Medianews.az
DEYİR YAZ GƏLDİ...
175 baxış

DEYİR YAZ GƏLDİ...

 

 

Zamin HACI

[email protected]

DEYİR YAZ GƏLDİ...

 Bayram günüdür, ola bilsin oxucuların bəziləri problemlərdən uzaq yazılar oxumaq fikrindədir. Məsələn, dünyanın ən yekə paxlavasını Sumqayıtın icra başçısı necə bişirdi, qanunsuz işdən çıxarılmış Kosa prezidentin yanına qayıda biləcəkmi, bayram süfrəsində “s” hərfi ilə başlayan neçə ərzaq qoyulmalıdır və sairə. Ancaq bunlar darıxdırıcı mövzulardır, şəxsən mən neçə illərdir belə bayram mövzularını oxumuram. Həm ölkənin problemləri, necə deyərlər, başımızı açmağa imkan vermir, həm də eyni söhbəti oxumaqdan bezmədinizmi? Yeni il gəlir, mövzu budur: “Şaxta baba harda yaşayır” və ya “Hansı ölkədə il girəndə köhnə mebelləri atırlar”... Qardaşlar, o mebellər atılıb qurtarmadımı? Novruz müddətində də hansı çərşənbənin növbəsidir söhbəti bir ay beynimizi xarab eləyir. Guya yel qabaq, od sonra, ya da torpaq havadan öncə girəndə fantastik dəyişiklik olacaq.

Belə söhbətlər üzündən adam yazın ləzzətini də ala bilmir. Yazın ləzzəti isə odur ki, gərək çıxasan havaya, çiçəklərə, arılara, vızıldaşan cürbəcür həşərata baxasan, səsləri dinləyəsən, Günəşdə qızınasan və sairə. Bakıda isə bunlar mümkün deyil. İki-üç park vardı, dəmir-beton, mərmər-asfalt yığınına çeviriblər. Bu yapokratlara başa salan olmadı ki, parklar və yaşıllıqlar çəpərsiz, hasarsız olmalıdır, mümkün qədər torpaq hissə açıq qalmalıdır, təbiətin nəfəsini beton örtüklərlə boğmaq olmaz və sairə. Amma ilin 300 günü külək əsən şəhərə baobab əkən idiotlardan nə gözləmək olar ki? Bunların əlində imkan olsa səmaya da alukobonid örtük çəkərlər. Dənizi qurudub dibinə mərmər, qranit döşəyərlər. (Əslində Sahil qəsəbəsi tərəflərdə bir nəfər təxminən bu cür bir işlə məşğuldur).

Bütün bunların bir səbəbi var: Azərbaycandakı rejim mahiyyətcə təbiətə ziddir. Təbiətin dəyişmələri bunlara xoş gəlmir. Məsələn, son vaxtlar NİDA Vətəndaş Hərəkatının üzvü olan gəncləri niyə tuturlar, işgəncə verirlər? Çünki onlar gəncdir! Onlar yazın, dəyişikliyin rəmzləridir və kaftarlaşmış, kresloda çürümüş rejim onlardan qorxur. 

Təzəlikcə neft sektorunda çalışan fəhlələr etiraz aksiyası elədilər. ARDNŞ rəhbərliyi guya onların sözünü eşitdi və deyiblər 1 aprelə qədər problemlər həll olunacaq. Problem isə əslində çox sadədir: adamlar normal maaş almır. Ölkə iqtisadiyyatının 95 faizini yaradan neft sektorunda aclıqdırsa, gör o biri sektorlar nə gündədir... Yeri gəlmişkən, mən aksiyadan videoya baxdım, orda bir fəhlə çox tanış çıxış elədi. Deyirdi ki, maaşı azdır, hamıya borcu var, yaşamaq mümkün deyil və sairə. Qəfil yadıma düşdü ki, mən eynilə bu cür çıxışı... 1996-cı ildə, Çilov adasında eşitmişdim. “28 May” neft və qaz çıxarma idarəsinin fəhlələri tətil edirdilər. Vəziyyət isə çox ciddi idi, fəhlələr neft quyularını bağlamaqla hədələyirdilər, helikopterlərin dənizdəki qazma bloklarına enməsinə icazə vermirdilər. ARDNŞ-in o vaxtkı şefi Natiq Əliyev guya onların problemini həll etməyə getmişdi. İclas zalındakı bir epizodu heç vaxt unutmaram: fəhlələrdən biri cibindən xırda qəpik-quruş çıxardıb Natiq Əliyevin üstünə atdı və dedi ki, mənim qalan pulum budur, sən isə ət qızartması yeyirsən. 

İndi özünüz baxın, o vaxt Azərbaycanın neft-qazı hələ dünya bazarına indiki miqyasda çıxmırdı. BTC kəməri-filan yox idi. Bu qədər vaxt keçib, ölkəyə neft satışından 50 milyard manata yaxın pul gəlib, ancaq həmin pulun gəlməsində rol oynayan neftçilərin özü belə qəpik-quruş alır. Fəhlə deyirdi ki, 600 manat maaşımın 250 manatı hər ay ipoteka kreditinə gedir. Rövnəq Abdullayev isə ARDNŞ üçün 1 milyardlıq ofis tikir, “Atletiko” futbol komandasının yaxasına 20 milyon dollar verib düşük bir şüar yazır. Adamlara diqqət edin, yapokratlar. Yaxanız əldə qalanda “Atletiko”nun yaxası kömək olmayacaq. 

Sonda yaza təşəkkür edirəm ki, o bizi sayıb, biz tərəflərə də gəlir. Biz burdan qaçırıq, o isə gəlir. Sağ ol, yaz.

Bizə qoşulun