
Zəfər Quliyev: “Problemləri həll etməmək hakimiyyətin özü üçün təhlükəli və risklidir”
Dövlət başçısı İlham Əliyevin son bir neçə gündə bəzi icra başçılarını vəzifədən azad etməsi birmənalı qarşılanmır. Əksər ekspertlər bu kimi xəbərlərin və hadisələrin sadəcə görüntü xarakteri daşıdığını və ölkədəki durumu dəyişməyəcəyini diqqətə çatdırır.
İctimai Palatanın (İP) Koordinasiya Şurasının üzvü Zəfər Quliyev bildirir ki, dövlət başçısının atdığı addımların nəticəsi ilk növbədə bu proseslərin sonrakı axarından asılıdır: “Məlum çıxış imitasiya xarakteri daşımırsa və doğrudan da dövlət başçısı hansısa dəyişikliklər etmək istəyirsə, İsmayıllı və Şamaxı ilə kifayətlənməyəcək. Bundan sonra bəzi məsələlərdə islahatlar, hansısa addımlar atıla bilər. O, qarşıdurma istəmirsə, doğrudan da real addımlar nəzərdə tutulursa, belə vəziyyətdə gözləmək olar ki, İsmayıllı hadisələrinə yeni baxış olacaq. Bundan sonra İsmayıllıda həbs olunanlara qarşı münasibət dəyişə bilər. Özü də nəzərə alsaq ki, bu, tək ölkə daxilində yox, beynəlxalq səviyyədə də müzakirə olunur. Bu məsələdə iqtidara ciddi təzyiqlər, tələblər var. Ona görə bu konteksdə gözləmək olar ki, vəziyyət nisbətən dəyişə bilər, yumşalma prosesi gedə bilər. Ancaq mən eyni zamanda, istisna etmirəm ki, prezidentin çıxışı daha çox imitasiya çıxışı daşıyır. Ola bilər ki, bugünkü görüntünün arxasınca başqa addımlar atılmasın. Əksinə, bir müddətdən sonra yeni repressiv addımlar da ola bilər. Yəni hakimiyyətin mahiyyəti ilə bizim ondan gözlədiyimizin eyni olacağı inandırıcı görünmür. Bəzi görüntü xarakterli addımlar atılır. Lakin gözləmirəm ki, seçkiqabağı birbaşa hansısa bir islahatlara doğru istiqamət götürə, öz opponentləri ilə başqa dillə danışa. Ancaq yaxın günlərdə bu addımların imitasiya olub-olmadığı dəqiqləşəcək. Əgər hakimiyyətdə hadisələri doğru qiymətləndirən adamlar varsa və prezident özü də real hadisələri qiymətləndirirsə, onda başa düşülməlidir ki, bütün bu problemləri həll etməmək hakimiyyətin özü üçün təhlükəli və risklidir”.
İP KŞ-nin üzvü Pənah Hüseyn isə bildirir ki, dövlət başçısının müşavirədəki çıxışı və İsmayıllının icra başçısının vəzifədən çıxarılmasından sonra bu olaylarla bağlı həbs edilənlərin azadlığa buraxılması vacibdir: “Bu, məntiqi bir addım olar. Bütövlükdə cəmiyyətdə gərginliyin zəifləməsinə, hakimiyyətin ciddi addımlar atmağa hazırlaşdığı haqqında cəmiyyətdəki gözləntiləri möhkəmləndirər”.
REAL Hərəkatının katibi Natiq Cəfərli də deyir ki, rayon icra başçısının həbsindən sonra İsmayıllı hadisələrinə görə tutulan rayon sakinlərinin, həmçinin REAL sədri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublu hökmən azadlığa buraxılmalıdır: “Baş verənlər məntiqlə onu deyir ki, bəli, həbs olunanlar azad olunmalıdır. İlqar Məmmədova və Tofiq Yaqubluya qarşı irəli sürülən ittiham ondan ibarətdir ki, onların İsmayıllı hadisələrində müəyyən iştirakçılığı, təşkilatçılığı olub. Bu, tamamilə absurd bir şeydir. Prezidentin çıxışı birbaşa onu təsdiqləyir ki, İsmayıllıda məmurların övladlarının harınlığı və etdiyi hərəkətlərlə bağlı insanların etirazı olub. Doğrudan da hadisələr yanvarın 23-dən 24-nə keçən gecə baş versə də, İlqar Məmmədov və Tofiq Yaqublu ayın 24-də günortadan sonra cəmi bir saata yaxın rayonda olublar. Onlar vəziyyətlə tanış olmaq, problemi öyrənmək üçün rayona getmişdilər. İlham Əliyevin bu qərarlarından və həmçinin çıxışından sonra İsmayıllı ilə bağlı cinayət işi xətm olunmalıdır. Günahsız, siyasi motivlərlə həbs olunan insanların hamısı azad olunmalıdır. Hakimiyyət yaxın vaxtlarda bu addımı atmalıdır. Bu addım atılarsa, danışıqların, deyilən sözlərin hərəkətlərin müəyyən səmimiyyət xarakteri daşıdığı sübut olunacaq”. İsmayıllı hadisələrinə görə hazırda 16 nəfər həbsdədir.
Qeyd edək ki, ekspertlər İsmayıllı hadisələri ilə bağlı nazir Füzulu Ələkbərovun da vəzifədən uzaqlaşdırılacağını güman edirlər. Məntiqlə, İsmayıllının İH başçısı işdən qovuldusa, burada günahkarı, təhrikçini başqa yerdə axtarmaq lazım deyil. Günahkar da, təhrikçi də elə başçının nazir qardaşı Füzuli Ələkbərovdur. Onun İsmayıllı camaatını söyən oğlu, rayonda belə bir mühiti yaradan qardaşıdır. Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun istefaya göndəriləcəyi ciddi şəkildə ehtimal edilir. Çünki İlham Əliyevin son müşavirədə Füzuli Ələkbərovu sərt şəkildə danladığı vurğulanır. Səbəb də İsmayıllıda xalq etirazının Ələkbərov qardaşlarının rayondakı özbaşınalığına görə baş verməsidir.
Yeri gəlmişkən, işdən çıxarılan başçı Nizami Ələkbərov rayonda baş verən üsyana görə özünü günahkar saymayıb. O “Mediaforum” saytına bildirib ki, dövlət başçısının çıxışında sərt tənqid olunan məmur övladlarını ilə bağlı ifadələrin onlara aidiyyatı yoxdur: “O sözlərin bizə aidiyyəti yoxdur. Bizdə məmur özbaşınalığı olmayıb. Hadisələr məişət zəminində yaranıb, emosiyalar coşub və belə xoşagəlməz hal yaranıb. Bizim rayonda heç vaxt məmurlardan şikayət olmayıb... Füzuli müəllimin oğlunun bura aid olduğunu düşünmürəm. Hadisələr baş verən gün Vüqar Ələkbərov Bakıda idi, övladının dünyaya gəlməsini gözləyirdi. Ayın 24-də övladı anadan oldu. O, İsmayıllıda olmamışdı. Ümumiyyətlə, Vüqarın dilindən heç vaxt söyüş çıxmayıb. Çox mədəni oğlandır. Heç vaxt kobud danışmır, təhqirdən istifadə etmir”. O həmçinin deyib ki, konfransda səsləndirilən müxtəlif tənqidlərin hamısı onlara şamil edilmirdi. Ancaq bununla belə, ekspertlər tezliklə sabiq başçının nazir qardaşının da vəzifədən uzaqlaşdırılacağının anonsunu verirlər.
Röya RƏFİYEVA