Video-qalmaqal yeni ildə yeni mərhələdə
İstanbulda ölən qadının oğlu ağır ittihamlara başladı; Ayxan Məmmədov məsələyə Kəmaləddin Heydərovu da qatdı; Elşad Abdullayev də şok ünvanlar göstərdi...
Fəaliyyəti dayandırılmış ABU-nun hazırda Fransada mühacirətdə yaşayan rektoru Elşad Abdullayevin yaydığı məlum videolarda iştirakçılardan biri, dekabrın 26-da İstanbulda müəmmalı şəkildə dünyasını dəyişən Sevinc Babayeva və onun ətrafındakı hadisələr hər gün yeni bir rəng qazanır. Qəzetimiz bayram günlərində oxucularla görüşə bilmədiyi üçün dekabrın 31-dən yanvarın 5-dək bu istiqamətdə baş verən hadisələrin özətini sizin nəzərinizə çatdıraq.
Dekabrın 30-da S.Babayevanın Lökbatan qəbiristanlığında basdırılması ilə bağlı xəbər yayılsa da nə oğlu Ayxan Məmmədov, nə də yaxınları bu barədə mediaya hər hansı açıqlama vermədi. Amma ilin ilk günlərindən xəsisliklə başlanan açıqlamalar son iki gündə öz yerini silsilə müsahibələrə, şok açıqlamalara buraxdı. Həmin müsahibələrdə gənc oğlan anasının ölümündə başda sabiq YAP-çı deputat Gülər Əhmədova olmaqla bir çox məmurları günahlandırır, konkret adlar çəkərək hədəf göstərirdi.
Onu da vurğulayaq ki, A.Məmmədovun əsasən çox tanınmayan, populyarlıq qazanmamış xeberle.com, azpolitika.com, azxeber.com və sair kimi saytlara müsahibə verməsi də sual doğuran məqamlardan idi. Bu, onun daha çox razılaşdırılmış qaydada hərəkət etməsi ilə bağlı fikirləri möhkəmləndirirdi.
Sevinc Babayevanın oğlu “bomba partlatdı”
A.Məmmədov müsahibələrində bir qayda olaraq G.Əhmədovanı ittiham edir. O, xeberle.com saytına müsahibəsində deyib ki, bu işin axırına çıxacaq: “Onsuz da Gülər Əhmədovaya heç nəyi sübut etmək olmur. Elşad Abdullayevin əlində olan faktlara, videolara rəğmən Gülər Əhmədovaya heç nəyi sübut etmək olmur. Anamın son səs yazısı, mənim əlimdə olan faktlar da var. Amma ona sübut etmək olmur. Gülər Əhmədova niyə indiyədək həbs olunmur? Niyə ona yalnız ev dustağı kimi müvəqqəti cəza kəsirlər? Bu qədər fakt olan yerdə onu sadəcə istintaqa verirlər. Əslində isə Gülər Əhmədova heç kimdir. Onun arxasında duranlar var. Niyə axı Gülər Əhmədova anamı ora göndərməyinə baxmayaraq bir dəfə də olsun onunla maraqlanmayıb. Gülər Əhmədova bildirir ki, mən 100000 verərək ev dustaqlığını aldım. Deyir ki, mənim heç bir pulum yoxdur, mən hər yerə pul verirəm. Anamı ora göndərməyinə baxmayaraq heç bir köməklik etməyib. Anam ölməmişdən qabaq onun əri Fikrət Əhmədov ora gedərək anama 650 manat pul verib. İndiyədək o, həbs olunmayıb. Mən cavabların dəyişdiriləcəyini də gözləyirəm. Bunlardan hər şey gözləmək olar. Mən bu işin axırına gedəcəyəm. Bu işi belə qoymayacağam”.
A.Məmmədov bu açıqlamalardan sonra həyatına hansısa təhlükə olacağını da istisna etməyib. Deyib ki, bu həyatda onun anasından başqa heç kimi yox idi: “Bir quru canımdır, istəyirlər, onu da alsınlar”.
S.Babayevanın oğlu MTN-in ondan Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevə qarşı istifadə etməsi ilə bağlı deyilənləri isə təkzib edib. Deyib ki, heç bir qurumla əlaqəsi yoxdur: “Elşad Abdullayevlə də əlaqəm yoxdur. İndi oxuyuram ki, Gülər Əhmədova deyir, guya məni Elşad Abdullayev qorxudub onun əleyhinə müsahibələr verməyə təhrik edir. Amma belə deyil. Elşad Abdullayev mənə pul verib?! O, müsahibələrində deyib ki, Sevinc Babayevanın günahı yoxdur. O, pulu alıb aparıb verib Gülər Əhmədovaya ki, çatdırsın Ramiz Mehdiyevə. Pulu onlar yeyib. Mənim anam nə edib ki?! Anam neçə ildir Gülərlə düşmən olub ki, kişinin pulunu niyə yeyirsiniz, işi alındıra bilmirsinizsə, kişinin pulunu qaytarın getsin”.
A.Məmmədov deyib ki, anası ilə söhbətində tez-tez G.Əhmədova barədə danışırlarmış: “Anam deyirdi Gülərə tez-tez zəng vur, de ki, məni bura - Türkiyəyə necə göndərib, elə də geri qaytarsın. Dəfələrlə onunla danışmışdım. Hətta bir dəfə Gülər Əhmədovanın oğlu telefonu götürərək məni nalayiq söyüşlərlə təhqir etdi. Mən də dedim ki, sən qarışma bu işə. Gülər Əhmədova isə deyirdi ki, Ayxan bir az təmkinli olsa, hər şey yaxşı olacaq. Anama da həmin sözləri deyirdi: hər şey yaxşı olacaq, düzələcək. Sonuncu dəfə Türkiyədə olarkən - xalam da buna şahiddir, bu gün də istintaqda bu barədə ifadə vermişəm - Gülər Əhmədova deyirdi ki, 10-15 günə orda olarsan. Ramiz Mehdiyevlə danışmışam, kompozitorla danışmışam, hər şey yaxşı olacaq. Anamla skaypla danışırdı: ”Sənə təzə iş verəcəklər". “Kompozitor” deyəndə Gülər Əhmədova nazir Kəmaləddin Heydərovu nəzərdə tuturdu. Deyirdi gömrükdə sənə təzə iş verəcəklər. Boş-boş vədlər verirdi. Mənsə anama deyirdim ki, inanma bunlara".
A.Məmmədov anası ilə G.Əhmədova arasında skaypda baş verən söhbəti eşitdiyini, sonuncunun ona Gömrük Komitəsində işə düzəldəcəyi ilə bağlı vəd verdiyini deyib. O, anasının sentyabrın 25-də Türkiyəyə məhz G.Əhmədova tərəfindən yola salındığını da deyib.
A.Məmmədovun daha bir iddiası isə anasının G.Əhmədova tərəfindən zəhərlənməsi olub. “Azadlıq” radiosuna müsahibəsində gənc oğlan bir daha israr edib ki, anası G.Əhmədova ilə görüşəndən sonra halı pisləşib: “Anamla Bakıda görüşüb, sonra gedib çörək yeyiblər. Hansı restoran olub - bilmirəm, amma bilirəm ki, yayda olub. Gülər Əhmədova o vaxtdan bilirdi ki, videogörüntülər nə vaxtsa yayılacaq. Anamın halı pisləşəndən sonra mən onu neçə xəstəxanaya apardım. Heç yerdə dəqiq diaqnoz qoyulmurdu, həkimlər yığışıb müzakirə aparır, sonra da deyirdilər ki, bilmirik bu xəstəlik nədir. Deyirdilər birinci dəfədir belə halla üzləşirik. Bütün orqanizm sağlam idi, amma problemləri var idi. Yəni bilinmirdi onun xəstəliyi nədir”.
Müsahibədə o da vurğulanıb ki, G.Əhmədova S.Babayevanı Türkiyəyə göndərəndə “bu video söz-söhbəti ilə bağlı 3-4 günlük get Türkiyəyə, söhbətlər sakitləşsin, qayıt gəl” deyib: “O 3-4 gün bitmədi, sonda anamın meyiti gəldi”.
“Anama Məryəm Solmaz adını Gülər Əhmədovagil qoymuşdu”
S.Babayevanın ölkəni başqa sənədlə keçməsinə gəlincə isə A.Məmmədov deyib ki, bu, doğru məlumat deyil: “Anamın başqa sənədi olsaydı o, elə həmin sənədlə Azərbaycana gələrdi. Bilirsiniz ki, Türkiyədə heç bir sənəd olmadan heç kimi müalicə etmirlər. Anam xalamla birgə bir xəstəxanaya gedib, baxmayaraq ki, həkim azərbaycanlı olub, sənədi olmadığı üçün anamı müayinə etməkdən imtina edib”.
A.Məmmədov anasının Türkiyəyə yola salınmasını isə belə şərh edib: “Anam gecə mənə zəng etdi ki, gəl ”Domsovetə", Gülərin yanındayam. Dedim ana, gəl evə, evdə söhbət edək. Gəldi, dedi bəs nə edim, Gülər mənə deyir sən get, söhbət sakitləşsin, sonra gələrsən. Sonra da anama deyirdi ki, “narahat olma, hər şey yaxşı olacaq, Ramiz Mehdiyevlə danışmışam, hər şey düzələcək”. Mənə də o sözləri dəfələrlə deyib. Hər gün mən onu yığırdım, deyirdim “sən necə olur oturmusan evində, balalarının yanında, mənim anam isə yad bir yerdə”.
Həm Azərbaycanda, həm Türkiyədə istintaqda olduğunu deyən A.Məmmədov bir neçə ay əvvəl özü prokurorluğa getdiyini vurğulayıb: “Bir neçə ay əvvəl özüm getdim prokurorluğa. Dedim anamı Türkiyəyə filan tarixdə Gülər Əhmədova göndərib. Bu barədə yazılı izahatım var prokurorluqda. Mən anamın yerini bilirdim. İstanbuldadır, filan yerdədir, prokurorluğa hamısını yazmışdım. Bunlar anamın yerini bilirdi, amma hamısı bir oyun oynayırdı”.
Onun sözlərinə görə, anasının İnterpolun axtarışına verilməsi də oyun olub: “Bunlar hamısı yalandan idi. Onlar istəsəydi, anamı bir dəqiqəyə tapardı. Güləri götürüb aparardılar onun yanına. Gülərin əri Fikrət Əhmədov anam rəhmətə getməzdən əvvəl ona 650 manat aparıb verib”.
A.Məmmədov deyib ki, Türkiyədə anası G.Əhmədovanın adamlarının nəzarətində olub: “Anamı heç çölə çıxmağa da qoymurdu, ancaq maşınla aparıb-gətirirdilər. Çox güman ki, anamın pasportunu özləri itiriblər. Türkiyədə ona qoyulan Məryəm Solmaz adını Gülər Əhmədovagil qoymuşdu ki, tanıyan olmasın. Hamısı bunların öz oyunu idi”.
Elşad Abdullayevə pulunun əvəzinə bir çamadan kağız göndəriblər
Bu arada E.Abdullayev yeni və əvvəlkilərdən daha kəskin ittihamlarla çıxış edib. Onun yaydığı növbəti məlumatda bildirilir ki, 2006-cı ildə, onun ofisində keçmiş deputat Gülər Əhmədova və Sevinc Babayeva ilə sonuncu görüşündə G.Əhmədovadan verdiyi pulu qaytarmağı tələb edib: “Bu zaman Gülər pulları geri qaytarmaq əvəzinə məni küçə qadınlarının jarqonu ilə söyərək üstümə gəldi, təhdid edib qorxutmağa cəhd etdi, mənə qarşı xuliqanlıq etməyə başladı və dedi ki, ona heç nə edə bilmərəm, çünki arxasında Ramiz Mehdiyev dayanıb. Gülərin bu özbaşınalığı məni narahat etdi”.
E.Abdullayev yazır ki, buna görə də o, Ramiz Mehdiyevlə görüşmək üçün onun qardaşı, “Qurd qapısı” restoranının müdiri Mayis Mehdiyevə zəng edib. O da rektoru “Qurd qapısı”na dəvət edib və onlar görüşüblər. Sabiq rektor yazır ki, o, yaranmış vəziyyətlə əlaqədar M.Mehdiyevə iş otağında hər şeyi danışıb, R.Mehdiyevlə görüşmək istədiyini deyib. M.Mehdiyev ondan dediklərini sübut edə bilib-bilməyəcəyini soruşanda Abdullayev “Gülərgeyt” video görüntülərinin bir surətini M.Mehdiyevə verib. M.Mehdiyev videolara baxandan sonra orada S.Babayevanın dilindən səslənən bəzi intim səciyyəli söhbətə əsəbiləşib və ABU rektoruna kömək etməyə söz verib.
E.Abdullayevin iddiasına görə, o, M.Mehdiyevlə söhbət edən zaman R.Mehdiyev öz qardaşının mobil telefonuna zəng edərək deyib ki, o, yanındakı E.Abdullayevə G.Əhmədovadan əl çəkməli olduğunu, reketlik etməməsini desin. M.Mehdiyev isə qardaşına deyib ki, o, “Gülərgeyt”in bütün videolarına baxıb, E.Abdullayev reketlik etmir, onun işi düzəlmədiyi üçün pulunu qaytarmaq lazımdır.
E.Abdullayev yazır ki, bu söhbətdən 2-3 həftə sonra Baş Prokurorluqdan Nazir Quliyev və digərləri gəlib ABU-da, qeyri-dövlət təhsil müəssisəsində korrupsiyaya qarşı mübarizə adı altında yoxlama apardı: “Mayis Mehdiyevlə söhbətimizin nəticəsi olaraq səhəri günü Binəqədi rayonunun icra başçısı Alı Qocayev mənə zəng edib dedi ki, axşam saat 6-da 9-cu mikrorayonda, ”Lalə" restoranının həyətində onun köməkçisindən pullarımı geri götürə bilərəm. Mən Alı Qocayevin səsindən şübhələndim və özümlə hazırlıqlı bir idmançı da götürdüm. Qocayevin dediyi yerə həmişə onun qəbul otağında oturan qalstuklu köməkçisi əlində mənim verdiyim pul çamadanı və idman paltarında 5 saqqallı idmançı gəlmişdi. Alı Qocayevin köməkçisi çamadanı mənə verib tez qaçıb icra hakimiyyətinin maşınında oturdu. Bu zaman saqqallı idmançılar mənə hücum etdi və yenidən çamadanı məndən almaq istədilər. Özümü qorumaq məcburiyyətində qaldım, mənim hazırlıqlı idmançım işə qarışanda saqqallı idmançılar qaçmalı oldu. Biz isə maşına gəlib çamadanı açdıq. Alı Qocayev çamadana pul yerinə kağız parçaları qoymuşdu. Başa düşdük ki, saqqallı idmançılar çamadanı alıb qaçdıqdan sonra Qocayev “nə edə bilərəm, sizin pulunuzu verdim, siz saxlaya bilmədiniz, oğurlatdınız” deyəcəkdi".
Sabiq rektor qeyd edir ki, bu özbaşınalıqdan əsəbiləşərək hadisə yerindən birbaşa “Qurd qapısı” restoranına gedib və kağız dolu çamadanı Mayis Mehdiyevə göstərərək tələb edib ki, bu oyunbazlığa son qoyulmasa, mətbuat konfransı keçirib bütün dünyaya məlumat verəcək: “Bundan bir gün sonra Mayis Mehdiyev bir daha Novxanıdakı bağ evində Ramiz Mehdiyevin arvadı Qalina Yuryevnaya olduqca sərt qaydada şikayət etdi.
Bundan sonra həmin vaxt günün birinci yarısı Təhsil Nazirliyinin idarə müdiri İlham Pirməmmədov məni təcili yanına dəvət edib dedi ki, başa düşmürəm nədir, Alı Qocayev mənim yerlim, qohumumdur, sizə bir çamadan pul göndərib, say götür, sizə çatacaq. Mən Pirməmmədovun iş otağında pulları sayıb təhvil aldım. 500 min dollardan 1500 dollar əskik gəldiyini Pirməmmədova bildirib pulun yarısını geri aldım”.
Daha sonra E.Abdullayev S.Babayevanın oğlu Ayxan Məmmədovun anasının ölümündə G.Əhmədovanın günahkar olması haqda təkzibolunmaz sübutlarla bəyanat verməsini xatırladaraq qeyd edir ki, belə zəhərləyici maddələr yalnız xüsusi xidmət orqanlarında ola bilər.
Sabiq rektor “Gülər hələ də oyanmayıb” deyə bu gedişlə onun Sevincin aqibətini yaşayacağına eyham edir: “Unutmasın ki, o, artıq yeganə, həlledici şahiddir. Onu aradan götürməklə hər şeyə nöqtə qoyula bilər”.
Gülər Əhmədova ev dustağı olduğunu deyir, prokurorluq isə...
G.Əhmədova “cəbhəsində” isə vəziyyət qeyri-müəyyəndir. Sabiq deputatı ev dustağı edərək polis nəzarəti altına alıblar. Bu barədə o, haqqin.az saytının əməkdaşı ilə söhbətində bildirib.
Rüşvətxorluqda vasitəçilik etməsi barədə yayılmış ifşaedici videomateriallarda adı keçən və görüntüləri görünən sabiq deputat barədə qətimkan tədbirini Nəsimi Rayon Məhkəməsi çıxarıb.
“Mən hər gün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşına, sahə müvəkkilinə evimdə olduğuma dair iltizam verirəm” - deyə G.Əhmədova durumunu izah edib və bundan başqa heç bir suala cavab verməyərək vəkillərinin yeni müdafiə taktikası seçəcəyinə istinad edib. Yeri gəlmişkən, Əhmədovanın hüquqlarını əcnəbi vəkillər də daxil bir qrup vəkil müdafiə edəcək.
“Əgər ehtiyac olsa, vəziyyətə özüm aydınlıq gətirəcəyəm, daha Elşad Abdullayevin bəyanatlarını şərh etməyəcəm” - deyə G.Əhmədova bildirib. O, həyat yoldaşı Fikrət Əhmədovun AzTV-də vəzifədən kənarlaşdırıldğını da təsdiq edib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə G.Əhmədovanın ev dustağı olması ilə bağlı yazılanları şayiə adlandırıb. O, “Yeni Müsavat”a deyib ki, A.Məmmədovun iddialarına, habelə sözügedən mövzuda bəzi gəlişmələrlə bağlı müvafiq açıqlamalar verəcəklər. E.Sultanov A.Məmmədovun “prokurorluq anamın yerini bilirdi” açıqlamasını da “yanlış fikirlər” adlandırdı. O, “Əhmədovanın həbsi gündəmdədirmi” sualına cavabda isə ənənəvi cavabı verdi: “İstintaq tədbirləri gedir, gedişatı izləyirik, ictimaiyyəti məlumatlandıracağıq”.
Gülər Əhmədova mərhum rəfiqəsinin oğlunu qınadı
G.Əhmədova isə günlərdir “Yeni Müsavat”a qoyduğu embarqonu dünən aradan qaldırdı və müxbirimizlə söhbətində səmimi açıqlamalar verdi. Sabiq deputat söhbətə “sizdən (medianı nəzərdə tutaraq-red.) incimişəm” deyərək başladı: “Media mənim təqsirsizlik prezumpsiyamı ciddi şəkildə pozub. Başıma haqsız bir iş gəldiyi halda konstitusion hüququmu da pozdular. Sizin qəzet 1 ay 4 gün məni manşetdən düşürmədi. 16 ildir millətin yolunda can qoyan birinin - mənim üstümdən bir günün içində xətt çəkdiniz. Necə olur ki, 20 ildir tələbələrin qanını soran Elşad Abdullayev haqda ”hörmətli Elşad Abdullayev" yazırsınız, amma mənim haqqımda “dələduzluqda ittiham olunan Gülər Əhmədova?”
Üç dönəm deputatlıq etdiyini xatırladan G.Əhmədova bu günə qədər bu xalq üçün xeyli iş gördüyünü də vurğuladı. Onun sözlərinə görə, “dostları” mediada ona xoş üz göstərib, bu məqamda arxadan zərbə vuranları da görüb: “Sosial şəbəkədə adımdan nələr yazdılar. Sizsə ona inanıb xəbər düzəltdiniz. Bu, nə hüquq, nə insanlıq çərçivəsinə sığırdı”.
A.Məmmədovun dedikləri ilə bağlı şərh vermək istəmədiyini vurğulayan G.Əhmədova “ölməsək, sağ qalsaq, hər şey üzə çıxacaq” dedi: “Həyat burda bitmir ki. Ayxanın yarası təzədir. Ana itkisi ağırdır. Onu bu ağrı danışdırır. Təcrübəsiz uşaqdır. Əvvəldən deyirəm, təmkinli olsun. Vaxtı gələndə hamı hər şeyi biləcək”.
S.Babayevanın Türkiyəyə göndərilməsi, G.Əhmədovanın adamlarının onu mühafizə etməsi, həyat yoldaşının ona orada pul verməsi ilə bağlı iddialara gəlincə isə sabiq deputat bunları da təkzib etdi: “O uşaq çox nağıllar danışır. Cavandır, beyni də fantaziyalarla doludur. O, indi oturub anasına ”Yasin" oxutdurmalıdır. Ona məsləhət görürəm ki, istintaqa verdiyi ilk ifadələrini yadına salsın".
G.Əhmədovaya S.Babayeva tərəfindən yazılan məktubun istintaqda olduğunu xatırlatdıq. O isə buna cavab olaraq “Sevincin məktubu varsa, qoy oğlu çap etsin. Heç nədən narahat deyiləm” dedi.
Sabiq deputat “həbsinizə hazırlıq getməsi, Ayxan Məmmədovun da bu səbəbdən belə açıqlamalar verməsi ilə bağlı məlumat var” rəyimizə isə belə cavab verdi: “Dünyada hamı həbs oluna bilər. Siyasətdə olan adamam, siyasətin hər üzünü görmüşəm. Bunu da faciə kimi qəbul etmirəm. Hamıdan qabaq istintaqa yardım üçün mandatımdan imtina etdim. Zaman gələcək, sizin kimi jurnalistlər yazacaq ki, ilk dəfə bir deputat istintaqa yardım üçün öz mandatından imtina etdi”.
Sabiq deputata E.Sultanovun açıqlamasına əsasən üzərində ev dustaqlığı olmadığını xatırlatdıqda isə dedi ki, bu, onun üçün yenilikdir: “Deməli, mən düzgün başa düşməmişəm”.
musavat.com