
Samir SARI
“BOŞ-ŞELF” VƏ “BOŞ-BOŞ” ŞEYLƏR
Əməkdaşımız danışır ki, Qaradağın cahanşümul icra başçısı Süleyman Mikayılov tribunaya qalxanda əyinlərinə narıncı-qırmızı kamuflyaj geymiş neftçilərin çiynindən sanki yük götürülüb. Hamısı gözlərini geniş açıb, nəzərlərini Mikayılovun ağzına dikib ki, indi bu saat o, müdrik-müdrik sözlər deyəcək.
İndi görün, Süleyman müəllim bayaqdan bəri gərgin atmosfer hökm sürən, yaşayış uğrunda mübarizənin sinfi xarakter aldığı bir ortamda tribunadan nələr söyləyib. İH başçısı özünəməxsus birbaşalıqla deyib ki, neftçilərin burda danışdıqları şeylər var ha, hamısı boş-boş şeylərdir.
Reportyorumuz vintaçanın bərəkətinə and içir ki, söz tamam yetməmiş toplantı zalında elə bir uğultu qopdu ki, sanasan, “Boinq” markalı təyyarə indicə havaya qalxacaq. Səs-küy, fit, qışqırıq, fıştırıq. Zalda əməlli-başlı şuluqluq düşüb. Az qala vətəndaş itaətsizliyi yaranacaqmış. Necə yəni “bu danışılanlar boş-boş şeylərdir”?
“Boooy, xalq burda əl aparıb, qan gətirir, bu nə deyir, əəə?!”; “Biz də bunu hökumət sayıb, qulaq asırıq, bu Mikayılın danışdığına bax!” və sair bu kimi hiddətli, eyni zamanda kədərli replikalar səslənməkdəykən ARDNŞ-in vitse prezidenti sözə qarışıb, deyib ki, camaat, Süleyman müəllim elə demək istəmədi, o mənada demir, bu mənada deyir ki, yəni, neftçilərin qaldırdığı tələblər boş şeylərdir, asan həll olunan şeylərdır.
Beləcə, “boş-boş” ifadəsindəki “boş”un birini ixtisar eləməklə “Boş-Şelf” şirkətində yaranmış gərginliyi bir az boşaltmaq mümkün olub. Yoxsa, vallahi, hiddətlənmiş neftçilər bu işi belə qoymayacaqlarmış. Təkcə onların əyinlərindəki narıncı-qırmızı kamuflyajlardan klassik və müasir inqilabların havası gəlirmiş.
Dünən isə hiss olunur ki, ARDNŞ-də neftçilərin xeyli yumşalmasını görərək, xəta-bəlanın sovuşduğu qərarına gəliblər. Şirkətin başbilənləri təxminən Mikaylov kimi danışıblar, deyiblər, o tələblərin çoxu əsassızdır. Hətta dünənki açıqlamada elə bir ifadə vardı ki, qorxuram martın 18-də etiraz edən fəhlələr borclu çıxalar.
ARDNŞ-in açıqlamasında deyilir: “Öz istək və təklifləri haqqında MMC rəhbərliyinə yazılı və ya şifahi şəkildə heç bir məlumat vermədən işlərin yarım iş günü ərzində dayandırılması qanunvericiliyə uyğun deyil və bu, iş yerinin qanunsuz tərk olunması kimi qiymətləndirilə bilər”.
Di gedin. Elə də olacaq. O tədbirdə qızışıb alovlu-alovlu çıxış edənləri də, üsyana qalxanların böyüklərini də əvvəl-axır işdən çıxaracaqlar. Şirkət qalacaq yenə Şotlandiyadan gəlmiş və şotland viskisi içə-içə yerli fəhlələrə sataşan, yuxarıdan aşağı baxan Yuven və Alana.
Yeri gəlmişkən, ksenofobiya kimi çıxmasın, elə əcnəbilər üçün bu ölkə çoxdan ulaq yaylağına dönüb, harada azan-təzən varsa, cumub gəlir bura və yerlərini bərkidəndən sonra başlayırlar yerli zəhmətkeşlərin üzərində ağalıq eləməyə. Sanasan, inqilabdan əvvəlki vaxtlardır, bunlar “xozeyn”dir, bizim neftçilər isə “həmşəri dartayçı”lar.
Adama deyərlər, adə, qırışmal şotland, bütün dünya sizin kişilərin geydiyi yubkaya lağ edir, sən kimi aşağılayırsan, özü də gör harada.
Ancaq bu, o demək deyil ki, hökumətimiz Alan və Yuvenə güldən ağır söz deyəcək. İnanmıram. Çox güman ki, hələ onlardan üzr də istəyəcəklər - adları toplantıda hallandırıldığına görə. Deyəcəklər, ekskyuzmi, ser, bizim bu qara fəhlələr sizin adınızı nahaq yerə çəkiblər, sori, sori...
Başqa bir əməkdaşımız isə deyir ki, “Boş-Şelf” şirkəti heç də əcnəbi şirkət deyil, ARDNŞ-in dost-doğma törəmə şirkətidir, sadəcə, onu ofşor zonasında qeydiyyatdan keçiriblər ki, nə alır, nə verir, nə qazanır, nə qədər xərcləyir, heç kəs bilməsin, yoxa çıxan milyardların izi itsin.
Vəssalam. Dava-şava milyardların üstündədir. Əyninə narıncı-qırmızı paltar geyinərək inqilabi pafosla iş gününün qısaldılmasından, əmək haqqının artırılmasından danışan fəhlələr də durub beş-on manatın söhbətini edirlər.
Siz canınız, bir özünüz fikirləşin, ofşor hesablarda həzm-rabedən keçirilən milyardların yanında fəhlələrin qaldırdığı məvacibə beş-on manatlıq artım tələbi “boş-boş şeylər” deyil? Süleyman müəllim düz demir?