Medianews.az
QUDUZLARIN AĞZININ CIRILMASI
203 baxış

QUDUZLARIN AĞZININ CIRILMASI

Samir SARI

[email protected]

 

QUDUZLARIN AĞZININ CIRILMASI

 

Ölkəmizdə harınlıq və qudurğanlığa qarşı başlanmış olan ümummilli mübarizə adamın yadına Türkmənistanın sabiq və mərhum hökmdarı Türkmənbaşını salır. Yaxşı kişiydi rəhmətlik. Elə bir həftə olmazdı ki, o, region və dünya mediasını yeni-yeni gözəl xəbərlərlə təmin etməsin. Bir ara Türkmənbaşı da məmurlarının harınlığına qarşı kampaniya başlatmışdı və xeyli uğurlar qazanmışdı.

 

Təxminən on il öncə bir gün işdəydik, Xəzərin qırağında oturub çay içirdik, qəfildən dənizin o tayından xəbər gəldi ki, bəs Saparmurad müəllim nazirlərinin başına it oyunu açıb. Hadisə böylə olub: saçı həna hesabına şəvə kimi olan ağsaqqal müşavirə keçirərkən diqqət edib ki, bunun nazirləri totuqlaşıblar, artıq aşağı ətrafları oturduqları kresloya sığmır. Cənab Niyazov deyib ki, sabah hamınız bir nəfər kimi idman kostyumunda Aşqabadın kənarına gəlirsiniz. Nazirlər, komitə sədrləri deyilən vaxtda, deyilən formada hadisə yerinə gəliblər və kross qaçışı başlayıb.

Hadisənin şahidləri sonradan öz qohum-əqrəbalarına danışırmışlar ki, cəmi yüz metr qaçandan sonra tosqun nazirlər ləhləməyə başlayıblar. Qan-tər onları basıb. Bəziləri yerə çöküb. Nisbətən cavanları və idmana meylliləri bir az uzağa qaçıblar. Amma ləhləyənlərə baxan Türkmənbaşı əvvəlcə qəddarlıq sərgiləyib, deyib, “öldü var, yarı yolda qaldı yoxdur”, axıra qədər qaçmalısınız. Sonradan Saparmurad əkənin ürəyi yuxalıb, görüb ki, bir-iki yüz metr də qaçsalar, hazırda nəfəs almaq üçün ağızlarını kərgədan ağızı kimi ayırmış nazirlər kütləvi şəkildə öləcəklər, deyib, bu günlük bəsdir, amma sabah bir də qaçacaqsınız.

Bir dəfə isə Niyazovun öz təhsil nazirinə necə acığı tutmuşdusa, iclasda demişdi ki, “sən harınlayıb qudurmasan, səni adam eləmək mənə borc olsun” və ertəsi gün yazıq naziri vəzifəsindən çıxartmış, ucqar aulda ferma müdiri təyin etmişdi ki, gedib heyvanlarla işləsin.

Kəsəsi, Türkmənbaşının vaxtında Türkmənistanda məmur quduzluğu və harınlığı sıfır səviyyəsindəydi. Heç indi də pis deyil, amma ta tosqun nazirləri kross qaçmağa vadar etmirlər.

Bu sətirləri yazmaqda məqsəd o deyil ki, bizdə də nazirlərə idman kostyumu geydirsinlər və onların arıqlamasını təşkil etsinlər. Əslində kökəlmək qudurğanlıq və harınlığa dəlalət etməz. Adamın yaşı 35-i keçəndən sonra təvazökar santexnik də olsa kökəlir.

Ümumiyyətlə, insanın qudurmağı ilə heyvanın qudurmağı eyni şey deyil. Heyvanlar quduranda sudan, işıqdan qorxurlar, amma insanlarda elə olmur. Əksinə, qudurmuş insan yerə gəlsə, yüz min manatlıq çarhovuzundan, cakuzisindən çıxmır, həyətində bir qəsəbəyə bəs edəcək qədər neon lampası yandırır.

Ancaq oxşar cəhətlər də var. Qudurmuş heyvan da, qudurğan insan da ətrafındakılar üçün təhlükəlidir, onlar yoldan keçənlərə ağız ata, onları dalaya, yaralaya bilərlər. Qudurmuş heyvan da heç nədən qorxmur, eyni cür olan insan da.

Məsələn, özü vəzifə yiyəsi olmayan, amma atasının böyük mənsəbi hesabına milyonlarla manat pulu məngirləyən gənc bir adam qara qəpiyə dəyməz canını qorutdurmaq üçün yeddi cangüdən saxlayırsa, 500 min avroluq zirehli maşında gəzirsə, gündə bir sütül qız tələb edirsə, demək, artıq qudurub. Aparıb onun qanını, ağız suyunu analiz etdirməyə ehtiyac yoxdur. Gədə ki, ağzını ictimai yerdə söyüşlə açdı, camaatın ana-bacısının ünvanına nalayiq sözlər dedi, məsələ məlumdur, demək onun ağzını məcazi mənada cırmaq lazımdır.

Düzdür, eşitdiyimə görə, eləsinin birinin ağzını birbaş, fiziki mənada, qəzet kimi cırıblar, amma bu, yolverilməzdir, qanunlar icazə vermir, maddəsi var.

Qudurğan və harın adamların öhdəsindən yalnız çox böyük vəzifəsi olan adamlar gələ bilər. Təbii ki, istəsələr. İstəməsələr, mümkün deyil. Amma qudurğanlara qarşı tədbir görməyəndə onun da axırı pis olur. Əvvəl-axır qudurğanların daladığı camaatın beyni çönür və yabaya cumur.

Xüləs, hiss olunur ki, bu haqq-hesabın da çarxı çevrildi. İndən belə qudurğanlığı, harınlığı açıq-aşkar nümayiş etdirmək mümkün olmayacaq. Ya hökumət tədbir görməli olacaq, ya da camaat.

Bizə qoşulun