Medianews.az
TÜRMƏDƏ LÜKS YAP-çı KAMERASI
170 baxış

TÜRMƏDƏ LÜKS YAP-çı KAMERASI

Famil CƏFƏRLİ

familceferli2@gmail.com

 

TÜRMƏDƏ LÜKS YAP-çı KAMERASI

 50-dək polis dünən Xocalı abidəsini ziyarət etmək istəyən jurnalist həmkarlarımın qabağını kəsərək onları abidəyə yaxın buraxmayıb. Qarşıdurma yaranıb. Polislər yuxarıdan belə tapşırıq aldıqlarını deyib. Səbəb? İzahat belə olub ki, məqsəd jurnalistlərin iri-iri məmurlara yaxınlaşmasının qabağını almaqdır, məmurlara yaxınlaşmaq olmazmış.

Dəyərli həmkarlarım isə bundan bərk narazı qalıb, bu əməli qanunsuzluq sayıblar. Halbuki əsla belə deyil. Hətta əksinədir, jurnalistlər buna görə polislərə də, onlara bu əmri verənlərə də minnətdarlıq eləməlidir.

Həmkarlarım bir az hirslidir, onların əvəzində mən təşəkkür edirəm ki, yuxarıdakı ağıllı başbilənlərdən kimsə jurnalistlərin sağlamlığının qeydinə qalıb. Çox sağ olsunlar. Deyim niyə.

Prezident 12 fevral müşavirəsində məmurlar və balaları haqda nə demişdi?! Sitatı olduğu kimi verək: “Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər”.

Qudurğanlıq edən canlı mütləq quduzlaşır. Quduzluq isə qorxulu zaddır. Nə bilirsən, bəlkə o məmurların arasında birinin uşağı qudurub, amma quduzluq əleyhinə peyvənd olunmayıb?! Bəlkə o uşaq evdə atasından qiyməti 400-500 min avro olan son model maşın istəyib, atası da növbəti tenderə, infrastruktur layihəsinə qədər gözləməyi məsləhət biləndə uşaq qəzəblənib atasını dişləyib, onu da yoluxdurub, nə bilirsən?! Bu variantda ata da virus daşıyıcısı olur. Beləsinə yaxınlaşmaq isə qorxuludur. O da jurnalisti dişləyə bilər. Yəni polis jurnalistlərin qabağını kəsməklə düz iş görüb. Bir daha minnətdarıq...

Hüquq-mühafizə orqanlarını iki ilə yaxın girinc eləmiş 17 yaşlı gənc və perspektivli oğru İsmayıl Qəhrəmanovdan yenə bir-iki cümlə yazmalıyıq. Dünən lent.az saytında oxuduğum xəbərdən sonra içimdə bu uşağa nəsə bir gizli rəğbət yaranır. O xəbərdə iki detal mənə daha maraqlı göründü.

Birincisi bu idi ki, araşdırmalar getdikcə İsmayılın törətdiyi əməllərin siyahısı böyüyüb, onun yeni-yeni “əl işləri” üzə çıxıb. Bu cümlələri polis-prokuror dilindən bisavad kəndçi dilinə tərcümə edəndə bu alınır: həşəmətli hüquq-mühafizə orqanları indiyə qədər izinə düşə, üstünü aça bilmədikləri nə qədər bağlı cinayət işi varsa, hamısını şələləyib yıxacaqlar bu uşağın üstünə. Təbii ki, ilin sonunda özlərinə sərf eləyən “cinayətkarlıqla amansız, şiddətli, sürətli, cürətli mübarizə” statistikası qayırmaq üçün belə edirlər...

Xəbərdə diqqətimi cəlb eləyən ikinci məqam isə kriminogen yox, tərbiyəvi əhəmiyyətə malikdir. Heç bir vəzifəsi, partiya mənsubiyyəti, yalançı vətənpərvərliyi olmayan bu balaca milli oğrumuz oğurladığı pullarla,- deyilənə görə, 1 milyon manatdan çox!- özünə nəinki ev, villa, mülk, maşın, heç toyuq hini də almayıb. Eləcə xərcləyib, səxavət göstərib, dostlarına, qohumlarına əl tutub. Digər tərəfdən, balaca milli oğrumuz girdiyi evlərdən yalnız pul və qızıl aparırmış, evdə qabağına hətta qiymətli əşyalar (paltar, telefon-filan) çıxanda da onları oğurlamırmış.

YAP vəsiqəsi və vəzifəsi, ictimai xadimliyi, eynəyi, vətənpərvərliyi və s. də olan böyük milli oğrularımız isə belə eləmir. Onlar daha xəsis, qəddar və acgözdür. Nə dostlarına, nə də qohumlarına əl tutmurlar. Oğurladıqlarını yalnız mala-mülkə, villaya, maşına çevirir, it sümük yığan kimi yığıb gizlədirlər. Üstəlik qabaqlarına çıxan, əllərinə keçən nə varsa, hamısını oğurlayırlar. Bu da nə bizim cəmiyyətdə, nə də “qanuni oğru” aləmində yaxşı qarşılanmır. O balaca milli oğruya baxıb öyrənin da bə. O uşağı yüz faiz həbsxanaya yollayacaqlar. Orada isə onun işi yəqin yaxşı olacaq, hörmət qazanacaq, lüks yaşayacaq...

Lüks demiş, həbsxanada Gülər Əhmədova üçün hər şəraiti olan lüks kamera hazırlanır. Hər nə niyyətlə edirlər, özlərinə və sağlıqlarına qismət. Məni o kameranın kimin - sabiq YAP-çı deputatın özünün, yoxsa dövlətin puluna təmir olunması maraqlandırmır. Məni maraqlandıran budur: bu lüksü Əhmədovaya onun YAP, vətən, dövlət, millət qarşısındakı “xidmətləri”nə görə yaradırlar, yoxsa ayrı zada, məsələn, hansısa iqtidardaxili qruplaşma qarşısındakı xidmətlərinə görə?

Hamısını lüks təmir eləmək lazımdır. Gərək olacaq...

Bizə qoşulun