Medianews.az
AŞAĞILAR HİDDƏTLİ, YUXARILAR ÇAŞ-BAŞ
165 baxış

AŞAĞILAR HİDDƏTLİ, YUXARILAR ÇAŞ-BAŞ

Xalid KAZIMLI

samir_sari@mail.ru

AŞAĞILAR HİDDƏTLİ, YUXARILAR ÇAŞ-BAŞ

 Hökumət və onun əlaltıları “Feysbuk inqilabı” deyə bir termin düzəldiblər və “Barselona” futbolçuları kimi bir-birinə fasiləsiz ötürmələr edə-edə hücum hazırlayırlar.

Sanki inqilab virtual məkanda, “Feysbuk” sosial şəbəkəsində hazırlanır və onu qəfildən ortaya çıxan gənclər edəcəklər.

Açıqca görünür ki, siyasi hakimiyyət ağlını bu versiyaya verib və bu virtual inqilab məsələsi onun düşüncəsinə əməlli-başlı hakim kəsilib. 

Ona görə də hüquq-mühafizə orqanlarının rəhbərləri, hakim partiyanın sözçüləri, sair hökumət adamları eyzən bu mövzuda danışır, guya ki, qabaqlayıcı tədbirlər görürlər.

Söz yox, əlində real hakimiyyət olan güruh fəhmlidir, bir şeylər hiss etmişliyi var, başa düşür ki, ölkədə artmaqda olan gərginliklər bir gün sosial partlayış törədə bilər.

Ancaq o da hiss olunur ki, mövcud rejim ünvanı səhv salıb. Bu ölkədə hər hansı bir inqilab virtual məkanda olmayacaq, olsa, məhz realda olacaq, özü də heç kəs tərəfindən təşkil olunmadan, spontan şəkildə - Etna vulkanı kimi.

Hər gün ölkənin müxtəlif yerlərindən kütləvi aksiyalar, narazılıqlar barədə xəbərlər gəlir. 2013-cü ilin başladığı hələ 100 gün olmayıb, ölkədə keçirilən etiraz aksiyalarının, xalq həyəcanlanmalarının sayı itib. 

Daha inqilab necə olur ki? 

Klassik inqilab mütəfəkkirləri tərəfindən dilə gətirilmiş və milyon dəfə təkrarlanmış belə bir kəlam var: “İnqilab o zaman olur ki, aşağılar daha əvvəlki qayda ilə idarə olunmaq istəmirlər, yuxarılar isə əvvəlki üsulla idarə edə bilmirlər”. 

İndi baxaq, görək, aşağılar, yəni xalq kütlələri, zəhmətkeşlər əvvəlki kimi idarə olunmaq istəyirlərmi? 

Paytaxtda, rayonlarda keçirilən etiraz aksiyaları göstərir ki, insanlar əvvəlki kimi idarə olunmaq istəmirlər. Kütləvi narazılıq var. Adamlar güzəranlarından, iş şəraitlərindən, maaşlarından, ədalətsizlikdən, hüquqsuzluqdan narazıdırlar.

Onlar zəngin zümrə ilə öz aralarındakı təzadı hər gün bütün çılpaqlığı, qorxuncluğu ilə görür və buna etiraz edirlər. 

Quba, İsmayıllı, İmişli, Neftçala, Lənkəran, Şabran, Göyçay, Siyəzən, Gəncə və başqa şəhərlərdə, rayonlarda yaşayan yüz minlərlə insan hesab edir ki, daha belə davam edə bilməz. 

Əsgər yaşlı oğul valideynləri, gənclər uca səslə, döyülməyi, həbsi, cərimələnməyi gözə alaraq bəyan edirlər ki, əsgər ölümlərinə son qoyulmalıdır.

Sürücülər, broyler işçiləri, ticarətçilər, tikinti fəhlələri tətil edir, yol kəsir, piketə çıxır, haqq-ədalət davası aparırlar. 

İndiyəcən belə olmamışdı. Demək ki, nəsə yetişir. Artıq adamlar zülmə, zorakılığa, haqsızlığa tablaşmaq istəmirlər və öz narazılıqlarını lokal şəkildə, intəhası, növbəylə büruzə verirlər. 

İndi baxaq, görək, hakim zümrə xalq kütlələrini əvvəlki üsullarla idarə edə bilirlərmi?

Narazı insanların öz işlərini dayandıraraq etiraz aksiyasına başlaması, başqa sözlə, hakimiyyətin üzünə ağ olması, hətta yanğınlar törətmək, hökumət qulluqçularını daşa basmaq kimi radikal addımlara əl atması göstərir ki, hakimiyyət xalqı əvvəlki üsullarla idarə edə bilmir. 

Aksiya keçirilən rayonlara qonşu rayonlardan hərbi-polis qüvvələri cəlb etmək, radikal tədbirlərə al atmış insanların üstünə daxili qoşunları, çevik polisləri yönəltmək, həmin bölgələrdə rəsmən elan etmədən fövqəladə vəziyyət rejimi tətbiq etmək, bu hesaba situasiyanı nəzarətə götürmək hələ idarə etmək deyil. Bu, olsa-olsa camaatla mübarizə aparmaq, onları müvəqqəti olaraq ram etməkdir. 

Açıq-aşkar görünür ki, etiraz dalğası yüksələn xətt üzrə böyüyür. İdarə olunmaq üsulundan bezmiş xalq ölkədaxili siyasətdə dəyişiklik istəyir. Bu dəyişiklik tələblərinə heç də maaşları, təqaüdləri bir-iki manat artırmaqla cavab vermək mümkün deyil. Heç kompleks tədbirlər planı da bu problemi həll etməyəcək. 

Çünki təbəqələr arasında dərin uçurum yaranıb. Ən pisi odur ki, girdab sahilinin o üz-bu üzündə duran adamlar bir-birinə daha dərindən nifrət edirlər və bu nifrəti heç bir qabaqlayıcı tədbirlə xəfiflətmək mümkün deyil. Hər şey olacağına varacaq.

Bizə qoşulun