Medianews.az
SEVİNC BABAYEVA ÖLÜMÜNDƏN ƏVVƏL QURAN İSTƏYİBMİŞ
123 baxış

SEVİNC BABAYEVA ÖLÜMÜNDƏN ƏVVƏL QURAN İSTƏYİBMİŞ

Qəzetimizin ötən sayında xəbər vermişdik ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevin işi ilə bağlı araşdırma aparan blogger Elnur Məcidli ilginc açıqlama verib.

 

E.Məcidli facebook səhifəsində E.Abdullayevdən yeni video istəyənlərlə bağlı fikirlərini paylaşıb: “Neçə gündür soruşurlar ki, yeni video olacaqmı, olacaqsa nə zaman olacaq. Bu səpkidə sualların çoxluğunu nəzərə alaraq zəruri qeyd yazmaq qərarına gəldim.
Bu səpkili sualları soruşanlar müxalif düşərgənin təmsilçiləri, aktivistlər öncə bunu düşünməlidirlər ki, müxalifət niyə videolardan asılı vəziyyətə düşməlidir. Hakimiyyətin gündəmi dəyişmə manevrlərinə niyə yetərli cavab verə bilmir və ən əsası niyə müxalifət öz gündəmini ictimailəşdirə bilmir? Müxalifətin gündəm istehsal edə bilməməsi, videolardan asılılığı onun siyasi zəifliyinin sübutu deyilmi? Bu zamana qədər yayınlanan videolardan müxalifət siyasi təsir və ictimai nəzər nöqtəsi baxımından layiqincə istifadə edə bildimi? Bütün bu suallara cavab verilməlidir, təhlil olunmalıdır".
E.Məcidlinin müxalifəti hədəf alan bu açıqlamasına münasibət öyrənmək istədik. Doğrudanmı müxalif cameə E.Abdullayevin videolarından asılı vəziyyətə düşüb, onları gözləyir?

Müxalifət “video asılılıq” iddiasını rədd edir

Arif Hacılı Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, kiminsə E.Məcidlidən video tələb etməsi barədə onda hər hansı məlumat yoxdur: “Kim onlardan video tələb edirsə, sual ona da ünvanlanmalıdır. Amma biz öz fəaliyyətimizi özümüz müəyyən edirik. Azərbaycanda hazırda mübarizənin önündə yenə də Müsavat Partiyası, İctimai Palatadır. Gündəmi də bacardığımız qədər idarə etməyə çalışırıq. Peşəkar olaraq siyasətlə məşğul olmaqla, bütövlükdə həyatımızı demokratik proseslərə həsr etməklə bu meydandayıq”.
A.Hacılı onu da dedi ki, qarşıda hansısa kataklizmlər ola, hansısa həbslər baş verə bilər: “Video yayanlar yox, real mübarizə aparan adamlar mübarizənin önündə olacaqlar”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da E.Məcidlinin bu açıqlamaları ilə birmənalı olaraq razı olmadığını dedi. Onun sözlərinə görə, müxalifət vaxtaşırı olaraq hökumətin yanlışlarını gündəmə gətirir, buna öz münasibətini bildirir: “Eyni zamanda etiraz aksiyaları, keçirdiyi tədbirlərlə cəmiyyətin reaksiyasını ortaya qoyur. Elşad Abdullayevin yaydığı videolar şəxsi baxımdan məruz qaldığı haqsızlığı ortaya qoyur, hakimiyyətin mahiyyətini ifşa edir. Ölkə miqyaslı qalmaqallardan, oğurluqlardan, mandat alverindən bəhs edən videoları ortaya qoyur. Təbii ki, bu, müxalifət üçün də zəruri məsələlərdən biridir. Amma müxalifətin bu məsələlərə reaksiya bildirməsi elə təəssürat yaratmamalıdır ki, biz ancaq bu videolarla məşğuluq”.
Fuad QəhrəmanlıF.Qəhrəmanlı bu videolardan əvvəl də, sonra da müxtəlif mövzularda dinləmələr, aksiyalar keçirdiklərini dedi. Onun sözlərinə görə, videolar bu prosesin içində qəbul olunmalıdır: “Ölkədə demokratiya uğrunda mübarizə aparan real qüvvə müxalifətdir. Bir-iki video ilə təəssürat yaranmamalıdır ki, kimlərsə müxalifətə minnət qoya bilər. Demokratik proseslərə dəstək verməkdən söhbət gedirsə, məsələyə bu cür xırda maraqlarla yanaşmaq olmaz. Biz müxalifət olaraq apardığımız mübarizəni heç kimə minnət və ya özümüzün müstəsnalığımız kimi təqdim etməmişik. Əgər Elşad Abdullayev və Elnur Məcidli hesab edirsə ki hakimiyyətin ifşasına təsir edirlər, heç kimə minnət qoymamalıdırlar. Demokratiya uğrunda mübarizə məsələlərə təmənnasız, xırda hisslərdən uzaq yanaşmağı tələb edir. Müxalifətin əsas vəzifəsi insan haqlarının qorunması, azad seçki ilə bağlıdır. Buna görə də Elnur Məcidlinin açıqlaması ilə razı deyiləm”.
Sərdar CəlaloğluADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, onlar E.Abdullayevlə əlaqədə deyillər və ondan da video tələb etməyiblər. S.Cəlaloğlu bu videolar, habelə E.Abdullayevin müraciətləri ilə mətbuat vasitəsilə tanış olduqlarını vurğuladı: “Şəxsən elə partiya tanımıram ki, onların videolarını ardıcıl olaraq izləsin, siyasətini onun üzərində qursun, ya da media marağından, populyarlıq baxımdan onun arxasınca düşsün. Bunu müxalifətin marağı kimi dəyərləndirmək yanlışdır. Mən də soruşuram: Elşad Abdullayevin dediyi hansı söz beynəlxalq hesabatlarda açıqlanandan daha ciddidir ki?”

Ayxan Məmmədov: “Anamın ölümü ilə bağlı ekspert rəyi bir neçə günə açıqlanacaq”

Bu arada məlum mandat alverində adı hallanan, dekabrın 26-da İstanbulda dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədov da vəkil axtarışlarını davam etdirir. A.Məmmədov həm anasının ölümü, həm də sabiq YAP-çı deputat Gülər Əhmədovanın ondan polisə şikayət etməsinə görə hüquqlarını qoruyacaq səviyyəli vəkil axtarır.
Ayxan MəmmədovA.Məmmədov deyir hələ ki G.Əhmədovanın guya sonuncunu ölümlə təhdid etməsinə görə polisə şikayətindən hər hansı xəbər yoxdur: “O, mənə sadəcə xox gəlirdi. İstəyirdi ki, onun barəsində heç nə danışmayım. Onun şikayəti də heç bir əhəmiyyət daşımır. Öldürmək istəyən adam heç vaxt ”səni öldürəcəyəm" mesajı yazmır. Mən də ona heç vaxt elə mesaj yazmamışam. Anamı öldürən onlardır, hələ bir məni də polisə verirlər".
A.Məmmədov onu da bildirdi ki, son hadisələrdən sonra ana nənəsinin - S.Babayevanın anasının da səhhəti pisləşib. A.Məmmədov hazırda başı daha çox nənəsinə qarışdığı üçün anasının ölümü ilə bağlı aparılan istintaqdan tam məlumatlı olmadığını vurğuladı: “Türkiyə ilə növbəti dəfə danışdım. Dedilər ki, ekspertizanın nəticələri bir neçə günə açıqlanacaq. Birbaşa mənə məlumat veriləcək bu barədə. İlk gündən demişəm ki, anam bu hakimiyyətin qurbanıdır. Hakimiyyət onun harada olduğunu bilə-bilə İnterpol vasitəsilə axtarışa vermişdi. Halbuki onu vaxtinda bura gətirdib qətlinin qarşısını ala bilərdi”.

Səlcuq Ağlayan: “Sevinc Babayeva ilə çörək kəsmişdik, gözəl insan idi”

Yazını hazırlayarkən əməkdaşımız S.Babayevaya İstanbulda himayədarlıq edən türkiyəli iş adamı Səlcuq Ağlayanla da əlaqə saxlayıb. S.Ağlayan “Yeni Müsavat”a açıqlamasında ekspertizanın nəticələrini gözlədiyini, ancaq nəticələr açıqlanandan sonra danışa biləcəyini söylədi. O, Türkiyə Ədliyyə Tibb Qurulunda araşdırılan bir çox işlərin olduğunu, bu səbəbdən S.Babayeva ilə bağlı ekspertizanın növbədə olduğunu dedi: “Ekspertiza hər şeyi üzə çıxaracaq. Bilinəcək ki, o, nədən ölüb. Ondan sonra hər şey barədə danışa bilərik”.
S.Ağlayan özü barədə onu dedi ki, iş adamıdır və Avropa, türk cümhuriyyətləri ilə geyim, ayaqqabı alveri edir: “Nə mafiyayıq, nə də pis adamlarıq. Sadəcə, bir insana yardım etdim. Hamımız insanıq sonucda. Türkiyənin bir nöqtəsindən digərinə gedənə qədər neçə kameranın qeydiyyatına düşür insan. Bu cür böyük hadisənin izsiz qalması mümkünmü?”
Elnur MəcidliS.Ağlayandan S.Babayevanın Türkiyəyə səfərindən bir gün öncə Bakıya gəlməsi barədə soruşduq. Xatırladaq ki, daha öncə A.Məmmədov S.Ağlayanın sözügedən tarixdə Bakıya gəldiyini, çox güman ki, G.Əhmədovadan tapşırıq aldığını demişdi. S.Ağlayan bizə açıqlamasında Bakıya gəldiyini təsdiqlədi: “Bir dəfə gəldim Bakıya. Gəlməz olaydım. Ticari araşdırma üçün gəlmişdim. Detallara girməyək. İstintaq bitsin, hər şeyi danışacağam. Onda biləcəksiniz ki, əsl gerçək hansıdır”.
Türk iş adamı sabiq deputat G.Əhmədova barədə heç nə danışmaq istəmədiyini söylədi. S.Ağlayan sabiq YAP-çı deputatın gömrükdəki bəzi problemlərinin həlli üçün ona kömək etməsi xəbərini təkzib etdi: “Belə şey olmayıb. Mən bir şey deyim: siz o xanıma Sevinc deyirsiniz, amma mənim tanıdığım Məryəm Solmaz çox gözəl insan idi. Biz onunla çörək kəsmişdik. O insanın ölməsi mənə çox pis təsir etdi. Adil İsmayılovÖlümündən əvvəl məndən Quran istəmişdi, gətirib vermişdim. İnanclı, gözəl insan idi. Bu ölüm hadisəsindən sonra mən uzun müddət özümə gələ bilmədim”.
E.Abdullayevin vəkili Adil İsmayılov da “Yeni Müsavat”a açıqlamasında sabiq rektorun son bəyanatından sonra Müstəqil İstintaq Komissiyasından hər hansı xəbər almadıqlarını dedi. O, Mahir Abdullayevin oğurlanması ilə bağlı aparılan istintaqın gedişi ilə bağlı son günlər ona hər hansı məlumat verilmədiyini dedi.

Sevinc TELMANQIZI

Bizə qoşulun