Medianews.az
BİZİM BAHARIN GƏLİŞİ
262 baxış

BİZİM BAHARIN GƏLİŞİ

Famil CƏFƏRLİ

familceferli2@gmail.com

BİZİM BAHARIN GƏLİŞİ

 Bayram günü yaxşı söhbətlər eləyərlər. Elə söhbətlər ki, adamın ürəyini açsın, üzünü güldürsün, könlünü xoş eləsin. Acı-ucu söhbətlər eləyərik, qulaq falına çıxan (bu, Elşad Abdullayev sayaq gizli video çəkmək kimi bir şeydir əslində) YAP-çılar eşidib bizi milli-mənəvi dəyərlərə hörmətsizlikdə günahlandırar. Bayram günü dilxorçuluq olar, qanımız qaralar. Bunu isə istəmirəm. İlin heç olmasa bir-iki gününü adam kimi, stress olmadan keçirək. Novruzda nə nevroz?! Ona görə də gəlin sizə kefinizi duruldan çox yaxşı, iştaha açan söhbətlər eləyim ki, paxlava ilə şəkərbura da canınıza sinsin. Başladıq.

Ölkəmiz çox gözəldir, hökuməti isə ondan da qəşəngdir. Hər şey qaydasındadır. Xalqın, dövlətin bir manatı da oğurlanmır. Nazirlər maaş gününü səbirsizliklə gözləyib halal maaşları ilə dolanırlar. Balalarına şirkətlər, banklar qayırırlar.

Ölkədə bir dənə də məmur rüşvət almır, xalqla çox mehriban, nəzakətlə davranır. O gün ağsaqqal bir vətəndaş gedib icra başçısının yanına ki, oğlum müharibədə döyüşüb, neçə yerdən yaralanıb, ailəsi də böyükdür, ona iki sot torpaq ver, ev tiksin, balaları danlamasın ki, torpaq uğrunda döyüşüb torpaq da ala bilmədin. İcra başçısı ağsaqqala təpik vurmaq, döyüşəni də söymək nədi, rüşvət istəmək nədi, o dəqiqə deyib ağsaqqal, bu dəqiqə rayonda boş yer yoxdur, amma öz bağımdan 4 sot kəsib verərəm, ayıb döyülmü...

Adamın əhval-ruhiyyəsini qaldıran başqa xoş xəbər də var. Deyilənə görə, YAP-çı deputat Əli Əhmədov Novruz bayramı bazarlığına gedib. Əlini atıb qoltuq cibindən pul çıxarmaq istəyəndə əlinə manat yox, mandat keçib. Mandata baxıb, baxıb, nə fikirləşibsə, şoferinə deyib sür AXCP-nin qərargahına, bu mandat əslində Gözəl Bayramlınındır. O, bu deputat mandatını son parlament seçkilərində məni böyük fərqlə udmaqla halal yolla əldə edib, aparıb qaytaraq. Həm də onunla barışıb üzr istəyim, Novruz bayramında küsülülər barışar. Şofer də maşını sürüb düz AXCP-nin qərargahına. YAP hökuməti demokratikdir axı. Neçə il qabaq AXCP-yə yekə bir qərargah verib...

YAP-çı deputat Siyavuş Novruzov isə bəyanat verərək müxalifəti dəxli oldu-olmadı ittiham eləməyinə görə üzr istəyib. Deyib əvvəllər məni buna məcbur eləyirdilər, sonra isə Məşədi İbad demişkən, bir növ adətkərdə oldum, yeri gəldi-gəlmədi, başladım müxalifəti erməni dəyirmanına su tökməkdə günahlandırmağa. Deyib amma dəqiq bilirdim ki, belə deyil, müxalifətçilər haqqı deyəndə erməni dəyirmanına su tökmürdülər. Deyib heç su tökə də bilməzdilər, çünki ermənilər acından qırılır, onların dəyirmanı olsaydı, elə un üyüdər, çörək bişirib yeyərdilər də...

O biri YAP-çı deputat Mübariz Qurbanlı isə əqidəsinə, yoluna sadiq qalıb. Deyib elə şey yoxdur, mən siyasi şərhlər verməkdə davam edəcəyəm. Deyiblər ay Mübariz müəllim, sən Allah, belə eləmə, Novruz bayramıdır, bu kin-küdurəti burax bir tərəfə. Qurbanlı deyib yox e, eşitmişəm camaat mənim siyasi şərhlərimi, YAP-ın ən güclü partiya olması, demokratiya, qanunçuluq-filan barədə dediklərimi eşidəndə gülür, kefi kökəlir, istəyirəm xalqımız həmişə gülsün, Novruz həm də gülüş, təbəssüm, xoş ovqat bayramıdır axı...

Zakir Qaralov yalançı ittihamlarla həbsə atdırdığı müxalifətçilər Tofiq Yaqublu ilə İlqar Məmmədovun, NİDA-nın uşaqlarının halına acıyıb. Deyib onları tutmaqla düz eləmədik, gərək bizi bağışlayalar. Deyib günahsız adamları saxta ittihamla həbs eləmək yaxşı iş deyil...

Rövnəq Abdullayev deyib bu ölkəyə sərvət qazandıran neftçilərin maaşını birdən-birə 19 dəfə artırırıq. Neftçilər buna etiraz ediblər. Deyiblər bədxərclik eləməyin, Neft Şirkəti üçün 1 milyardlıq ofis, olmayan futbolumuz üçün 700 milyonluq stadion tikdirməyiniz də bəsimizdir. O binalara baxıb birtəhər şad-xürrəm yaşayarıq...

Hökumət bunu eşidən kimi bayaq e, qəfildən qayıdıb ki, mən də təqaüdləri 29 dəfə artırıram, qoy pensiyaçılar yaxşı yaşasın. Xalq buna da etiraz edib ki, o qədər pul nəyimizə lazımdır, əsas məsələ Neft Fondudur, qoy pullar orada qalsın, fondun təkcə elə adı bəsimizdir...

...AMEA-nın Tusi adına Şamaxı Astrofizika Rəsədxanası baharın Azərbaycana qədəm qoyacağı vaxtı elan elədi: 20 mart, saat 15:02. Amma bilmədim ki, bura gələn bahar “ərəb baharı”dır, yoxsa nə...

Bayramınız mübarək!

Bizə qoşulun