmranlıq edən xunta rejimlərindən canlarını bir-bir, növbəylə qurtardılar. Görək, bizim qurtuluş günümüz nə vaxt çatır.