
Balkanlardakı diplomatımızdan prezidentə müraciət
Uzun müddətdir ki, səfir olan sabiq baş prokuror Azərbaycana qayıtması üçün prezidentdən razılıq alıb; yaxın vaxtlarda onun nazir olacağı gözlənilir; rəqiblərinə ilk mesajında nələr var?
Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri, ölkənin sabiq baş prokuroru Eldar Həsənov tutduğu postdan geri çağırılması üçün prezident İlham Əliyevə müraciət edib. Bu haqda modern.az saytına səfir Eldar Həsənovun özü məlumat verib. Uzun müddətdir diplomatik fəaliyyətlə məşğul olduğunu deyən E.Həsənov ölkə başçısına belə bir müraciət etməsinin səbəbini işlərinin ağırlığı ilə izah edib.
“Əlbəttə qürur duyuram ki, mən Rumıniyada ulu öndər Heydər Əliyevin sərəncamı ilə fövqəladə və səlahiyyətli səfir təyin olundum. Uzun illərdir orada çalışıram. Təbii ki, bu istiqamətdə əldə etdiyimiz nailiyyətlər Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin uğurlu siyasətin nəticəsidir. Fərq etməz səfir kimdir. Önəmli olan odur ki, xarici siyasət düzgün, Azərbaycanın milli mənafeyinə söykənən siyasət olsun. Bu reallıqdır. Hər şey göz qabağındadır. Sadəcə məsuliyyətli icradan, xidməti vəzifəsinə vicdanlı yanaşmadan söhbət gedə bilər. Əgər mən və çalışdığım diplomatlar bunu yerinə yetirə bilmişiksə, sevindirici haldır. Mən cənab prezidentə müraciət etmişəm. Rumıniyada uzun müddətdir işləyirəm. Bildiyimiz kimi, eyni zamanda digər 3 ölkədə - Serbiya, Bosniya Hersoqovina, Monteneqroda da Azərbaycanın səfiri vəzifəsində çalışıram. Həm məsafə baxımından, həm işin həcminə və çoxluğuna görə ölkə başçına belə bir müraciət etmişəm. Həm də Xarici İşlər Nazirliyinin rəhbərliyinə müraciətim olub. Amma mənim geri çağırılmağımla bağlı məsələ müstəsna olaraq cənab prezidentin səlahiyyətindədir. Cənab prezident nə qərar qəbul etsə, həmin qərar mənim tərəfimdən hörmətlə qarşılanacaq və icrası həyata keçiriləcək”-deyə səfir açıqlamasında bildirib.
Eldar Həsənov bundan sonrakı fəaliyyətini hansı istiqamətdə davam etdirəcəyi ilə bağlı sualıma da maraqlı cavab verib: “Hər halda diplomatik fəaliyyətimi davam etdirəcəyəm. Bu peşə mənim üçün sonradan gəlmə olsa belə, mən diplomatik sahədə özümü daha rahat hiss edirəm. Dövlətimizə, milli maraqlarımıza, prezidentimizin həyata keçirdiyi siyasətə xidmət etməyə çalışıram. Düşünürəm ki, bu istiqamətdə əlimdən gələni edəcəm, üzərimə düşən vəzifə borcumu harada olmasından asılı olmayaraq, həyata keçirməyi özümə bir vətəndaş borcu hesab edirəm. Burda da mən qərar sahibi deyiləm. Sözsüz ki, burada da hər şey dövlətimizdən, cənab prezidentimizin verəcəyi qərardan asılıdır. Hər bir qərara hörmətlə yanaşıram”.
Qeyd edək ki, uzun müddətdir ki, E.Həsənovun Bakıya yüksək vəzifəyə gətiriləcəyi ilə bağlı xəbərlər dolaşır. Onun baş nazir, xarici işlər naziri, hətta Prezident Administrasiyasının rəhbəri postlarına gətiriləcəyi barədə zaman-zaman informasiyalar yayılıb. E. Həsənov özü bu xəbərləri təkzib etsə də, seçki ərəfəsi onun Bakıya qayıtmaq istəməsi təsadüfə oxşamır. Bu barədə xəbərə bilgili mənbədən aldığımız şərh zamanı sensasion sayıla biləcək təfərrüatlar əldə etdik. Mənbəmizin sözlərinə görə, E.Həsənovun seçki ərəfəsi Bakıya gətiriləcəyi çoxdan planlaşdırılıb: “Sirr deyil ki, xüsusi qabiliyyəti sayəsində Eldar Həsənov Balkan ölkələrində Azərbaycanı diplomat kimi layiqli təmsil edib. Onun erməni lobbisinə qarşı Avropada hətta öz şəxsi vəsaitindən pul xərclədiyi də məlumdur. İkinci bir tərəfdən, Azərbaycan hakimiyyətinin son illər Balkanlarda uğurlu biznes proyektləri birbaşa Eldar Həsənovun xidmətləri sayəsində olub. Balkanlarda elə bir biznes və siyasətçi qapısı yoxdur ki, Eldar Həsənovun üzünə bağlı ola. Onun İlham Əliyevlə yaxın olduğu hələ Heydər Əliyevin hakimiyyətindən başlayıb və dostluq münasibətlərinə qədər inkişaf edib”. Mənbə deyib ki, prezident Əliyevin Monteneqroya bu həftəki səfərini xatırlatmaq yerinə düşərdi: “Əlbəttə ki, prezidentlə səfirin bu barədə açıq söhbətləri olub və razılaşma əldə edildikdən sonra səfir bu müraciəti yayıb. Prezidentin yaxın günlərdə müvafiq sərəncam imzalayacağı gözləniləndir”. Bəs, mənbəmizin sensasion sayıla biləcək iddiası nədir? “Eldar Həsənovun açıqlamasına diqqət yetirin. Səfir onun Bakıya dönüşündən narahat olacaq hakimiyyətdaxili qüvvələrə bəri başdan mesaj verib. O, nə baş nazir, nə baş prokuror, nə PA rəhbəri olmaq üçün qayıtmır. ”Hər halda diplomatik fəaliyyətimi davam etdirəcəyəm", deməklə". Bizi bilgiləndirən mənbə E.Həsənovun mesajına diqqət çəkməyi məsləhət görür: “Eldar Həsənovun bəyanatından indiki halda daha çox xarici işlər naziri narahat olmalıdır. Çünki 2004-cü ilin aprelindən nazir olan Elmar Məmmədyarov ötən müddət ərzində özünü bacarıqlı diplomat kim göstərə bilmədi. Bu post üçün lazım olan xarizmadan da məhrum olan Məmmədyarov son aylar ”yorgunluq" səbəbindən postundan getmək arzusunu bildirib. Hakimiyyətə qarşı açıq müharibə edən Rüstəm İbrahimbəyovla yaxın qohumluğu (görkəmli kinorejissorun nazirin dayısı olduğu deyilir) da nazirə diskomfort yaradır. Bu səbəblərdən, tamamilə mümkündür ki, o, yaxın günlərdə nazir postundan getsin".
İddialarla bağlı E.Həsənovun mövqeyini də dərc etməyə hazırıq.
P.S. Azərbaycan Xarici İşlər Nazirliyi ölkəmizin Rumıniyada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun tutduğu postdan geri çağırılması barədə dövlət başçısı İlham Əliyevə müraciət etməsi xəbərini təsdiqləyib. XİN mətbuat rəhbəri Elman Abdullayev APA-ya bildirib ki, səfirin geri çağırılmasına qərar vermək dövlət başçısının müstəsna səlahiyyətinə daxil olan məsələdir və bu barədə yekun qərarı dövlət başçısı qəbul edə bilər.
Qeyd edək ki, Eldar Həsənov eyni zamanda Serbiya, Bosniya-Herseqovina və Monteneqroda Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri kimi akkreditə olunub. Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, səfirin tutduğu postdan geri çağırılmaq üçün müraciət etməsinin səbəbi diplomatik missiyasına xitam verilməsi ilə deyil, başqa ölkəyə təyinat almaq istəyi ilə əlaqədardır.
musavat.com