Medianews.az
ÖLKƏ HƏKİMLƏRİ QORXUYA DÜŞÜB
131 baxış

ÖLKƏ HƏKİMLƏRİ QORXUYA DÜŞÜB

Dövlət başçısı İlham Əliyev “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb. APA-nın xəbərinə görə, fərmanda göstərilir ki, tibb kadrlarının peşə hazırlığı səviyyəsinə nəzarət təmin edilməlidir. Fərmanda qeyd olunub ki, tibb fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatlar tərəfindən göstərilən tibbi xidmətin keyfiyyətinə nəzarəti təmin etmək məqsədilə insanların həyat və sağlamlığına əhəmiyyətli zərərin vurulması və ya belə təhlükənin olması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarə orqanlarından konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda, həmin müəssisə və təşkilatlarda yoxlama aparılsın.

Nazirlər Kabinetinə iki ay müddət verilib ki, pullu ixtisaslaşdırılmış tibbi yardımın növləri prezidentlə razılaşdırmaqla müəyyən edilsin, dərman vasitələrinin qiymətləri və onların ekspertizasının tarifləri ilə bağlı yeni tənzimləmə mexanizminə dair təkliflər prezidentə təqdim edilsin.
Ekspertlər fərmanı müsbət qiymətləndirib. Həmçinin onlar KİV-lərin bununla bağlı sui-istifadə hallarına yolyol verəcəyindən narahatdılar. 
Tibb elmləri doktoru, professor Adil Qeybullaya görə, fərmanın əhəmiyyəti ondan ibarətdir ki, ölkədə fəaliyyət göstərən və tabeçiliyindən asılı olmayaraq bütün tip xəstəxanalarda ümumi işə nəzarət təmin olunacaq: “Müalicə vasitələrindən düzgün istifadə, dərman vasitələrinin paramentləri və sair məsələlərin nəzarətdən kənar qalmaması üçün bu, mühüm addımdır. Amma digər tərəfdən, sui-istifadə halları da olmamalıdır. Bir də görürsən, kimsə vəziyyətdən sui-istifadə edir, şikayətlər olur. Bunları ətraflı araşdırmaq üçün peşəkar komissiyalar tələb olunur. Dünyanın hər yerində bu cür məsələləri peşəkar komissiyalar araşdırır və müvafiq qərarlar çıxarır. Bu məsələləri polis orqanları araşdıra bilməz. Çünki onların konfidensiyasında deyil. Hüquq-mühafizə orqanları yalnız hüquqi tərəfinə münasibət bildirə bilər. Ona görə hesab edirəm ki, dərhal təlimat çıxsa, bu təlimatdan sonra digər məsələlərə aydınlıq gətirmək mümkün olacaq”.

Media mütəxəssisi Qulu Məhərrəmli də sözügedən fərmanı müsbət qiymətləndirir: “Bəzən mətbuatda ciddi tənqidi araşdırma yazıları gedir. Onlara da reaksiya verilməsi yaxşı olardı. Sovet dövründə prokurorluğun və digər yoxlama təşkilatlarının yoxlamaya başlaması üçün mənbələrdən biri də mətbuat idi. Hesab edirəm ki, bu, mətbuatın rolunun, nüfuzunun qismən artırılmasıdır. Jurnalistlər də belə yazılar yazanda vicdanlı və qərəzsiz olmalıdır. Təəssüf ki, bizdə mətbuatda sui-istifadə halları həddindən artıq çoxdur. Arzulayıram ki, tək səhiyyədən yox, təhsildən və iqtisadi proseslərdən yazanda da jurnalistlər dürüst olsunlar. Prinsipcə bu, həmin təşkilatlara nöqsanları aradan qaldırmağa kömək edə bilər. Həm də mətbuatın özünün cəmiyyətdə rolunun artmasına müəyyən təkan verə bilər. Bu, müsbət fərmandır və arzulayardım ki, dairəsi daha geniş olun. Bir sahə ilə məhdudlaşmasın”.

R.RƏFİYEVA

Bizə qoşulun