Zamin HACI
zaminhaci@gmail.com
Genimizin qapısı
Naxçıvanda “Şərq qapısı” adında çox gözəl bir qəzet çıxır, yəqin diqqətli oxucular mənim onun abunəçilərindən biri olduğumu bilirlər! Əslində abunəçilik bir az yalan olar, çünki “Şərq qapısı” hələm-hələm tapılan deyil, matah bir mətbu orqandır! “Azadlıq” radiosunda naxçıvanlı dostumuz işləyir – Yafəs bəy! O hardansa qəzetin nadir nüsxələrini əldə edir, sonra biz də oxuyuruq! Bəzən “Şərq qapısı” oxunmaqdan cırıq-cırıq olur!
Martın 29-da qəzet növbəti parlaq məqaləsini dərc etmişdir! Məqalə naxçıvanlıların genləri haqdadır! Sitat: “Sadəcə, bircə faktı qeyd etmək kifayətdir ki, hələ sovet hakimiyyəti illərində erməni alimlərinin də sıralarına daxil olduğu gizli araşdırma qrupları və bir sıra xarici ölkələrin gen mərkəzləri tərəfindən aparılan araşdırmaların nəticələrinə görə, Naxçıvan ərazisində genefonddakı immunitet gücü slavyan xalqlarının genefondundakı immunitetdən 5,5 dəfə güclüdür! Deməli, genefondumuzun bu və ya digər vasitələrlə zədələnməsi bütün hallarda, sadəcə və sadəcə, düşmənlərimizə sərf edir! Heç kəsin imtina etmədiyi və təhlükə gözləmədiyi parlaq və saf görünüşə malik genetik modifikasiya olunmuş ərzaqlarla gələcək nəsillərin genefondundakı gen kodlarını zədələmək isə, bəlkə də, seçilə biləcək ən ideal yoldur”! Sitatın sonu!
Gördüyünüz kimi, sən demə, naxçıvanlılar xüsusi immunitetə malikdir, bu sahə üzrə slavyan xalqlarından 5 dəfə yarım güclüdür! Slavyan Qorbaçov vaxtilə Heydər Əliyevi Mərkəzi Komitədən vurub uzaqlaşdıranda bu tədqiqatların nəticəsini bilməliydi! Görünür, erməni alimlər genetika haqda bu məlumatı Raisa Qorbaçova vasitəsiylə rəhbərliyə ötürməyə nail olmayıbdır! Yoxsa başa düşərdilər ki, Moskvada sıxışdırılan bu gen gəlib Azərbaycanda ortaya çıxacaq və kodları ilə bizi zülmə salacaqdır!
Hazırda bu sarsılmaz genefondun keşiyində Vasif xan durubdur və vaxtaşırı Naxçıvan ərazisində camaatı tutub döyürlər! Naxçıvan MTN-də, polis, gömrük, sərhəd idarələrində genetik dözümlülüyü artırmaq üçün elmi təcrübələr aparılır! Bəzən təcrübədən ölənlər olur! Ancaq sonda Nitşenin bəhs etdiyi “Fövqəlinsan” məhz Naxçıvan ərazisində yetişəcəkdir! Boksford Universitetinin rinqində araşdırma aparan alimlərin rəyinə görə Vasif Talıbovda həmin fövqəlinsanın xeyli xarici və daxili əlamətləri cəmlənmişdir! Üzdən saf Miçurin almasına oxşayır!
“Şərq qapısı” qəzetinin məqaləsi gözlənilən təhlükələrdən də xəbər verir, camaata deyir ki, ay millət, qəşəng “vid-fasonu” olan meyvələri, alma-armud, heyva-qarpız, xiyar-pomidoru yeməyin! Qəşəng görkəmi olan ərzaqlar geni dəyişdirilən məhsullardan qayırılır, alçaq düşmənlər bunu Naxçıvana ixrac etməklə sakinlərin genlərini pozmağa cəhd edirlər! O üzdən, Naxçıvan gömrüyü Talıbovun icazəsi olmadan sərhəddən keçən hər bir xiyar-pomidora baxış keçirdir, bəzi sahibkarları tutub döyürlər!
Ümumiyyətlə, bu ərzaq təhlükəsizliyi ciddi məsələdir! Gərək xalqımız içində qurd olmayan meyvə-tərəvəzi yeməsin! Qurdu varsa, deməli, keyfiyyətlidir! “Alma almaya bənzər” filmindəki kimi, meyvə alanda satıcıdan mütləq “Bəs bunun qurdu hanı?” soruşun! İqtisadi İnkişaf Nazirliyinin Qurd Departamentindən sertifikat olmalıdır! O cümlədən üstü qırış-bürüş, əyrim-üyrüm meyvələri yemək lazımdır! Yoxsa görürsən piştaxtaya meyvə qoyulub, deyərsən indicə plastik əməliyyatdan gəlibdir, dərisini dartıblar, altına botoks vurublar və nələr! (Üzürlü sayın, mənim plastik cərrahiyyə haqda bilgilərim zəifdir, bundan o yana getmir)!
Sevindirici haldır ki, bu ağılla dərc olunan qəzetin sponsoru Vasif Talıbov və Naxçıvan Ali Məclisidir!
(Yazıda bütün cümlələrin nida işarəsi ilə bitməsi xüsusi mesajdır və hakimiyyətin NİDA Vətəndaş Hərəkatının 7 gənc üzvünü oğurlamasına etirazımı bildirir)!