Medianews.az
PARİSDƏN YAYILAN YENİ VİDEO ÖLKƏNİ QARIŞDIRDI
152 baxış

PARİSDƏN YAYILAN YENİ VİDEO ÖLKƏNİ QARIŞDIRDI

Sabiq ABU rektorunun Fransadan tələb olunması təsdiqləndi
Elnur Məcidli: “Elşad Abdullayev Fransa dövlətinin qoruması altındadır”; adı videoqalmaqalda keçən qadın “Yeni Müsavat”a nələr dedi; Sevinc Babayeva isə İnterpol xətti ilə beynəlxalq axtarışa verildi

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev redaksiyamıza yeni video göndərib. Video Elşad Abdullayevlə Rövşanə adlı qadının söhbətini əks etdirir. E.Abdullayev əvvəlki müraciətlərində bu qadının adını hallandırıb. Bildirib ki, onu Arzu Kazımovla məhz bu qadın tanış edib. Rövşanə sabiq rektoru əmin edib ki, qardaşı Mahir Abdullayevin tapılmasında A.Kazımov ona yardımçı ola bilər. Elşad Abdullayevin iddialarına görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun anası Hacı Simuzər xanımın adı ilə onunla danışan da Rövşanə olub.

 

Rövşanə Əliyeva ilə Arzu Kazımovun oğlu Mahir Abdullayevi gətirdir?

 

“Azadlıq” qəzetinin dünən yaydığı videoda isə E.Abdullayevlə Rövşanə Əliyeva adlı qadının söhbəti öz əksini tapır. Söhbətdə tərəflər Mahir Abdullayevin gətirdilməsindən danışırlar. Videoda Rövşanə deyir ki, Arzu Kazımovun oğlu Zaur Mahir Abdullayevin gətirilməsində iştirak edir. Hətta elə görüş zamanı R.Əliyevanın telefonuna A.Kazımovun oğlundan zəng gəlir. Salamlaşandan sonra qadın telefonu E.Abdullayevə verir. Sonuncu isə Zaur Kazımov adlı şəxslə telefonla danışarkən “Mahirlə görüşə bildiniz? Hə... Hə... Hə... Sən Allah? Getmişdin, götürüb gələydin də... Alaydın qucağına. Hə, hə, hə. Qaydasına qoyulacaq, hə. Sağ ol, əzizim, sağ ol, onlar xırda şeylərdir. Sağ ol, qadan alım sənin. Şeydi... Papan ordadır, yoxsa o da gəlir? İndi zəng edirəm, götürmür. Ona de ki, Mahirsiz gəlməsin” kimi cümlələr işlədir.
E.Abdullayev ardınca isə daha israrlı davranaraq “Sən mənim canım. Zaur, biz hüquqşünas adamıq. Arzu müəllimlə danış. De, dədə, Mahirsiz gəlmə. Otur orada” deyir və qardaşının gətirdilməsi üçün israr edir. Bu yerdə R.Əliyeva israrla Zaurun M.Abdullayevi gətirəcəyini deyir: “Quran haqqı, Zaur gətirəcək onu. ”Boyevoy" uşaqdır, deyir özüm gətirəcəm. Quran haqqı..."
Tərəflər arasındakı dialoq daha sonra bu formada davam edir:
Elşad Abdullayev: Bu günə Mahiri tapa biləcəyik, görəsən?
Rövşanə: İnşallah!
Elşad Abdullayev: Zaur, sən özün gətirə bilməzsən?
Rövşanə: Narik bunun dostudur. Sən nə danışırsan?!
Elşad Abdullayev: Ay sənin canıvı yeyim. Nə vaxt şəhərdə... Bu günləri? Sən indi Azərbaycandasan, yoxsa o tərəfdəsən? Bu gün Mahirlə görüşə biləcəyik, qadan alım?
Rövşanə: İnşallah, inşallah, inşallah. Sən Zaurdan tut eee. Onun ayağı quşdur.
Elşad Abdullayev: Gözləyirəm də. Sən şəhərdə nə vaxt olacaqsan, qadan alım?
Rövşanə: Sən Zaurdan tut eee. Ürəyimiz Zaurdur.
Elşad Abdullayev: Saat yarımdan sonra Mahirlə görüşürük də? Qadan alım sənin. Qadan alım sənin... Tez gəl eee, xəbərin yoxdur sənin, tez gəl".

***

Rövşanə Əliyeva: “Mən bu məsələdə çox kiçik fiquram”

Elşad AbdullayevE.Abdullayev bu videonu göndərməklə qardaşının oğurlanması işində kimlərin hansı formada iştirak etdiyini göstərməyə çalışıb. Videoda görünən və E.Abdullayevlə danışan Rövşanə Əliyeva isə “Yeni Müsavat”a açıqlamasında bu videonu montaj adlandırdı: “İstintaqda yoxdur bunlar? İstintaq görmür bunu? Siz nə istəyirsiniz məndən?”
R.Əliyeva “Yeni Müsavat”a açıqlamasında barəsində yayılanları böhtan və şər adlandırdı. “Mən bu məsələdə çox kiçik fiquram” - deyən R.Əliyeva E.Abdullayevin dövlətlə uğraşdığını vurğuladı: “Sadəcə, mənim kimi adamların adını çəkir, hansı ki, o institutda işləyib, şantaj edir. Mənim ona verəcək pulum yoxdur. Nə də mən onunla bazarlıq edib pul almamışam. O videoda Elşadın bacısı, qardaşı da var idi. Onları da danışdırsaydı, deyərdim hə. Heç mən bilmirəm, o videoda nəyin sualını verib, nəyin cavabını alıb. Bu şeylərə görə məni narahat etməyin. Mən ”Azadlıq" qəzetini bu məsələyə görə məhkəməyə verəcəyəm. Heyf mənim xalq hərəkatındakı əziyyətlərimə. Heyf bu mücadiləmdən. Kaş mən YAP-çı olaydım. Onda bu əziyyəti çəkməzdim".
R.Əliyeva “o videodakının siz olduğunuzu etiraf edirsinizmi” sualına cavabda isə “bəli, mənəm” dedi: “Amma Allaha and olsun ki, şantajdır. Mən orda işləyirdim. İşimlə əlaqədar otağına getdim. Nə bilim məni niyə çağırdı, nə soruşdu. İndi nə istəyir, eləsin. Mahirlə mənim heç bir tanışlığım, əlaqəm olmayıb. Mənim tanıdıqlarım onların qardaşı Eldənizlə bacısı Səbirədir. Başqa heç kimi tanımıram. Mən cinayətkaram? Bu adamın başı xarab olub. Məndən nə istəyir axı? Mənimlə onun problemi ondan başlayıb ki, bu, mənə pul təklif edib, mən də götürməmişəm. O vaxt bu vaxtdır onun mənimlə problemi vardı”.
R.Əliyeva dedi ki, E.Abdullayev ondan Zahid Dünyamalıyevin (daxili işlər nazirinin mərhum müavini-red.) üstünə şər atmasını istəyib: “Mən də dedim, o adamı tanımıram, bilmirəm. Dedim, sənin özünə fikrin getməsin, sən deyirsən ki, istədiyim adamı şərləyib tutdururam. Mən ona şər atmamışam.

Onlara şər atmamışam, heç elə fikrim də yoxdur. Bütün bunlar Elşadın uydurmalarıdır”.
R.Əliyeva videoda üzü görünməyən, amma onunla eyni masa arxasında oturan şəxslərin E.Abdullayevin bacısı ilə qardaşı olduğunu dedi: “Mən ora küçədən getməmişəm. Orada işləyirdim, indiyə qədər də sənədlərim ordadır. Mən Mahirin yerini heç yerdən də bilmirdim. Qardaşı Eldənizlə bacısı gündə danışırdılar. Hər gün bir avaz deyirdilər. Heç bu suala da cavab vermirəm. Qardaşı ilə bağlı kimdən narahatdırsa, ondan da soruşsun. Mənim onun qardaşı ilə bağlı tanışlığım yoxdur. Uydurmadır”.
R.Əliyeva “Qafqazinfo”ya açıqlamasında deyib ki, onun nə hansısa səlahiyyəti, nə arxasında duran adamı var: “Allahdan başqa heç kimim yoxdur. Elşad Abdullayev məni dəfələrlə silahla təhdid edib, öldürmək istəyib. Arzu Kazımov və Zahid Dünyamalıyevlə mənim heç bir əlaqəm yoxdur. Mən nə Gülər Əhmədovayam, nə də Sevinc Babayeva. Məni heç kimlə səhv salmasın”.
R.Əliyeva qeyd edib ki, o, E.Abdullayevlə heç bir pul bazarlığı etməyib: “Mən Azərbaycanın müstəqilliyi uğrunda tələbələrlə mitinqlər təşkil edəndə Elşad Abdullayev kənddə mal peyini satırdı. Mən ona dedim ki, əl çək bu çirkin oyunlarından”.
R.Əliyeva onu da əlavə edib ki, E.Abdullayev öz qızını Zaurla nişanlamaq istəyirdi: “Zaurun da nişanını müxtəlif vasitələrlə qaytartdırdı. Elşad Abdullayev demokrat deyil. Mənim Avropanın istənilən qurumunda müraciətlərim var, mən millətçiyəm. O, yaydığı videolarda öz danışığını kəsir, qarşı tərəfi yayımlayır. Ona görə də söhbət tam anlaşılmır”.
Videoda Mahir Abdullayevlə bağlı hissəyə də aydınlıq gətirən R.Əliyeva qeyd edib ki, E.Abdullayev yaydığı videolarda qardaşının itkin düşməsi ilə bağlı hamını ittiham edir: “Allah bu psixdən hamını hifz etsin. Mən dövlətdən təhlükəsizliyimlə bağlı təminat istəyirəm. Eyni zamanda hüququm pozulub, hüquqlarımın bərpa olunmasını da tələb edirəm. O, qardaşını belə axtarmasın. Hansı qapıda toyuq itirib, getsin xoruzunu orada da axtarsın”.

Sevinc Babayeva... qaçdı və... axtarılır

Sevinc BabayevaElşad Abdullayevin yaydığı qalmaqallı videoda vasitəçi qismində adı hallanan Sevinc Babayeva beynəlxalq axtarışa verilib. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, S.Babayeva ölkədən qaçdığı üçün onu respublikada həbs etmək mümkün olmayıb. Azərbaycan hüquq-mühafizə orqanları S.Babayevanın hansı ölkədə gizləndiyini müəyyən edərək onun tutulması üçün İnterpola müraciət edib.
Artıq S.Babayevanın beynəlxalq axtarışda olması barədə məlumat İnterpolun rəsmi internet səhifəsində də yerləşdirilib. İnterpolun saytında S.Babayevanın dələduzluq faktı ilə əlaqədar Azərbaycan tərəfindən axtarıldığı qeyd edilir: (http://www.interpol.int/Wanted-Persons/%28wanted_id%29/2012-350748)
Xatırladaq ki, APA bir müddət əvvəl S.Babayeva ilə bağlı hələ bir neçə il əvvəl dələduzluq faktına görə cinayət işinin başlanmasına dair məlumat yaymışdı. Həmin məlumata görə, S.Babayeva bir neçə il əvvəl dələduzluqda ittiham edilib. O, 2009-cu ildə torpaq alğı-satqısı adı ilə vətəndaşlara 100 min manatdan artıq ziyan vurub. Həmin fakt üzrə o vaxt Bakının Sabunçu Rayon Polis İdarəsinə daxil olan şikayət əsasında dələduzluq faktına görə cinayət işi başlanıb və S.Babayeva məsuliyyətə cəlb edilib. İstintaq zamanı S.Babayeva tərəfindən vətəndaşlara dəymiş ziyanın əsas hissəsi ödənildikdən sonra işə xitam verilib.
Hüquq-mühafizə orqanlarından həmçinin bildirilib ki, S.Babayevanın vətəndaşlara qarşı bundan başqa da dələduzluq əməlləri olub. Qeyd edək ki, sentyabrın 25-də internetdə E.Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video material yayılıb. Bundan sonra deputat G.Əhmədova istintaqa çağırılaraq dindirilsə də S.Babayeva ölkədən qaçdığı üçün onun ifadəsini almaq mümkün olmayıb.

Fransa səfirindən kobud tələb

“Yeni Müsavat”ın ötən sayında “Elşad Abdullayevi Fransadan almaq istəyirlər” başlıqlı yazı dərc etmişdik. Yazıda ABU-nun keçmiş rektoru Elşad Abdullayevin Fransadan Azərbaycana ekstradisiyası üçün fəal iş aparıldığı qeyd edilmişdi.
Dünən isə avropa.info saytı bu informasiyanın davamı olaraq yazıb ki, bir neçə gün öncə ölkənin siyasi gündəminə təsir imkanları böyük olan iri ranqlı məmurlardan biri Fransanın Azərbaycandakı səfiri Paskal Mönienlə danışıqlar aparıb. Görüş başlar-başlamaz Azərbaycan rəsmisi səfirin üzərinə hücuma keçərək Elşad Abdullayevi cinayətkar adlandırıb və Fransa hökumətini onu himayə etməkdə suçlayıb. Bildirilib ki, Elşad Abdullayev Azərbaycana verilməyəcəyi təqdirdə iki ölkə arasındakı münasibətlərə zərbə dəyəcək.
Səfir isə öz növbəsində Fransanı təmsil etdiyini və heç kimin onunla təzyiq dili ilə danışmağa haqqı olmadığını deyib. Bundan sonra azərbaycanlı məmur səfirlə mülayim tərzdə danışaraq Fransa hakim dairələrindəki nüfuzundan istifadə edərək Elşad Abdullayevin ölkəyə gətirilməsinə köməkçi olmasını xahiş edib. Səfir Paskal Mönien isə bunun ölkəsinin qanunlarına zidd olduğunu və sabiq rektorun Fransa hökuməti tərəfindən qorunduğunu deyib. Fransalı diplomat bu işdə heç bir köməyinin ola bilməyəcəyini məmurun diqqətinə çatdırıb.
E.Abdullayevin sözçüsü, Fransada yaşayan blogger Elnur Məcidli isə “Yeni Müsavat”a açıqlamasında sabiq rektorun ölkəyə qaytarılması üçün çabalar olduğunu təsdiqlədi: “Azərbaycan hakimiyyətinin Elşad Abdullayevi Azərbaycana ekstradisiya etmək cəhdləri uğursuz alınıb. Bu baxımdan Siyavuş Novruzov və bənzər məmurların səsləndirdiyi fikirlər boş qazan səsindən başqa bir şey deyil, qulaq batırır, ancaq içi boşdur. Hazırkı hakimiyyət hüquqi, diplomatik, siyasi, İnterpol və s. yollardan istifadə etməklə Elşad Abdullayevi geri qaytarmaq istəsə də bu, baş tutmayıb”.
E.Məcidli sabiq ABU rektorunun mühafizəsindən də danışdı: “Elşad Abdullayev Fransa dövlətinin qoruması altındadır. Ekstradisiya cəhdləri bundan sonra da uğursuz olacaq. Bu məsələ istənilən qədər pul xərcləsələr, adam tapıb pul versələr də mümkün olan deyil. Özləri də bunu bilirlər. Bu baxımdan Bakıdan Parisə hədə-qorxu gəlmək sadəcə gülünc vəziyyət yaradır. Mən bir vətəndaş olaraq bu hakimiyyətin sözçülüyünü edənlərə, başında duranlara tövsiyə edirəm ki, bu cür əməllərlə gülünc duruma düşməkdənsə Elşad Abdullayevin ortaya qoyduğu videofaktlar və sənədlər əsasında iş görsünlər və heç olmasa cinayət işlədiyi təsdiqlənmiş şəxsləri cəzalandırsınlar”.

musavat.com

Bizə qoşulun