Medianews.az
DİN-dən AĞCABƏDİ ƏMƏLİYYATINA DAİR AÇIQLAMA
149 baxış

DİN-dən AĞCABƏDİ ƏMƏLİYYATINA DAİR AÇIQLAMA

“Yeni Müsavat” qəzetinin 7 və 8 fevral 2013-cü il tarixli saylarında fevralın 6-da Ağcabədi rayonunda polisin keçirdiyi əməliyyat nəticəsində narkotik maddələrin satışı ilə məşğul olan cinayətkar qrupun zərərsizləşdirilməsi və saxlanılanların olması barədə yayılmış məlumatlar xeyli şişirdilmişdir”. Bunu DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Yeni Müsavat”a göndərdiyi yazılı açıqlamasında bildirir.

 

Onun sözlərinə görə, əslində fevralın 6-da həqiqətən Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı rayonun Muğanlı kənd sakini Xanlar Quliyevə məxsus “VAZ-2107” markalı Az 10 LA 638 dövlət nömrə nişanlı avtomobildən 2 kibrit qutusunda ümumi çəkisi 7 qram olan marixuana götürülmüşdür: “Tədbirin davamı olaraq X.Quliyevin həyətindəki yardımçı təsərrüfatdan isə ümumi çəkisi 461 qram marixuana aşkar edilmişdir”.

O.Mansurzadə bildirir ki, faktla bağlı  RPŞ-nin istintaq bölməsində CM-in 234.1 maddəsi ilə cinayət işi başlanmışdır: “Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Xanlar Quliyev ifadəsində narkotika aludəçisi olduğunu, idarə etdiyi nəqliyyat vasitəsindən və həyətindəki yardımçı təsərrüfatdan götürülmüş marixuananı şəxsi istifadəsi üçün istehlak etdiyini bildirmişdir. Hazırda istintaq hərəkətləri davam etdirilir”.

O.Mansurzadə yazılı  açıqlamasında bildirir ki, söhbət iddia olunduğu kimi, X.Quliyevin rəhbərlik etdiyi narkobandadan və guya xeyli sayda saxlanılanlardan deyil, yalnız bir nəfərdən gedir: “Ona görə narkobanda üzvlərinin bir neçəsinin iki ay əvvəl tutularaq hansısa səbəbdən bir neçə gün sonra buraxılması, rayonda polisin şübhəli hesab etdiyi şəxsləri sorğu-sualsız tutması və həbs olunan şəxslərə dair məlumatların guya gizli saxlanılması barədə sözügedən yazılarda səslənmiş fikirlər həqiqətdən uzaqdır və ictimaiyyəti çaşdırmağa, dövlət orqanları, o cümlədən polis barədə mənfi rəy formalaşdırmağa, mövzu ətrafında ucuz sensasiya yaratmağa  hesablanmışdır”.

Açıqlamada daha sonra deyilir: “Hər iki yazıda saxlanılan şəxsin qardaşının hakim partiyanın yerli təşkilat sədri olmasının xüsusi vurğulanması ilə əlaqədar qeyd etməyi zəruri sayırıq ki, kimliyindən, tutduğu vəzifədən, sosial, siyasi, dini və milli mənsubiyyətindən asılı olmayaraq cinayət törətmiş hər bir şəxs buna görə məsuliyyət daşıyır. Özünün və ya yaxın qohumunun hər hansı vəzifə tutması heç kimi məsuliyyətdən azad etmir. Konkret halda X.Quliyevin törətdiyi cinayət əməlinə siyasi don geydirmək tamamilə yersiz və yolverilməzdir”.

 

Röya RƏFİYEVA 

Bizə qoşulun